BAYRAQDAR MEDİA – Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu Dünya çempionatında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri Vətənə qayıdıblar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Gimnastika Federasiyasından daxil olub.
Xəbərdə deyilir ki, “milli komanda mötəbər yarışda 1 qızıl və 2 gümüş medal qazanıb. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət tamblinq komandamız ardıcıl üçüncü dəfə Dünya çempionu olub. Batut gimnastikası üzrə qarışıq sinxron proqramda çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov Dünya çempionatında ilk dəfə gümüş medal qazanıblar. Tamblinq üzrə fərdi proqramda gümüş medala sahib olan T.Əliyev üçün də bu, fərdi yarışda Dünya çempionatında qazandığı ilk medal olub”.
Dünya çempionatının medalçılarını hava limanında ailə üzvləri, media və federasiya nümayəndələri qarşılayıblar.






İlk şərhi yaza bilərsiniz