Gəncədəki forum Azərbaycan QHT-lərinin ictimai proseslərin fəal iştirakçısına çevrilməsi istiqamətində atılan addımların növbəti nümunəsi oldu
Nadir İSMAYILOV – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin (CASCFEN) sədri
BAYRAQDAR MEDİA – Vətəndaş cəmiyyətinin inkişafı, qeyri-hökumət təşkilatlarının fəaliyyət imkanlarının genişləndirilməsi və onların ictimai-siyasi proseslərdə rolunun artırılması hər bir dövlətin strateji hədəflərindən biri olmalıdır. Çünki güclü vətəndaş cəmiyyəti həm dövlətlə cəmiyyət arasında sağlam münasibətlərin formalaşmasına, həm də milli maraqların qorunmasına mühüm töhfə verir.
Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı müəyyənləşdirdiyi siyasət real nəticələr verir
Azərbaycanda son illərdə bu istiqamətdə həyata keçirilən siyasətə nəzər saldıqda görürük ki, QHT sektorunun inkişafı təsadüfi və epizodik tədbirlərlə məhdudlaşmır. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin tərkib hissəsi kimi bu sahəyə sistemli diqqət göstərilir, QHT-lərin institusional potensialının artırılması, yeni bilik və bacarıqlar əldə etməsi, ictimai təşəbbüslərlə çıxış etməsi üçün geniş imkanlar yaradılır.

Noyabrın 5-6-da Gəncədə iştirak etdiyimiz Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu bu siyasətin növbəti təzahürlərindən biri oldu. Öncə onu qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə keçirilən forumun proqramı, müzakirə edilən məsələlər, iştirakçılara təqdim olunan imkanlar və ümumi təşkilati səviyyə bizdə xoş təəssürat yaratdı.
Amma Gəncə səfərinin əhəmiyyəti yalnız forumun keçirilməsi ilə bitmirdi. Bu iki gün ərzində həm öyrəndik, həm müzakirələr apardıq, həm də Azərbaycan QHT-lərinin qarşısında dayanan yeni vəzifələr barədə düşünmək imkanı qazandıq.
Gəncədə iki gün: tarixə ehtiram, ictimai məsuliyyət və həmrəylik
Forumun ilk günü iştirakçılar əvvəlcə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər. Dünya ədəbiyyatına misilsiz töhfələr vermiş mütəfəkkirin zəngin irsi ilə tanışlıq, onun həyat və yaradıcılığını əks etdirən eksponatlara baxış Gəncə səfərinə xüsusi mənəvi çalar qatdı.

Daha sonra Ermənistanın müharibə cinayətlərini əks etdirən Gəncə Memorial Kompleksini ziyarət etdik. Burada şəhidlərimizin xatirəsini ehtiramla yad etdik, muzeydə nümayiş etdirilən tarixi sənədlər, arxiv materialları və dağıdılmış mədəni irs nümunələri ilə tanış olduq. Bu ziyarət, məncə, hər bir iştirakçı üçün mühüm mesaj daşıyırdı. Vətəndaş cəmiyyəti nümayəndələri yalnız gündəlik ictimai məsələlərlə məşğul olmamalı, xalqımızın üzləşdiyi faciələri, tarixi həqiqətləri və milli yaddaşımızı qorumaq missiyasını da öz fəaliyyətlərinin mühüm istiqamətlərindən biri hesab etməlidirlər.

