Strateji tərəfdaşlıq, iqtisadi qarşılıqlı fəaliyyət və beynəlxalq təhlükəsizliyə görə birgə məsuliyyət
Yuriy HUSYEV, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
BAYRAQDAR MEDİA – Bugünlərdə Azərbaycan ərazi bütövlüyünün bərpasını təcəssüm etdirən əlamətdar tarixləri – Zəfər Gününü, eləcə də Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü qeyd etdi. Azərbaycan rəhbərliyini və xalqını səmimi-qəlbdən təbrik edir, Ukraynaya göstərilən dəstəyə görə dərin təşəkkürümüzü bildirir, davamlı və ədalətli sülh, rifah, bərpa və quruculuq işlərində yeni uğurlar, habelə iqtisadi inkişaf və tərəqqi arzulayırıq.
Noyabr ayı xalqlarımızın təqvimində xüsusi əhəmiyyət kəsb edən tarixlərlə zəngindir. 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri şiddətli döyüşlər nəticəsində Şuşa şəhəri üzərində nəzarəti bərpa etmişdir. Bu gün isə, noyabrın 11-də, Ukraynanın Xerson şəhərinin Rusiya işğalından qəhrəmancasına azad edilməsinin ildönümüdür. Xerson 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədən sonra işğal olunmuş yeganə vilayət mərkəzi idi.
Dərin tarixi köklərə malik Ukrayna-Azərbaycan dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir və strateji tərəfdaşlıq formatında ardıcıl şəkildə inkişaf edir. Bu münasibətlərin əsasını suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, beynəlxalq arenada qarşılıqlı dəstək, eləcə də çoxşaxəli ikitərəfli əməkdaşlığın genişləndirilməsində ortaq maraqlar təşkil edir.
Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişdir. Biz Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən ardıcıl mövqeyini, habelə xüsusilə cəbhəyanı bölgələrdən olan uşaqların sağlamlığının bərpası və reabilitasiyasına, eləcə də düşmənin atəşə tutmasından sonra enerji sisteminin bərpasına yönəlmiş praktiki yardımını yüksək qiymətləndiririk.
Ukrayna-Azərbaycan tərəfdaşlığının mühüm xüsusiyyətlərindən biri səmərəli siyasi dialoqun iqtisadi əməkdaşlığın praktiki nəticələri ilə ardıcıl şəkildə tamamlanmasıdır. Məhz iqtisadi ölçü strateji münasibətlərimizə əlavə dayanıqlılıq qazandırır, biznes üçün yeni imkanlar yaradır və uzunmüddətli birgə layihələrin həyata keçirilməsi üçün zəmin formalaşdırır.
Bu istiqamətdə növbəti addım noyabrın 4–5-də Ukraynanın Ujqorod şəhərində İqtisadi Əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının on dördüncü iclasının keçirilməsi olmuşdur. Tədbir Ukrayna Prezidenti Volodimir Zelenskinin aprel ayında Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların icrası çərçivəsində, Ukraynanın Birinci Baş nazir müavini – Energetika naziri Denis Şmıqal və Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun həmsədrliyi ilə keçirilmişdir.
Görüşün mühüm nəticələrindən biri yaxın perspektivdə Ukrayna-Azərbaycan əməkdaşlığının prioritet vəzifələrini və konkret istiqamətlərini müəyyən edən Birgə Fəaliyyət Planının imzalanması olmuşdur.
Əsas prioritetlər sırasında yanacaq-energetika və aqrar-sənaye komplekslərində əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı faydalı biznes layihələrinin həyata keçirilməsi, birgə müəssisələrin yaradılması və istehsal kooperasiyasının genişləndirilməsi yer alır. Eyni zamanda, ikitərəfli ticarətin intensivləşdirilməsinə, Xəzər-Qara dəniz regionunda nəqliyyat dəhlizlərinin və logistika marşrutlarının inkişafına, Azərbaycan biznesinin Ukraynanın bərpası prosesinə cəlb edilməsinə xüsusi diqqət yetirilmişdir. Gündəlikdə yüksək texnologiyalar, elm və təhsil sahələrində əməkdaşlıq, eləcə də mədəni və humanitar əlaqələrin inkişafı ayrıca yer tutur. Bütün bunlar onu göstərir ki, Ukrayna-Azərbaycan tərəfdaşlığı ənənəvi ticarət-iqtisadi əməkdaşlıq çərçivəsindən xeyli geniş potensiala malikdir və gələcəkdə dövlətlərimizin rəqabət qabiliyyətini və təhlükəsizliyini müəyyən edəcək sahələri əhatə edir.
Lakin ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi Rusiyanın Ukraynaya qarşı təcavüzünün doğurduğu ciddi qlobal çağırışlar fonunda baş verir. Müharibə dövlətlərin öz öhdəliklərinə məhəl qoymadığı və beynəlxalq institutlardan siyasi məqsədlər naminə istifadə etdiyi hallarda beynəlxalq təhlükəsizlik mexanizmlərinin nə dərəcədə həssas olduğunu nümayiş etdirmişdir. Rusiyanın təhlükəli kimyəvi maddələrdən sistematik şəkildə istifadə etməsi xüsusi narahatlıq doğurur ki, bu da Kimyəvi Silahların Qadağan Edilməsi haqqında Konvensiyanın (KSQK) kobud şəkildə pozulmasıdır. 2023-cü ilin fevral ayından etibarən tərkibində belə maddələr olan döyüş sursatlarından istifadə ilə bağlı 14 mindən çox insident qeydə alınmışdır. Ukrayna bu cinayət xarakterli halların sənədləşdirilməsini təmin edir və sübutları Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına (KSQT) təqdim edir. Təşkilatın Texniki Katibliyi təqdim olunmuş materialların, o cümlədən nümunələrin bütövlüyünün, onların saxlanılması və təhvil verilməsi zəncirinin qorunması qaydalarına riayət olunmasının müstəqil yoxlanılmasını həyata keçirmişdir. Yoxlamaların nəticələri Konvensiyanın iştirakçısı olan dövlətlər arasında yayılan KSQT-nin hesabatlarında öz əksini tapmışdır.
Bu məsələ Rusiyanın 2027–2029-cu illər üçün KSQT-nin İcraiyyə Şurasına öz namizədliyini irəli sürməsi ilə əlaqədar xüsusi əhəmiyyət kəsb edir. Seçkilər artıq 2026-cı il noyabrın 23–27-də Haaqada keçiriləcək Konvensiyaya üzv Dövlətlərin Konfransının 31-ci sessiyası çərçivəsində baş tutacaq. Bu zaman haqlı bir sual yaranır: Konvensiyanı pozmaqda çoxsaylı əsaslı ittihamlarla üzləşən dövlət onun icrasını təmin etmək məqsədilə yaradılmış Təşkilatda rəhbər vəzifəyə iddia edə bilərmi?
Beynəlxalq institutlara etimad onların yaradılma məqsədlərini təşkil edən prinsipləri qorumaq qabiliyyəti ilə müəyyən olunur. Kimyəvi silahların qadağan edilməsinin toxunulmaz norma olaraq qalması beynəlxalq ictimaiyyətin qətiyyətindən asılıdır. Bu qadağanın müdafiəsi sülhə, təhlükəsizliyə, ədalətə və hüquqa əsaslanan beynəlxalq nizama həqiqətən sadiq olan hər kəsin ortaq məsuliyyətidir.






İlk şərhi yaza bilərsiniz