BAYRAQDAR MEDİA – Iğdırın Melekli qəsəbəsində Ağrı dağının ətəklərində hazırlanmış 15 kilometrlik “Nuhun izləri ilə zaman səyahəti” marşrutu təbiət və tarix həvəskarlarını minilliklərin izlərini kəşf etməyə dəvət edir.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, Melekli Sənət küçəsinin girişindəki Ağqoyunlu Açıq Səma Muzeyindən başlayan və tarixi Çaybaşı məscidi ilə kitabxanasında başa çatan marşrut müxtəlif tarixi dövrlərin izlərini özündə birləşdirir.
Gəzinti zamanı oğuzlar, Urartu dövləti, Erikuya krallığı, saklar, Elxanilər, Teymurilər, Səlcuqlar, Qaraqoyunlular, Ağqoyunlular və Qacarlar dövrünə aid tarixi-mədəni irslə tanış olmaq mümkündür. Marşrut boyunca Ağqoyunlu Açıq Səma Muzeyi, Melekli Sənət küçəsi, Ata Ocağı Mədəniyyət və Sənət Evi, İrəm bağları, tarixi Kültəpə, Oğuz qala və Həyat ağacı kimi məkanlar yerləşir. Bundan başqa, Şaman Ruhu düşərgəsi, dinozavr qayaları əfsanəsi, Urartu qalası və qaya məzarlarının qalıqları, Erikuya krallığı ilə əlaqələndirilən Örgütəpə və Qasımtığı seyr təpəsi də marşrutun diqqətçəkən dayanacaqları sırasındadır. Gəzinti iştirakçıları bir tərəfdən səhraya bənzər quraq əraziləri, digər tərəfdən meyvə bağlarını və yaşıl vahələri, eləcə də Ağrı dağının möhtəşəm mənzərəsini seyr edə bilərlər. Marşrut həmçinin bölgənin yerli mədəniyyəti, ənənəvi həyat tərzi, folkloru və qastronomiyası ilə yaxından tanış olmaq imkanı yaradır. Bu layihə Iğdırın tarixi, təbiəti və mədəni zənginliklərini vahid turizm marşrutunda birləşdirir.






İlk şərhi yaza bilərsiniz