“Qərbi Azərbaycan məsələsinin təbliğində informasiya məkanı və gənclərin rəqəmsal fəallığı” mövzusunda tədbir keçirilib
BAYRAQDAR MEDİA – Abşeron rayonunda Qərbi Azərbaycan İcmasının Abşeron rayon üzrə nümayəndəliyi və Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan məsələsinin təbliğində informasiya məkanı və gənclərin rəqəmsal fəallığı” mövzusunda tədbir keçirilib.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Məlumata görə, tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova Qərbi Azərbaycan məsələsinin milli yaddaşın qorunması və gənc nəslin vətənpərvərlik ruhunda formalaşması baxımından əhəmiyyətinə toxunub. O qeyd edib ki, xalqın tarixi keçmişinin, milli-mədəni irsinin və doğma yurd yerləri ilə bağlı yaddaşının qorunması hər bir vətəndaşın mənəvi məsuliyyətidir. Bu istiqamətdə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, ziyalılar və gənclər arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Gülnar Rəhimova xüsusilə gənclərin ictimai proseslərdə fəal iştirakının, milli-mənəvi dəyərlərə bağlılığının və müasir informasiya texnologiyalarından məqsədyönlü istifadəsinin vacibliyini vurğulayıb. Bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılması yalnız tarixi məlumatlandırma deyil, həm də milli kimliyin, tarixi yaddaşın və vətəndaş məsuliyyətinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəsi Bilman Vəliyev çıxışında Qərbi Azərbaycan məsələsinin tarixi, ictimai və milli-mənəvi aspektlərinə diqqət çəkib. O vurğulayıb ki, Qərbi Azərbaycanla bağlı tarixi yaddaşın qorunması, Azərbaycan xalqının həmin ərazilərdəki çoxəsrlik yaşayışının, zəngin mədəni irsinin, adət-ənənələrinin və tarixi izlərinin öyrənilməsi mühüm vəzifələrdəndir.
Bilman Vəliyev qeyd edib ki, bu istiqamətdə aparılan fəaliyyət yalnız keçmişin öyrənilməsi ilə məhdudlaşmamalı, mövcud tarixi sənədlərin, arxiv materiallarının, fotoşəkillərin, şifahi tarix nümunələrinin və digər mənbələrin toplanması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsini də əhatə etməlidir.
Onun sözlərinə görə, Qərbi Azərbaycan həqiqətlərinin ictimaiyyətə və beynəlxalq auditoriyaya çatdırılmasında informasiya vasitələrinin, xüsusilə sosial şəbəkələrin imkanlarından səmərəli istifadə olunması vacibdir.
İcma nümayəndəsi gəncləri bu istiqamətdə maarifləndirmə işlərinə fəal qoşulmağa, ailə yaddaşında qorunan məlumatları araşdırmağa, tarixi faktları öyrənməyə və əldə etdikləri bilikləri müasir kommunikasiya vasitələri ilə paylaşmağa çağırıb.
Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal isə çıxışında müasir informasiya mühitinin imkanları, rəqəmsal kommunikasiya strategiyaları və Qərbi Azərbaycan həqiqətlərinin internet məkanında təbliğinin aktual məsələlərindən danışıb.
O bildirib ki, müasir dünyada informasiya resursları ictimai rəyin formalaşmasında, tarixi və mədəni həqiqətlərin tanıdılmasında, milli maraqların beynəlxalq informasiya müstəvisində ifadə olunmasında mühüm rol oynayır. Bu baxımdan Qərbi Azərbaycan məsələsinin təbliği sistemli, ardıcıl, peşəkar və müasir kommunikasiya yanaşmalarına əsaslanmalıdır.
Zamin Zeynal diqqətə çatdırıb ki, sosial media platformaları, rəqəmsal media resursları, videomateriallar, elektron arxivlər, podkastlar, infoqrafikalar və xarici dillərdə hazırlanmış informasiya məhsulları tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılması üçün geniş imkanlar yaradır. Lakin bu imkanlardan istifadə zamanı informasiyanın dəqiqliyi, mənbələrin etibarlılığı, media etikası və rəqəmsal təhlükəsizlik prinsipləri əsas götürülməlidir.
İctimai Birliyin sədri gənclərin informasiya məkanında yalnız məlumat istehlakçısı kimi deyil, eyni zamanda bilik və faktlara əsaslanan məzmun yaradan fəal iştirakçılar kimi formalaşmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, rəqəmsal savadlılıq, süni intellekt alətlərindən məsuliyyətli istifadə, xarici dillərdə kommunikasiya bacarıqları və multimedia məzmununun hazırlanması gənclərin informasiya fəaliyyətində imkanlarını genişləndirən əsas amillərdəndir.
Zamin Zeynalın fikrincə, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq informasiya məkanında tanıdılması üçün vahid informasiya yanaşmasının, keyfiyyətli rəqəmsal məzmunun və gənclərin təşəbbüslərinə əsaslanan davamlı maarifləndirmə fəaliyyətinin əhəmiyyəti böyükdür.
Tədbir çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməsinin əhəmiyyəti qeyd olunub.
Sonda Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində ictimai maarifləndirmə fəaliyyətinin genişləndirilməsinin, gənclərin rəqəmsal təşəbbüslərinin dəstəklənməsinin və vətəndaş cəmiyyətinin bu prosesdə fəal şəkildə iştirakının vacibliyi vurğulanıb.





İlk şərhi yaza bilərsiniz