Həmin günün digər maraqlı tədbirlərindən biri mina qurbanlarının iştirakı ilə keçirilən amputant futbol oyunu oldu. Futbolun İnkişaf Fondunun həyata keçirdiyi layihə çərçivəsində təşkil edilən bu qarşılaşma fiziki məhdudiyyətlərin insan iradəsi qarşısında maneə olmadığını nümayiş etdirdi. Forum iştirakçılarının da oyunu izləməsi və futbolçulara dəstək verməsi tədbirin sosial əhəmiyyətini daha da artırdı.
Gəncə Dövlət Universitetinin tələbələri üçün təşkil olunan mühazirə də proqramın diqqətçəkən hissələrindən idi. QHT fəaliyyətinin əsasları, bu sahədə praktiki təcrübə və gənclərin vətəndaş cəmiyyətində iştirakı ilə bağlı çıxışlar tələbələr üçün faydalı məlumat mənbəyinə çevrildi.
Günün sonunda “Sabaha doğru” filminin təqdimatı, şam yeməyi və Gəncə Dövlət Simfonik Orkestrinin konserti təşkil olundu. Beləliklə, forumun ilk günü həm maarifləndirici, həm də mədəni proqram baxımından kifayət qədər zəngin keçdi.
Noyabrın 6-da isə öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olundu, abidənin önünə gül dəstələri qoyuldu, Ulu öndərin əziz xatirəsi dərin hörmətlə yad edildi.

Sonra Forumun rəsmi açılışı və sərgi təşkil edildi. Ardınca üç istiqamət üzrə panel müzakirələri keçirildi. Sosial media, rəqəmsallaşma və süni intellekt imkanlarından istifadə, Azərbaycan QHT-lərinin milli maraqların qorunmasında rolu, eləcə də Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) irsinin QHT təşəbbüslərində yaşadılması kimi məsələlər müzakirəyə çıxarıldı.
Dövlət siyasəti və Agentliyin məsuliyyətli yanaşması
Gəncədəki tədbirdən aldığım təəssüratları bölüşərkən bir məqamı xüsusilə vurğulamaq istəyirəm: Azərbaycanda Prezident İlham Əliyevin QHT sektoru ilə bağlı müəyyənləşdirdiyi siyasət uğurla həyata keçirilir və bunun konkret səbəbləri var.

Əvvəla, Prezident Administrasiyasında bu sahəyə məsul şəxslərin məsələyə daha dərindən, vətəndaş cəmiyyətinin ehtiyaclarını nəzərə alan və məsuliyyətli yanaşması mühüm rol oynayır. Digər tərəfdən, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyevanın və onun rəhbərlik etdiyi kollektivin fəaliyyətində də dövlətçilik mövqeyi, vətəndaş məsuliyyəti və azərbaycançılıq prinsipləri aydın hiss olunur.

Mənim müşahidəmə görə, Agentliyin kollektivini fərqləndirən əsas cəhətlərdən biri QHT-lərə münasibətdə yalnız inzibati və təşkilati funksiyalarla kifayətlənməməsidir. Burada hər bir məsələyə diqqətlə yanaşmaq, təşkilatların fəaliyyət imkanlarını nəzərə almaq, onların inkişafına kömək göstərmək və iştirakçıların özlərini ümumi prosesin bir parçası kimi hiss etməsinə şərait yaratmaq yanaşması var.
Aygün Əliyevanın rəhbərliyi altında Agentlik kollektivinin işgüzarlığı, qayğıkeşliyi və təşkilatçılıq bacarığı Gəncədə də özünü göstərirdi. Proqramın dolğunluğu, tədbirlərin ardıcıllığı, iştirakçılara göstərilən diqqət, müzakirələrin məzmunu və yaradılan ünsiyyət imkanları bunun bariz nümunəsi idi.

