BAYRAQDAR MEDİA – KKTC-nin Doğu Akdeniz Universitetinin (DAÜ) Turizm fakültəsi, İctimai Həssaslıq Mərkəzi və Turizm Klubunun birgə təşkilatçılığı ilə “Zeytun yığımı, çakistes hazırlanması və zeytun yağının səyahəti” adlı tədbir keçirilib. “Zeytun mədəniyyəti budaqda başlayır, süfrədə həyat tapır” şüarı altında təşkil olunan tədbirdə tələbələr Mehmetçik, Ergazi və Kilitkaya kəndlərinə səfər edərək zeytun yığımı, çakistes hazırlanması, zeytun yağı və tahin istehsalı, eləcə də Kıbrıs mətbəxi ilə tanış olublar. İlk dayanacaq Mehmetçik kəndindəki zeytun bağları olub.
Burada mütəxəssis Erol Adalıer kəndin tarixi haqqında məlumat verib, Ersin Şemi və digər sakinlər isə tələbələrə zeytunun əl və mexaniki üsullarla yığılmasını nümayiş etdiriblər. Nurşen Şemi və Sahra Temiz çakistesin hazırlanma qaydasını izah ediblər. Səfərin növbəti dayanacağı Ergazi kəndindəki Yağcıoğlu Zeytun Yağı Fabriki olub. Selden Yağcıoğlu tələbələrə yaşıl zeytunun emalından zeytun yağının alınmasına qədər bütün mərhələləri göstərib, həmçinin tahin istehsalı barədə praktiki məlumat verib. Tələbələrə kənd hellimi və kənd çörəyi də ikram olunub.






İlk şərhi yaza bilərsiniz