BAYRAQDAR MEDİA – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) dünyanın ən böyük iqlim tədbirlərindən biri kimi Antalyada işə başlayıb.
Bu barədə verilən məlumatda qeyd edilir ki, noyabrın 9-dan 20-dək keçiriləcək sammitdə iqlim dəyişikliyi ilə mübarizə, qlobal temperatur artımının 1,5 dərəcə ilə məhdudlaşdırılması, iqlim maliyyələşdirilməsi, enerji transformasiyası və sıfır tullantı tətbiqləri müzakirə olunacaq.
Antalyanın Aksu rayonundakı EXPO kompleksində təşkil edilən COP31 Türkiyənin ev sahibliyi və Avstraliya ilə yaradılmış tərəfdaşlıq çərçivəsində keçirilir. COP31-ə sədrliyi Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum, danışıqlara sədrliyi isə Avstraliyanın İqlim Dəyişikliyi və Enerji naziri Chris Bowen həyata keçirir.
BMT-nin İqlim Dəyişikliyi üzrə İcraçı katibi Simon Stiellin də iştirak etdiyi sammitin rəsmi açılış proqramında Murat Kurum, Simon Stiell və Chris Bowen çıxış edəcəklər. Konfrans boyunca ölkələrin iqlim öhdəlikləri, istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və inkişaf etməkdə olan ölkələrin maliyyə resurslarına çıxış imkanları kimi məsələlər müzakirə olunacaq.
COP31-in rəsmi açılış mərasimi saat 11:00-da Baş Assambleyanın “Anadolu” adlı 1 nömrəli zalında keçiriləcək. Açılışda COP31-in sədri, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum, BMT-nin İqlim Dəyişikliyi üzrə İcraçı katibi Simon Stiell və COP31 danışıqlarının sədri, Avstraliyanın İqlim Dəyişikliyi və Enerji naziri Chris Bowen çıxış edəcəklər. Çıxışlardan sonra sammitin rəsmi danışıqlar və tədbirlər proqramı davam etdiriləcək.
COP31-in ilk günü “Ərzaq, kənd təsərrüfatı və səhiyyə” mövzusuna həsr olunub
COP31-in ilk günü “Ərzaq, kənd təsərrüfatı və səhiyyə” mövzusuna həsr olunub. Proqram çərçivəsində iqlim dəyişikliyinin kənd təsərrüfatı istehsalına, ərzaq təhlükəsizliyinə və insan sağlamlığına təsirləri müzakirə edilib. Ərzaq itkilərinin qarşısının alınması, kənd təsərrüfatı istehsalının iqlim dəyişikliyinə davamlılığının artırılması, su ehtiyatlarının qorunması, metan emissiyalarının azaldılması və səhiyyə sistemlərinin iqlim böhranına uyğunlaşdırılması ilə bağlı sessiyalar keçirilib. İlk günün proqramında Türkiyə ilə yanaşı, müxtəlif ölkələrin dövlət qurumlarının, beynəlxalq təşkilatların, akademik dairələrin, özəl sektor nümayəndələrinin və vətəndaş cəmiyyəti təşkilatlarının tədbirləri də yer alıb.
İqlim dəyişikliyinin həşərat növlərinə təsiri öyrənilir
İlk günün diqqətçəkən tədbirlərindən biri Antalya İl Kənd Təsərrüfatı və Meşəçilik İdarəsinin Yaşıl Zonada saat keçirdiyi “Dəyişən iqlimdə həşəratlar: kənd təsərrüfatı zərərvericilərindən təbiət əsaslı həll yollarınadək Antalya təcrübəsi” adlı sessiya olub. Proqramda iqlim dəyişikliyinin həşərat növlərinə, kənd təsərrüfatı zərərvericilərinə və təbii mübarizə üsullarına təsirləri qiymətləndirilib. Gün ərzində kənd təsərrüfatında süni intellekt tətbiqləri, ərzaq təchizatı zəncirləri, su təhlükəsizliyi, iqlim dəyişikliyinə davamlı şəhərlər, səhiyyə infrastrukturu və təmiz enerji mövzularında da çoxsaylı tədbirlər keçirilib.
Dünya Liderləri Sammiti noyabrın 11-12-də təşkil olunacaq
COP31-in ən mühüm mərhələlərindən biri olan Dünya Liderləri Sammiti noyabrın 11-12-də təşkil olunacaq. Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın ev sahibliyi edəcəyi sammitdə dövlət və hökumət başçıları, eləcə də yüksək səviyyəli beynəlxalq nümayəndələr iştirak edəcəklər.