Əslində, belə yanaşma Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin inkişafına dair siyasətinin mahiyyətindən irəli gəlir. Dövlət QHT-lərə yalnız layihə həyata keçirən təşkilatlar kimi deyil, ölkənin ictimai həyatında, milli maraqların müdafiəsində və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində öz məsuliyyəti olan institutlar kimi yanaşır. Məhz bu səbəbdən Agentliyin fəaliyyətini yalnız qrant müsabiqələri və layihələrin maliyyələşdirilməsi ilə ölçmək düzgün olmazdı. Burada institusional inkişaf, təcrübə mübadiləsi, müasir idarəetmə, kommunikasiya bacarıqları və QHT-lərin yeni çağırışlara hazırlanması da mühüm yer tutur.
Sadəcə iştirakçı olmaq yox, prosesin bir parçasına çevrilmək
Gəncədəki forumda diqqətimi çəkən əsas məsələlərdən biri Azərbaycan QHT-lərinin bu cür tədbirlərdə iştirakının mahiyyətcə dəyişməsidir. Artıq söhbət yalnız hansısa toplantıya dəvət almaqdan, tədbirdə iştirak etməkdən və ya müəyyən çıxışları dinləməkdən getmir. QHT-lərin proseslərin hazırlanmasında, müzakirələrin aparılmasında, təşəbbüslərin irəli sürülməsində və əldə olunan nəticələrin sonrakı mərhələdə tətbiqində iştirakına şərait yaradılır.
Son dövrlərdə qatıldığımız bir sıra tədbirlərdə də bunun şahidi olmuşuq. Azərbaycan QHT-ləri tədricən ümumi proseslərin fəal iştirakçısına çevrilir. Bu, çox mühüm dəyişiklikdir. Çünki vətəndaş cəmiyyətinin gücü yalnız təşkilatların sayında deyil, onların real ictimai təsir imkanlarında, təşəbbüskarlığında və məsuliyyətli fəaliyyətində özünü göstərir.

Gəncədəki panel müzakirələrindən birində şəxsən iştirakım da bu baxımdan mənim üçün faydalı oldu. Sosial şəbəkələrin imkanları, müasir kommunikasiya vasitələri, ictimai fəaliyyətin təşkili və QHT-lərin informasiya məkanında qarşısında dayanan vəzifələr barədə səsləndirilən fikirlər bir sıra məsələlərə yenidən baxmağımıza imkan verdi.
Spikerlərin hazırlığı, mövzunun təqdimatı və moderatorun müzakirəni peşəkarlıqla idarə etməsi panelin səmərəliliyini artırırdı. Ən əsası isə müzakirələr zamanı yalnız mövcud imkanlardan danışılmır, eyni zamanda QHT-lərin hələ üzərində işləməli olduğu məsələlər də ortaya qoyulurdu.
Mənim üçün belə tədbirlərin ən böyük faydası da elə budur: insan yalnız bildiklərini təsdiqləmir, həm də bilmədiklərini görür, yeni biliklər əldə edir və öz fəaliyyətində hansı istiqamətləri təkmilləşdirməli olduğunu müəyyənləşdirir.
Yeni dövrün QHT-ləri yeni bacarıqlara malik olmalıdır
Bu gün dünyada informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin ictimai rəyə təsir imkanlarının artması və süni intellektin müxtəlif sahələrdə tətbiqi QHT-lərin qarşısında da yeni tələblər qoyur. Artıq təşkilatların fəaliyyəti yalnız ənənəvi tədbirlər, layihələr və maarifləndirmə işləri ilə məhdudlaşa bilməz.

Hər bir QHT öz kommunikasiya strategiyasını yeniləməli, informasiya məkanında daha fəal olmalı, gördüyü işləri cəmiyyətə düzgün və peşəkar şəkildə təqdim etməyi bacarmalıdır. Sosial şəbəkələr sadəcə məlumat paylaşmaq vasitəsi deyil. Onlar ictimai mövqenin formalaşdırılması, təşəbbüslərin geniş auditoriyaya çatdırılması və cəmiyyətlə əlaqələrin qurulması baxımından mühüm platformalardır.

