Press "Enter" to skip to content

Avropa Siyasi Birliyi: Azərbaycan üçün yeni üfüqlər – VİDEO

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Dublin toplantısında iştirak edir. Noyabrın 12-də bu şəhərə gələn Azərbaycan Prezidenti təyyarədən enər-enməz fəal görüşlərə başlayıb, zamanla yarışıb. Çünki onunla görüşmək istəyənlər bu dəfə də həddindən artıq çox sayda olub, Prezident də uyğun bir ardıcıllıqla görüşlərini keçirib. Günün sonunda isə “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması gerçəkləşib.

Əlbəttə, İlham Əliyev bir dövlət rəhbəri olaraq Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutması ilə diqqət çəkir. İstər ən yaxın dost və qardaş dövlətlər olsun, istərsə də bizdən uzaq və hətta bizə qarşı dövlətlər. Heç biri ilə münasibətlərdə Azərbaycan Prezidenti milli maraqlardan zərrə qədər də güzəştə getmir. Elə ona hörmət gətirən budur həm də. Bütün dünyada İlham Əliyevi sözünün ağası, milli dövlət maraqlarını son ana qədər qorumağı bacaran bir lider kimi tanıyır və qəbul edirlər. Qəbul etməklə bərabər onunla məhz bu faktor üzərindən hesablaşırlar.

Diqqət çəkən məqamlardan ən öndə gələni budur ki, Prezident İlham Əliyev Dublində ilk görüşünü Ukraynanın Prezidenti Volodimir Zelenski ilə keçirdi. Bu, sadəcə bizim üçün əlamətdar və diqqətçəkən bir görüş deyil. Bu, eyni zamanda dünya üçün diqqətçəkən görüşdür. Çünki Ukrayna artıq beş ildir ki, qonşu Rusiyanın təcavüzündən əziyyət çəkir, torpaqları işğal edilib, yüz minlərlə vətəndaşı həlak olub, şəhərləri, kəndləri yerlə bir edilib. Təbii ki, dünyanın diqqət mərkəzində olan bir dövlət kimi hamının nəzərlərinin dikildiyi bir ölkədir Ukrayna. Üstəlik də bir neçə gün öncə ABŞ-nin araçılığı ilə Ukrayna və Rusiya arasında nəticəsiz danışıqlar həm ölkəni, həm də onun məsələsini bir daha fəal şəkildə gündəmə daşıyıb. Belə bir şəraitdə, özəlliklə də Rusiya ilə yaxın münasibətləri olan dövlətlər Ukraynadan aralı durmağa çalışır. Amma Azərbaycan bu dəfə də məsələyə öz prizmasından yanaşdı, haqlının yanında olduğunu göstərdi və Ukrayna Prezidenti ilə səmimi bir görüş keçirməklə öz torpaqlarının işğalı ilə barışmaması bir yana, başqalarının da torpaqlarının işğalını qəbul edə bilməyəcəyini göstərdi.

Yeri gəlmişkən, hələ Prezident İlham Əliyev Dublinə səfər etməzdən bir gün öncə bir çağırış edərək türk dövlətləri rəhbərlərinin Ukraynaya səfərini arzulamışdım. Doğrudan da, niyə türk dövlətlərinin rəhbərləri Ukraynaya gedib işğaldan əziyyət çəkən Ukrayna xalqının yanında olduqlarını göstərməsinlər? Necə olur ki, Avropa, ABŞ rəhbər şəxsləri Kiyev də daxil Ukrayna bölgələrinə səfər edir, amma tam yaxındakı dost türk dövlətləri bunu etmir? Düşünürəm ki, İlham Əliyev bir çox məsələlərdə olduğu kimi bu məsələdə də ilk addımı atacaq. Biz ondan bunu gözləyirik, çünki artıq dünya səviyyəsində qəbul edilən bir lider kimi onun belə addım atması həm Azərbaycanın, həm də özünün siyasi çəkisini əməlli-başlı yüksəldə bilər. Ki, buna da ciddi ehtiyacımız həmişə var, olacaq.

Avropa Siyasi Birliyi bizim üçün əlavə yüksək tribuna olmaqla qalmır həm də. Artıq Azərbaycan onun ayrılmaz bir hissəsidir. Buradakı toplantılarda fəal şəkildə iştirak edirik, təkcə Avropanın deyil, dünyanın taleyini həll etmək baxımından müzakirələrə qatılır, təsir imkanları qazanırıq. Hələ nəzərə alaq, artıq qərarlaşdırılıb ki, 2028-ci ildə bu Birliyin toplantısı Azərbaycanda keçiriləcək. Yəni fəaliyyətinin ilk dövründə qurum Azərbaycanda toplaşmağa qərar verib. Yeri gəlmişkən, 2026-cı ilin mayında qurumun toplantısı İrəvanda keçirilib. Özü də bu toplantının orada keçirilməsi üçün Azərbaycanın da razılığı və istəyi nəzərə alınıb. Prezident İlham Əliyev də həmin toplantıya məsafədən qatılaraq çıxış etmişdi. Düzdür, Ermənistan Azərbaycan Prezidentini İrəvana dəvət etmişdi, amma hələlik İlham Əliyevin oraya getməsi uyğun görülməmişdi. Bununla belə, Ermənistan Baş naziri Nikol Paşinyan elə indidən bəyan edib ki, 2028-ci ildə Azərbaycanda keçiriləcək toplantıya gəlməyə hazırdır.

Onu da qeyd edək ki, son günlər ərzində Prezident İlham Əliyevin iş cədvəli hər zamankı kimi qaynar oldu. Noyabrın 8-i – Zəfər Bayramı Günündə o, qardaş Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanı Şuşa başda olmaqla Qarabağda qonaq etdi. Bu görüş təkcə Azərbaycan və Türkiyədə deyil, özəlliklə də türk dövlətlərində ciddi bir diqqətə layiq görüldü.

Daha sonra Azərbaycan Prezidenti noyabrın 11-də COP31 açılış törəni üçün qardaş Türkiyənin Antalya şəhərinə getdi, orada da iki qardaş ölkə rəhbərləri qol-qola girərək dünyaya birlik ismarışı verdilər. Ardından da Dublin səfəri və Avropa Siyasi Birliyinin toplantısı.

Yəni Azərbaycan Prezidenti bir an belə boş durmur, fəal şəkildə dövlətin, millətin, türk dünyasının problemləri ilə məşğul olur. O, özünün nüfuzundan və təcrübəsindən istifadə edərək təkcə Azərbaycanı deyil, eyni zamanda bütünlükdə türk dünyasını ayaqda tutmağa çalışır. İlham Əliyev xırda daxili hesablarla hərəkət etmir, böyük düşünür, qlobal məsuliyyətin altına girir, dünyanın taleyinin həllində söz sahibi kimi davranır. Belə bir liderin olması sadəcə biz – Azərbaycan üçün deyil, bütünlükdə türk dünyası, həm də bölgəmiz üçün əlavə üstünlüklər deməkdir.

Biz bu sətirləri yazarkən, əminəm ki, İlham Əliyev elə məhz Avropa Siyasi Birliyinin bu toplantısının ardından atacağı yeni addımları götür-qoy edir. Onun nəzərləri hər zamankı kimi yeni üfüqlərə zillənib. Həmin üfüqlərdə isə daha irəli getmiş Azərbaycan, daha qüdrətli dövlətimiz və daha sıx birləşmiş türk dövlətləri var.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.