BAYRAQDAR MEDİA – Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Migel Anxel Navarrete Azərbaycanın bu ölkədəki səfirliyinə təbrik məktubu ünvanlayıb. Məktub Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpasının 31-ci ildönümü ilə əlaqədar ünvanlanıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 26-da Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, məktubda Azərbaycanın bu illər ərzində dünyada suveren və mütərəqqi bir ölkə kimi möhkəmləndiyi, Latın Amerikası regionundakı ölkələrlə, o cümlədən Meksika Birləşmiş Ştatları ilə əməkdaşlıq və dostluq əlaqələrini genişləndirdiyi qeyd olunub: “Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin aparılması, öz torpaqlarına təhlükəsiz və dinc qayıdışın təmin olunması, habelə regionda sülhün və sabitliyin bərqərar olunması istiqamətində göstərilən səylərin alqışlandığı vurğulanıb”.
Məktubda həmçinin, vətənin suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərə rəhmət dilənilib, bütün Azərbaycan xalqına başsağlığı ifadə olunub.