BAYRAQDAR MEDİA – Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliklər vergi inzibatçılığının sadələşdirilməsi, sahibkarların inzibati və maliyyə yükünün optimallaşdırılması, investisiyaların təşviqi və fiskal dayanıqlığın təmin edilməsini hədəfləyir. Diqqətçəkən məqamlardan biri isə biznes ictimaiyyətinin təkliflərinin nəzərə alınmasıdır. Belə ki, dəyişikliklərin təklif olunduğu 67 istiqamətdən 21-i sahibkarların təqdim etdiyi təkliflər əsasında formalaşdırılıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev mediaya müsahibəsində deyib.
Qeyd edilib ki, layihənin əsas istiqamətlərindən biri, qeyd etdiyimiz kimi, sahibkarların vergi və maliyyə yükünün optimallaşdırılmasıdır. İndiyədək sahibkarın vergi borcu olduqda borcun ödənilmədiyi müddətdə hər gecikdirilmiş günə görə əsas vergi borcunun 0,1 faizi həcmində faiz hesablanırdı. Növbəti ildən bu faiz dərəcəsinin 0,05 faizə endirilməsi, yəni 50 faiz azaldılması təklif olunur.
Eyni zamanda, digər bir dəyişiklik də sahibkarlara tətbiq olunan maliyyə sanksiyaları ilə bağlıdır. Belə ki, sahibkar tətbiq edilmiş maliyyə sanksiyasını 10 iş günü ərzində ödədiyi təqdirdə, sanksiyanın 10 faizi həcmində güzəştdən yararlana biləcək.






İlk şərhi yaza bilərsiniz