BAYRAQDAR MEDİA – Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) və Iğdır Azərbaycan Evi Dərnəyinin təşkilatçılığı ilə Qarabağ Zəfərinin altıncı ildönümü münasibətilə Iğdırın orta məktəb şagirdləri arasında keçirilən “Qarabağ Zəfəri və Xarıbülbül” mövzusunda şeir, inşa və rəsm müsabiqəsinin mükafatlandırma mərasimi 2026-cı il noyabrın 13-də baş tutacaq.
Bu barədə təşkilatçılardan məlumat verilib.
Bildirilib ki, saat 13:00-da Iğdır Universitetinin Karaağaç kampusunda yerləşən 15 İyul Şəhidləri Konfrans zalında keçiriləcək mərasimə Iğdır rəsmiləri, təhsil ictimaiyyətinin nümayəndələri, şagirdlər, valideynlər və bütün şəhər sakinləri dəvət olunub.
Iğdırın müxtəlif orta məktəblərində təhsil alan şagirdlərin qatıldığı müsabiqədə gənclər şeir, inşa və rəsm əsərləri vasitəsilə Qarabağ Zəfərini, Azərbaycanın müstəqillik mübarizəsini, Xarıbülbülün daşıdığı mənanı və Türkiyə-Azərbaycan qardaşlığını ifadə ediblər.
Müsabiqəyə təqdim olunan əsərlər Vilayət Milli Təhsil İdarəsinin nəzdində yaradılmış qiymətləndirmə komissiyası tərəfindən nəzərdən keçirilib. Qaliblərə mükafatlar mərasim zamanı təqdim olunacaq.
TADDEF-in sədr müavini və Iğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal müsabiqənin məqsədinin gənc nəslə Qarabağ Zəfərinin tarixi əhəmiyyətini aşılamaq, Türkiyə-Azərbaycan qardaşlığını yaşatmaq və Türk dünyasına sevgini gələcək nəsillərə ötürmək olduğunu bildirib.
O, Türkiyə-Azərbaycan qardaşlığının mədəniyyət, təhsil və gənclərlə bağlı layihələr vasitəsilə daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini deyib.






İlk şərhi yaza bilərsiniz