“Davamlı, dayanıqlı və ədalətli gələcəyə doğru” mövzusu altında keçiriləcək Liderlər Sammitinin noyabrın 11-dəki açılışında Recep Tayyip Erdoğan və BMT-nin Baş katibi Antonio Quterreşin çıxışları nəzərdə tutulub. Liderlər iqlim dəyişikliyi ilə mübarizəyə dair milli siyasətlərini və beynəlxalq əməkdaşlıq hədəflərini açıqlayacaqlar. Sammit çərçivəsində ikitərəfli görüşlər və yüksək səviyyəli dəyirmi masa toplantıları da keçiriləcək.
COP31 ilə əlaqədar Antalya Hava Limanı, D-400 avtomobil yolu, Belek və EXPO kompleksi arasındakı nəqliyyat marşrutlarında xüsusi hərəkət və istiqamətləndirmə planı hazırlanıb. Sammitə gələcək nümayəndə heyətləri, rəsmi delegasiyalar, servis avtomobilləri və ziyarətçilər üçün müxtəlif nəqliyyat qaydaları müəyyənləşdirilib.
Hava limanı ilə Belek arasındakı əsas marşrutlarda nəqliyyatın hərəkətinin tənzimlənməsi, kortejlərin təhlükəsiz keçidinin təmin edilməsi və alternativ yollardan istifadə məqsədilə istiqamətləndirici nişanlar və nəzarət məntəqələri planlaşdırılıb. EXPO kompleksində də Mavi və Yaşıl zonaların girişləri, iclas zalları, pavilyonlar, servis dayanacaqları və digər istifadə sahələri üzrə istiqamətləndirmə sistemi hazırlanıb.
Antalya Valiliyinin açıqladığı nəqliyyat planına əsasən, xüsusilə noyabrın 10-12-də dövlət və hökumət başçılarının gəlişi ilə əlaqədar xüsusi hərəkət məhdudiyyətləri tətbiq ediləcək. Antalya Hava Limanı qovşağı ilə Belekdəki “Shell” qovşağı arasındakı təxminən 18 kilometrlik D-400 avtomobil yolunda nəqliyyatın hərəkəti kortejlərin və vətəndaşların istifadəsi üçün müvafiq qaydada tənzimlənəcək.
Noyabrın 11-də saat 07:30-dan 12:00-dək Liderlər yolu tamamilə nəqliyyatın hərəkəti üçün bağlanacaq. Qonaq liderlərin sammit ərazisinə çatmasından sonra yol nəzarət altında yenidən açılacaq. Bundan əlavə, noyabrın 10-12-də vilayətin müxtəlif ərazilərindən hərəkət edən servis avtomobillərinin D-400 avtomobil yolundan istifadəsinə icazə verilməyəcək. Vətəndaşlardan alternativ marşrutlardan istifadə etmək xahiş olunub. Antalya Hava Limanında uçuşlarla bağlı isə ümumi məhdudiyyət tətbiq edilməyəcəyi bildirilib.
Antalya üzrə genişmiqyaslı təhlükəsizlik tədbirləri də görülüb
COP31 çərçivəsində Antalya üzrə genişmiqyaslı təhlükəsizlik tədbirləri də görülüb. Antalya valisi Hulusi Şahinin açıqladığı təhlükəsizlik planına əsasən, Polis, Jandarma və Sahil Mühafizəsi bölmələrindən ümumilikdə 27 957 əməkdaş xidmət aparacaq.
Sammitin keçirildiyi ərazidə, hava limanında, yerləşmə məkanlarında, əsas nəqliyyat marşrutlarında və rəsmi nümayəndə heyətlərinin istifadə edəcəyi məntəqələrdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Bundan əlavə, mümkün fəlakət və fövqəladə hallara qarşı Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları, tibb işçiləri və təcili yardım avtomobilləri hazır vəziyyətdə saxlanılacaq. EXPO kompleksində girişə nəzarət, akkreditasiya və ərazi daxilində təhlükəsizlik tədbirləri də tədbir boyunca davam etdiriləcək.
Antalya dünyanın gündəmində
İqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq qərarların müzakirə ediləcəyi COP31 Antalyanın indiyədək ev sahibliyi etdiyi ən böyük tədbirlərdən biri olacaq. Sammitə hazırlıq çərçivəsində 80 min iştirakçı, 1 milyondan çox ziyarətçi və təxminən 4 min media nümayəndəsinin iştirakı ilə bağlı tutum və iştirak proqnozları gündəmə gəlib. Təşkilatçılığın şəhər iqtisadiyyatına, turizmə, nəqliyyata və Antalyanın beynəlxalq səviyyədə tanıdılmasına da mühüm töhfə verəcəyi gözlənilir.
