Press "Enter" to skip to content

Zəfər Günü ilə Konstitusiya Günü arasında siyasi və mənəvi bağlılıq var

Şəbnəm Həsənova

BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikasının ən ali hüquqi sənədi olan Konstitusiyanın qəbulundan 31 il ötür. Yubiley tarixləri, bir qayda olaraq təqdir və tərif dolu fikirlərin səsləndirilməsi ilə müşayiət olunur. Lakin bütün bu təqdir və təriflərə, ilk növbədə, Konstitusiyamız layiqdir. Çünki məhz bu ali sənəd müasir Azərbaycanın dövlətçilik modelinin, siyasi-hüquqi sisteminin və inkişaf konsepsiyasının fundamental əsasını təşkil edir. Konstitusiyamız bizə yalnız dövlət və cəmiyyət həyatının hansı hüquqi prinsiplər əsasında təşkil olunmalı olduğunu göstərmir. O, eyni zamanda, gələcək inkişafımızın istiqamətlərini müəyyənləşdirən, dövlətçilik düşüncəmizi və hüquqi dünyagörüşümüzü formalaşdıran fundamental sənəddir. Bu baxımdan 12 Noyabr tarixinin mühüm siyasi-hüquqi və tarixi əhəmiyyəti var. Bu tarix yalnız ali qanunun qəbul edildiyi gün deyil, həm də müstəqil dövlətimizin hüquqi əsaslarının formalaşdırıldığı, milli suverenliyimizin konstitusion müstəvidə təsbit olunduğu əlamətdar gündür”.

Bu sözləri BAYRAQDAR MEDİA-ya siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova söyləyib ki, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası müstəqilliyini bərpa etmiş Azərbaycanın yeni siyasi və hüquqi sisteminin təməlini qoydu: “1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra xalqımızın və dövlətimizin qarşısında yalnız siyasi müstəqilliyi qorumaq vəzifəsi dayanmırdı. Eyni zamanda, yeni dövlət idarəçiliyi sisteminin qurulması, milli qanunvericilik bazasının yaradılması, müstəqil dövlət institutlarının formalaşdırılması kimi mühüm vəzifələr də həllini gözləyirdi. Siyasi suverenliyin real və dayanıqlı məzmun qazanması onun hüquqi və institusional əsaslarla möhkəmləndirilməsini zəruri edirdi. Məhz belə mürəkkəb tarixi-siyasi şəraitdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev Konstitusiyanın hazırlanmasını və qəbulunu dövlət quruculuğunun prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Onun rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı və nəhayət, referendum yolu ilə qəbul edildi. 1995-ci il noyabrın 27-də qüvvəyə minən Əsas Qanun müstəqil Azərbaycanın ilk Konstitusiyası olmaqla yanaşı, ölkəmizin gələcək siyasi, iqtisadi, sosial və hüquqi inkişafının əsas istiqamətlərini də müəyyənləşdirdi”.

Politoloqun fikirlərinə görə, Konstitusiyanın preambulasında dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması Azərbaycan xalqının qarşısında duran fundamental məqsədlər kimi ifadə olunub: “Bu baxımdan Konstitusiyamız yalnız dövlət idarəçiliyini tənzimləyən hüquqi sənəd kimi qiymətləndirilməməlidir. O, həm də milli dövlətçilik ideyasının normativ ifadəsi, müstəqil Azərbaycanın siyasi varlığının və tarixi iradəsinin hüquqi təcəssümüdür. Azərbaycan Konstitusiyasının mühüm xüsusiyyətlərindən biri də insan və vətəndaş hüquq və azadlıqlarına geniş yer ayırmasıdır. İnsan hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi müəyyənləşdirilib. Bu prinsip dövlət hakimiyyətinin fəaliyyətinin hüquqi sərhədlərini müəyyən etməklə yanaşı, insanın, vətəndaşın və cəmiyyətin dövlət idarəçiliyindəki yerini və əhəmiyyətini də təsbit edir. Konstitusiya dövlət hakimiyyətini təşkil edən, onun səlahiyyətlərini müəyyənləşdirən və eyni zamanda, həmin hakimiyyəti hüquqi çərçivədə məhdudlaşdıran əsas mexanizmdir. Başqa sözlə, Konstitusiya yalnız hakimiyyətin təşkili vasitəsi deyil, həm də onun hüquq qarşısında məsuliyyətinin təminatıdır. Məhz bu səbəbdən Konstitusiyamız dövlət və cəmiyyət həyatının bütün sahələrində əsas yol göstəricimiz olmalıdır”.

