Press "Enter" to skip to content

Gün gələcək, Qərbi Azərbaycanda görüşəcəyik

Millət vəkili Hikmət Babaoğlu

Son yeniləmə: 28 Mart 2023 10:41

Hikmət Babaoğlu: Azərbaycan Prezidentinin bu əminliyi, bu qətiyyəti hər bir azərbaycanlıda öz tarixi torpaqlarımıza qayıtmaq üçün ümid yaradır və hamımıza fəaliyyətimizi məhz bu istiqamətdə qurmaq üçün yeni stimul verir

BAYRAQDAR MEDİA – “Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də – öz doğum günündə Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə görüşü tarixi görüşdür. Ona görə ki, hazırda yaranmış yeni reallıqlar kontekstində xalqımızın qarşısında duran ən mühüm strateji vəzifələrdən biri tarixi torpaqlarımıza, Qərbi Azərbaycana qayıtmaqdır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Ermənilər Qərbi Azərbaycanda da vandallıq törədiblər

Millət vəkili qeyd edib ki, ermənilər 30 il müddətində işğal altında olan Azərbaycan torpaqlarını tar-mar edib, dağıdıb, orada əcdadımızın tarixi mirasını yer üzündən siliblər: “Ermənilər eyni zamanda yüz ildən çoxdur ki, Qərbi Azərbaycanda da eyni fəaliyyəti həyata keçirib. Buna görə də hazırkı mərhələdə Qərbi Azərbaycan İcmasının da, Azərbaycan xalqının da qarşısında duran əsas vəzifələrdən biri erməni vandallığını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarətdir”.

Bu gün Zəngilana – Ağalıya o torpaqlarımızı görməmiş yeni nəslin qayıdışını da təmin edən məhz tarixi yaddaşdır

H.Babaoğlunun sözlərinə görə, Azərbaycan Prezidenti görüşdəki çıxışında bu gün təntənəsini yaşadığımız Böyük Qayıdışın reallaşmasını həm də xalqımızın tarixi yaddaşı ilə əlaqələndirdi: “O, qeyd etdi ki, bu gün Zəngilana – Ağalıya o torpaqlarımızı görməmiş yeni nəslin qayıdışını da təmin edən məhz tarixi yaddaşdır. Ona görə də məhz bu yaddaşın bütövlüyü bizi Qərbi Azərbaycan topraqlarına da qaytaracaqdır. Azərbaycan xalqı 30 il müddətində işğal altında olan torpaqlarını azad etmək üçün dəmir yumruq ətrafında birləşərək, necə monolit həmrəylik nümayiş etdirdisə, indi də məhz bu birliyi davam etdirərək, Qərbi Azərbaycana, tarixi torpaqlarımıza qayıtmağı bacarmalıdır. Azərbaycan Prezidenti məhz tarixi ardıcıllıq baxımından da ata-baba torpaqlarımıza qayıtmağımızı bu mənada rəmzi olaraq açılışını etdiyi bina ilə əlaqələndirərək vurğuladı ki, vaxtilə bu binada yerləşən Qarabağın Azərbaycanlı İcması bu gün əziz Şuşaya qayıtdısa, bir gün gələcək bu gün burada fəaliyyətə başlayan Qərbi Azərbaycan İcması nümayəndələri də öz evlərinə qayıdacaqlar”.

Deputat, “Hesab edirəm ki, Azərbaycan Prezidentinin görüşdəki çıxışı strateji məqsədlərimizə çatmaq üçün konseptual və proqram xarakterli olmaqla, əslində, Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsidir. Dövlət başçısı qeyd etdi ki, bunun üçün hər şeydən öncə biz bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmağı bacarmalıyıq. Orada əcdadlarımızın yaratdığı maddi-mədəni irsi ermənilərin barbarcasına necə dağıtdıqlarını, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda necə yaşamaq hüququmuzun olduğunu bütün dünyaya çatdırmalı və o torpaqlara qayıtmağımız üçün hüquqi-informativ mühit formalaşdırmalıyıq. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qarşısında məhz bu məsələləri vəzifə kimi qoyaraq onun milli maraqlarımız baxımından nə qədər strateji olduğunu əsaslandırdı. Buna görə də təkcə Qərbi Azərbaycan icmasının nümayəndələri deyil, Azərbaycan xalqının hər biri bu milli məqsədlər və vəzifələr ətrafında sıx birləşməklə, Böyük Qayıdışımza öz töhfəsini verməlidir” deyib.

Bunların hamsının bir məqsədi olub

Millət vəkili həmçinin, “Prezident İlham Əliyev çıxışında xalqımızın başına gələn faciələr kontekstində iyirminci əsrdə baş verən hadisələri yenidən qiymətləndirdi. 1903-05-ci illərdə, 1918-ci ildən başlamış 1988-91-ci illərə qədər olan hadisələrin hamısına bir növ yenidən siyasi qiymət verdi. Həmin hadisələr fərqli olsa da nəticə etıbarı ilə bunların hamısının məqsədi Azərbaycan xalqına qarşı soyqırımı törətməkdən ibarət olub. Məqsəd müxtəlif imperialist mərkəzlərin Ermənistan dövlətini yaradaraq, Azərbaycanın bütöv coğrafiyasını parçalamaqdan ibarət olub. Bu mənada Azərbaycan xalqı uzun illər çox böyük məşəqqətlərə düçar edilib” deyib.

Gün gələcək biz belə görüşü Qərbi Azərbaycanda keçirəcəyik

Onun sözlərinə görə, məhz buna görə də hazırkı şəraitdə, böyük tarixi Zəfər kontekstində Azərbaycanlılar tarixi ədaləti və beynəlxalq hüququ bərpa etməkdə qətiyyətli olmalıdır: “Bu baxımdan Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər bundan sonrakı fəaliyyətimiz üçün xüsusi proqram kimi qəbul olunmalıdır. Biz tarixi ədaləti və tarixi bütövlüyümüzü bərpa etməliyik. Cəmi bir neçə il bundan əvvəl məcburi köçkünlərlə görüşən zaman cənab Prezident deyirdi ki, biz topraqlarımıza qayıdacağıq. Bu gün artıq bu reallıqdır. Cənab Prezident əminliklə dedi ki, gün gələcək, biz belə görüşü Qərbi Azərbaycanda keçirəcəyik. Azərbaycan Prezidentinin bu əminliyi, bu qətiyyəti hər bir azərbaycanlıda öz tarixi topraqlarımıza qayıtmaq üçün ümid yaradır və hamımıza fəaliyyətimizi məhz bu istiqamətdə qurmaq üçün yeni stimul verir”.

Mission News Theme by Compete Themes.