6 qitədən 102 lider
COP31-də 6 qitədən nümayəndələrin iştirakı gözlənilir. 95 ölkə lideri ilə yanaşı, 7 beynəlxalq təşkilat da sammitə yüksək səviyyədə qatılacağını bildirib. Bu liderlərdən 37-si dövlət başçısı, 35-i hökumət başçısı, 8-i dövlət başçısının müavini, 7-si baş nazirin müavini, 2-si vəliəhd şahzadə, 1-i şahzadə, 1-i parlament sədri, 4-ü isə xüsusi nümayəndə olacaq.
Avropa Komissiyası, BMT, BMT Baş Assambleyası, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Enerji Agentliyi də sammitdə yüksək səviyyədə təmsil olunacaqlarını bildiriblər.
COP31-də liderlər səviyyəsində iştirak edəcəklərini bildirən ölkə və təşkilatlar bunlardır: “Avstriya, Böyük Britaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Finlandiya, Cənubi Kipr Rum Administrasiyası, Niderland, İspaniya, İsveç, İtaliya, Monteneqro, Şimali Kipr Türk Respublikası, Şimali Makedoniya, Lixtenşteyn, Malta, Moldova, Norveç, Rusiya Federasiyası, Sloveniya, Ukrayna, Botsvana, Burundi, Əlcəzair, Esvatini, Efiopiya, Kot-d’İvuar, Qabon, Qvineya-Bisau, Komor adaları, Konqo, Konqo Demokratik Respublikası, Lesoto, Liviya, Madaqaskar, Mali, Mavritaniya, Mozambik, Ruanda, Seyşel adaları, Somali, Sudan, Tanzaniya, Toqo, Zimbabve, Azərbaycan, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Çin, İndoneziya, Ermənistan, Fələstin, Cənubi Koreya, Gürcüstan, İraq, İraq Kürd Regional Administrasiyası, İran, Qətər, Qazaxıstan, Qırğızıstan, Küveyt, Livan, Maldiv adaları, Malayziya, Özbəkistan, Pakistan, Suriya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Boliviya, Braziliya, Qayana, Venesuela, Antiqua və Barbuda, Baham adaları, Barbados, Sent-Kits və Nevis, Sent-Lüsiya, Avstraliya, Kiribati, Marşall adaları, Mikroneziya, Niue, Palau, Solomon adaları, Tonqa, Tuvalu”.
COP31-in sədri Kurum sədrlik çəkicini təhvil aldı
COP31-in sədri və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum dünyanın ən mühüm iqlim sammiti ilə əlaqədar əvvəlki Tərəflər Konfransı COP30-un sədri Andre Correa Lagodan sədrliyi simvolizə edən çəkici təhvil alıb.
Beləliklə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olan 196 ölkə və Avropa İttifaqının iştirak etdiyi Tərəflər Konfransına (COP) Türkiyənin bir il davam edəcək sədrliyi rəsmən başlayıb.
Türk qəhvəsi və türk lokumu ikram edilib
COP31 İqlim Sammitinin ilk günündə giriş məntəqələrində sıxlıq müşahidə olunub. Ziyarətçilər girişdə quraşdırılan “COP31” yazısının qarşısında xatirə şəkilləri çəkdiriblər.
“Barış Yolu”ndan tədbir ərazisinə daxil olan ziyarətçilər əvvəlcə tullantı materiallarından hazırlanmış at, öküz və digər heyvan fiqurlarının yanından keçiblər. Daha sonra ölkələrin pavilyonlarını gəziblər. İqlim problemlərinə diqqət çəkən pavilyonlarda ziyarətçilərə müxtəlif məlumatlar təqdim olunub.
Bəzi əməkdaşlar və ziyarətçilər öz ölkələrinə məxsus geyim və aksessuarlarla tədbirdə iştirak ediblər. Türkiyə pavilyonunda isə qonaqlara türk qəhvəsi və türk lokumu ikram olunub.
Fəallar da tədbir ərazisindədir
İqlim dəyişikliyi ilə bağlı maarifləndirmə aparmaq məqsədilə Şaxta baba geyimində olan kanadalı ekoloji fəal Philip McMaster COP31-də də diqqətçəkən geyimi ilə iştirak edib.
Daha əvvəl tullantı plastik butulka və qapaqlardan COP31-in loqosunu hazırlayan təkrar emal üzrə rəssam Güzel Amirova da plastik tullantılardan hazırladığı geyimlə COP31-in keçirildiyi ərazidə olub.






İlk şərhi yaza bilərsiniz