“Digər mühüm məqam Konstitusiyanın milli birliyin möhkəmləndirilməsində oynadığı roldur. Azərbaycan cəmiyyəti müxtəlif etnik, dini və sosial qrupları özündə birləşdirir. Konstitusiyamız isə bütün vətəndaşlar üçün vahid siyasi-hüquqi məkan yaradan ümumi hüquqi çərçivə təqdim edir. Bərabərlik, ədalət, insan hüquqlarına hörmət və dünyəvilik prinsipləri cəmiyyətin birgəyaşayış mədəniyyətinin, qarşılıqlı etimadın və milli həmrəyliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin bərpa edilməsi, 2023-cü ildə isə ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin və konstitusiya quruluşunun bərpası müstəqil dövlətçiliyimizin tarixində yeni və mühüm mərhələ oldu. Bu hadisələr Konstitusiyamızın preambulasında ifadə olunan fundamental məqsədlərin həyata keçirilməsi baxımından tarixi əhəmiyyət daşıyır” deyə o söyləyib.

Ş.Həsənova vurğulayıb ki, noyabrın 8-də Zəfər Günü ilə noyabrın 12-də qeyd edilən Konstitusiya Günü arasında da mühüm siyasi və mənəvi bağlılıq mövcuddur: “Zəfər Günü xalqımızın tarixi ədalətin və ərazi bütövlüyünün bərpası istiqamətində nümayiş etdirdiyi iradəni, Konstitusiya Günü isə bu dövlətçiliyin hüquqi əsaslarını və siyasi-hüquqi mahiyyətini ifadə edir. Hər iki tarix Azərbaycan xalqının özünü tarixi, siyasi və hüquqi baxımdan təsdiq etməsinin mühüm göstəricisidir. Bununla belə, dövlət suverenliyimizin bütün ərazilərimizdə bərpası konstitusion inkişafımızın son mərhələsi kimi qəbul edilməməlidir. Əksinə, bu, qarşıda yeni vəzifələr müəyyənləşdirir. Dövlət institutlarının daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə səmərəli hüquqi idarəetmə sisteminin qurulması, qanunun aliliyinin təmin edilməsi və dövlətçilik prinsiplərinin daha da inkişaf etdirilməsi əsas prioritetlərimiz sırasında olmalıdır. Bu prosesdə hüquq mədəniyyətinin cəmiyyətdə möhkəmləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Hər bir vətəndaş Konstitusiyanın yalnız ona verdiyi hüquqları deyil, həm də müəyyən etdiyi vəzifə və məsuliyyətləri dərk etməlidir. Hüquqi məsuliyyətin, vətəndaş intizamının və qanuna hörmətin cəmiyyətin gündəlik davranış normasına çevrilməsi konstitusion dövlət quruculuğunun vacib şərtidir. Dövlət institutlarının effektivliyinin artırılması, şəffaflıq, hesabatlılıq, hüququn aliliyi və institusional məsuliyyət yalnız idarəetmə prinsipləri deyil, həm də konstitusion dəyərlərin real həyatda təzahürü olmalıdır”.

“Biz bu dəyərləri gələcək nəsillərə yalnız sözlə deyil, öz fəaliyyətimizlə ötürməliyik. Konstitusiyanı yalnız yubiley tarixlərində xatırlamaq kifayət deyil. Onun müddəaları gündəlik dövlət idarəçiliyində, ictimai münasibətlərdə, vətəndaşlarla davranışda və bütün institusional proseslərdə real fəaliyyətimizin əsasını təşkil etməlidir. Konstitusiya formal hüquqi mətn olaraq deyil, dövlət və cəmiyyət həyatını istiqamətləndirən fundamental norma və prinsiplər sistemi kimi yaşamalıdır. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin Konstitusiyanın hazırlanması və qəbulundakı tarixi rolunu xüsusi qeyd etməliyik. Müstəqilliyin ilk illərində mövcud olan mürəkkəb siyasi şəraitə və dövlət quruculuğu qarşısında dayanan çətinliklərə baxmayaraq, onun siyasi iradəsi və rəhbərliyi ilə müstəqil Azərbaycanın hüquqi təməli formalaşdırıldı. Eyni zamanda, müasir dövrdə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlət suverenliyimizin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün və konstitusiya quruluşumuzun bütün ölkə ərazisində bərpası istiqamətində həyata keçirilən qətiyyətli siyasət dövlətçilik tariximizin yeni mərhələsini müəyyənləşdirdi” deyə politoloq əlavə edib.

O həmçinin söyləyib ki, bu tarixi irsin və müasir dövlət quruculuğu təcrübəsinin gələcək nəsillərə düzgün çatdırılması mühüm vəzifədir: “Çünki Konstitusiyaya hörmət, dövlətçilik dəyərlərinə sədaqət və milli suverenliyin qorunması yalnız hüquqi öhdəlik deyil, həm də ümummilli məsuliyyətdir. Beləliklə, 12 Noyabr – Konstitusiya Günü yalnız keçmişə nəzər salmaq və əldə olunmuş nailiyyətləri təqdir etmək üçün deyil, həm də gələcək dövlətçilik hədəflərimizi müəyyənləşdirmək baxımından əlamətdar tarixdir. Konstitusiyamız müstəqilliyimizin hüquqi təminatı, suverenliyimizin normativ əsası, milli birliyimizin və gələcək inkişafımızın fundamental dayağıdır. Onun prinsiplərinə əməl etmək isə hər bir dövlət qurumunun, vəzifəli şəxsin və vətəndaşın ortaq məsuliyyətidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.