Bu baxımdan Gəncədəki müzakirələrdən çıxardığım nəticə ondan ibarətdir ki, biz də öyrənməli, yenilənməli və fəaliyyətimizi zamanın tələblərinə uyğunlaşdırmalıyıq. Rəhbərlik etdiyim Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyi (CASCFEN) də bu istiqamətdə yeni addımlar atmağı qarşıya məqsəd qoyur. Axı, söz və ifadə azadlığı, informasiya mühiti, media, vətəndaş cəmiyyəti və xüsusilə Türk dünyasında informasiya əməkdaşlığı bizim əsas fəaliyyət istiqamətlərimizdir.
Bakıya qayıtdıqdan sonra kollektivimizlə bir araya gələrək Gəncədə qazandığımız təcrübəni, panel müzakirələrində səsləndirilən tövsiyələri və yeni yanaşmaları müzakirə etməyi nəzərdə tuturuq. Məqsədimiz fəaliyyət mexanizmimizi təkmilləşdirmək, mövcud imkanlarımızdan daha səmərəli istifadə etmək və yeni dövrün çağırışlarına uyğunlaşmaqdır.
Çünki dövlətin yaratdığı imkanlardan səmərəli istifadə etmək, əldə olunan bilikləri əməli fəaliyyətə çevirmək hər bir QHT-nin öz qarşısında qoymalı olduğu əsas vəzifələrdəndir.
Gəncədə mənim üçün ən unudulmaz görüş
Gəncə səfərinin mənim üçün daha bir xüsusi tərəfi vardı. Bu, artıq forumun proqramı, panel müzakirələri və təşkilati məsələlərlə deyil, birbaşa insan duyğuları ilə bağlı idi. Tədbirə gələn gənc əsgərlər arasında oğlumun da olduğunu öyrəndikdə keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. Bir müddətdir hərbi xidmətdə olan oğlum Nihatla Gəncədə qarşılaşmaq, onu görmək və qısa bir müddət də olsa ata-oğul söhbəti etmək mənim üçün gözlənilməz və böyük sevincə səbəb olan hadisə idi.
Bəzən insanın həyatında elə anlar olur ki, onların dəyərini heç bir sözlə, heç bir maddi ölçü ilə ifadə etmək mümkün deyil. Mənim üçün Gəncədə yaşadığım həmin an məhz belə anlardan biri oldu.

Bu gözəl təsadüfün reallaşmasına vəsilə olan (axı, əsgərlər ora məhz Forum çərçivəsində keçirilən tədbirlərdə iştirka üçün gəlmişdilər-N.İ.) Agentliyin rəhbərliyinə, xüsusilə Aygün xanıma ailəm adından da minnətdarlığımı bildirirəm. Həmin an orada da söylədiyim kimi, Agentliyin bu tədbiri həm də ata ilə oğuluh görüşməsi fonunda bir savab addımı kimi də bizim ailənin xatirə dəftərinə yazılmış oldu.

Yeri gəlmişkən, Forum çərçivəsində keçirilən bədii hissə zamanı tanınmış sənətçilərimizin əsgərləri meydana dəvət etməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, millət vəkili Rizvan Nəbiyevin, Agentliyin müşahidə şurasının üzvlərinin və QHT rəhbərlərinin əsgərlərələ birlikdə Yallı getməsi isə Azərbaycan dövlətinin və xalqının ordumuza diqqətinin, qayğısının, dəyərinin növbəti nümunəsi idi. Düşünürəm ki, dövlət qurumlarının fəaliyyətində belə insani münasibətlərin, diqqətin və qayğının ayrıca yeri var. Çünki görülən işin təşkilati nəticələri ilə yanaşı, insanların qəlbində yaratdığı xoş duyğular da əhəmiyyətlidir.
Zəfər Bayramı ərəfəsində daha böyük məsuliyyət
Onu da xüsusi vurğulayım ki, Forumun Zəfər Bayramı ərəfəsində keçirilməsi də onun mənəvi əhəmiyyətini artırırdı. Azərbaycanın tarixi Zəfəri yalnız hərbi-siyasi qələbə deyil, həm də dövlətimizin gücünün, xalqımızın birliyinin və milli həmrəyliyinin təntənəsidir. Bu Zəfərin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq mövqelərinin gücləndirilməsi və gənc nəslin milli dəyərlər ruhunda yetişdirilməsi hər birimizin üzərinə məsuliyyət qoyur.

QHT-lər də bu prosesdə öz missiyalarını layiqincə yerinə yetirməlidirlər. Dövlətlə cəmiyyət arasında əlaqələrin möhkəmləndirilməsi, milli maraqların müdafiəsi, maarifləndirmə işinin genişləndirilməsi və ictimai təşəbbüslərin dəstəklənməsi vətəndaş cəmiyyəti institutlarının mühüm vəzifələridir.

Gəncədə keçirilən forumun əsas mesajlarından birini də məhz burada görürəm: dövlətin yaratdığı imkanlar vətəndaş cəmiyyətinin daha böyük məsuliyyət götürməsi, daha peşəkar fəaliyyət göstərməsi və ölkənin inkişafına daha sanballı töhfələr verməsi üçün nəzərdə tutulub.
Təbii ki, QHT sektoru da diqqət və qayğıya adekvat addım atmalı, fəaliyyət göstərməlidir. Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçılarının Prezident İlham Əliyevə müraciətində də bəyan edildiyi kimi “Biz – Azərbaycan QHT-ləri Sizin yanınızdayıq, Sizinləyik və dövlətimizin inkişafı, milli maraqlarımızın qorunması, xalqımızın birliyi və həmrəyliyi naminə müəyyən etdiyiniz strateji hədəflərin həyata keçirilməsində öz töhfəmizi verməyə hazırıq. Gəncədə toplaşdığımız Forum çərçivəsində mina qurbanlarının iştirakı ilə keçirilən amputant futbol oyununu seyr edərkən bir daha əmin olduq ki, Azərbaycan xalqının yenilməz ruhunu heç bir mina, heç bir müharibə yarası sarsıda bilməz – bu insanların meydanda nümayiş etdirdiyi iradə, həyat eşqi və mübarizə əzmi bizim Qələbəmizin xalqımızın qəlbində əbədi məskən salmasının parlaq təzahürü idi”.
Müraciətdə bird aha bəyan edildi ki, Azərbaycan QHT-ləri cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam dəstəkləyir, müstəqil və qüdrətli Azərbaycanın gələcəyinə böyük inamla baxır.
Minnətdarlıqdan əməli fəaliyyətə
Sonda bir daha qeyd etmək istəyirəm ki, Gəncədəki proqramın təşkilindən tutmuş iştirakçılara göstərilən diqqətə qədər hər bir məqamda peşəkarlıq, işgüzarlıq və qayğı hiss olunurdu. Və buna görə də həm Azərbaycan dövlətinə, həm də Agentliyə bird aha minnətdarlıq düşür. Amma hesab edirəm ki, bu minnətdarlıq yalnız xoş sözlərlə ifadə olunmamalıdır. Göstərilən diqqət və qayğı hər bir QHT üçün daha yaxşı işləmək, daha çox nəticə əldə etmək və üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirmək öhdəliyi yaratmalıdır.

Mən həm öz adımdan, həm də CASCFEN kollektivinin adından bildirirəm ki, Gəncədə qazandığımız bilik və təcrübəni fəaliyyətimizdə tətbiq etmək, təşkilatımızın potensialını gücləndirmək və qarşımıza qoyduğumuz hədəflərə çatmaq üçün üzərimizə düşən bütün işləri görəcəyik.
Gəncədən Bakıya qayıdarkən özümüzlə yalnız xoş təəssüratlar deyil, yeni biliklər, yeni ideyalar və daha böyük məsuliyyət hissi də gətirdik. Çünki dövlət qayğısına ən yaxşı cavab məsuliyyətli fəaliyyət, dövlətə sədaqətli xidmət və konkret nəticələrdir.









İlk şərhi yaza bilərsiniz