22-ci Əl İşləri Xeyriyyə Sərgisinin yekun mərhələsi – hədiyyələrin təqdimat mərasimi keçirildi
BAYRAQDAR MEDİA – Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan “Bir uşağın sabahına işıq ol” adlı ənənəvi 22-ci Əl İşləri Xeyriyyə Sərgisinin yekun mərhələsi – hədiyyələrin təqdimat mərasimi keçirildi.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirildi.
Salih Zeki Meriç: Bu təşəbbüsün əsas məqsədi uşaqlara sevinc bəxş etmək və onların gələcəyinə ümid işığı salmaqdır
Sonra çıxış edən Gəncliyə Yardım Fondunun Prezidenti Salih Zeki Meriç öncə daha bir xeyirxahlıq missiyasının uğurla tamamlanmasına görə qürur duyduqlarını dedi.

O, çıxışında xeyriyyə sərgisinin 22 illik ənənəsindən də geniş bəhs etdi. Fond prezidenti qeyd etdi ki, bu təşəbbüsün əsas məqsədi uşaqlara sevinc bəxş etmək və onların gələcəyinə ümid işığı salmaqdır.
Salih Zeki Meriç çıxışında digər bir vacib məqamda da toxundu. O, Azərbaycan və Türkiyə xanımlarının bu nəcib təşəbbüsdə göstərdikləri fədakarlığın və həmrəyliyin xüsusi əhəmiyyət daşıdığını vurğuladı.
Zöhrə Akgün: Bu layihə qardaşlıq və həmrəyliyin gözəl nümunəsidir
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgünün xanımı Zöhrə Akgün çıxışında xeyriyyə təşəbbüslərinin cəmiyyət üçün əhəmiyyətindən bəhs etdi.

Qeyd edildi ki, Gəncliyə Yardım Fondunun bu cür bir tədbir təşkil etməsi çox önəmli bir təşəbbüsdür: “Qardaş Azərbaycanda belə bir tədbirin keçirilməsi isə daha da əhəmiyyətlidir. Biz sizi çox sevirik. Hamınızı çox sevirik. Uşaqlar, siz bizim gələcəyimiz, gələcəyimizin ümidlərisiniz. Əziz uşaqlar, inşallah, 2026–2027-ci tədris ili hamınız üçün xeyirli-uğurlu olsun. Sizi ürəkdən təbrik edirəm. Hər birinizə uğurlar arzulayıram. Buraya gəlməkdən çox məmnunam. Əməyi olan hər kəsə çox-çox təşəkkür edirəm. Çox sağ olun”.
O, Azərbaycan və Türkiyə xanımlarının birgə həyata keçirdikləri bu layihənin qardaşlıq və həmrəyliyin gözəl nümunəsi olduğunu qeyd etdi.
Fuat Kayhan: Bu cür təşəbbüslər cəmiyyətin müxtəlif təbəqələrini xeyirxah məqsədlər ətrafında birləşdirir
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) sədri Fuat Kayhan çıxışında uşaqların gələcəyinə yönəlmiş sosial və xeyriyyə layihələrinin cəmiyyətin sosial inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd etdi.

Fuat Kayhan bu cür təşəbbüslərin cəmiyyətin müxtəlif təbəqələrini xeyirxah məqsədlər ətrafında birləşdirdiyini vurğuladı və təşkilatçılara təşəkkürünü bildirdi: “Hörmətli xanım, dəyərli direktor, hörmətli sədrimiz, dəyərli qonaqlar, əziz uşaqlar, xoş gəlmisiniz. Belə gözəl bir gündə burada olmaq, həqiqətən də, qürurvericidir. Təşkilatın 22 il ərzində göstərdiyi fəaliyyəti və əldə etdiyi uğurları ürəkdən təbrik edirəm. Qeyri-hökumət təşkilatı olaraq dəstəyimizi də bildiririk”.
Çıxışına davam edən F.Kayhan daha sonra aşağıdakıları bildirdi: “Buradan baxanda görürəm ki, qarşımızda gələcəkdə həkim, mühəndis, memar, pilot, müəllim, vali, direktor və bir çox digər peşələrin sahibi olacaq gənclər dayanır. Uca Allahdan arzu edirəm ki, hər biriniz bu tədris ilində təhsilinizi uğurla davam etdirəsiniz və gələcəkdə bizi əvəz edə biləcək güclü fərdlər olasınız. Valideynlərimizi də təbrik edirəm. Övladlarınız qarşımızda qürurla dayanırlar. İnşallah, “iki dövlət, bir millət” inamı ilə Türkiyə və Azərbaycanın birliyi sayəsində bu gözəl günləri qarşıdakı illərdə daha möhtəşəm şəkildə təşkil edərək birlikdə qeyd edəcəyik. Gənclərimizə olan bu dəstəyimiz hər zaman davam edəcək. Bu xeyirxah işdə əməyi olan xanımları ürəkdən təbrik edirəm. Uşaqlarımıza bu müddətdə göstərilən qayğı və verilən töhfələrə görə, bu işdə əməyi olan hər kəsə, başda hörmətli sədrimiz olmaqla, bütün iştirakçılara təşəkkür edirəm”.
Nigar Mənsimova: Bu xeyriyyə yarmarkasını təşkil edən, xeyirxah fəaliyyət üçün böyük əmək sərf edən xanımlara təşəkkür etmək istəyirəm
“Ümid yeri” Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimova uşaqlara göstərilən diqqət və qayğının onların həyatında mühüm rol oynadığını qeyd etdi.

O, “Bir uşağın sabahına işıq ol” təşəbbüsünün uşaqlara sevinc bəxş etməklə yanaşı, cəmiyyətin diqqətini onların ehtiyaclarına yönəltməsi baxımından əhəmiyyətli olduğunu vurğuladı: “İlk növbədə, bu xeyriyyə yarmarkasını təşkil edən, xeyirxah fəaliyyət üçün böyük əmək sərf edən və bu işdə böyük zəhmət çəkən xanımlara təşəkkür etmək istəyirəm. Əziz xanımlara təşəkkür edirəm. Çünki onlar uşaqlarımızın gələcəyinə və təhsilinə töhfə vermək üçün böyük zəhmət çəkib və ortaya çox gözəl bir proqram qoyublar. Bəli, bu gün uşaqların hər zamankından daha çox qayğıya ehtiyacı var. Eyni zamanda onların sizin verəcəyiniz dəyərlərə də ehtiyacı var”.
Qeyd edildi ki, bu cür aksiyalar uşaqları daha yaxşı oxumağa və daha uğurlu olmağa təşviq edən vasitələrdən biridir: “Uşaqlar başa düşəcəklər ki, əgər böyüklər bizimlə bağlı belə qayğı və diqqətlə yanaşırlarsa, bizim də bunun qarşılığında daha yaxşı oxumağımız, daha uğurlu olmağımız lazımdır. İnanıram ki, bizim ümidimiz olan uşaqlarımız, Azərbaycanın ən gözəl ocaqlarından birində, ən yaxşı, ən xeyirxah və ən gözəl uşaqların yetişdiyi bu məkanda sizin göstərdiyiniz diqqət və qayğının qarşılığı olaraq təhsillərində də böyük uğurlar əldə edəcəklər və gələcəklərini daha möhkəm şəkildə təmin edəcəklər”.
Zəhra Şirinli: Tədbirin təşkilinə və uşaqlara göstərilən diqqətə görə təşəkkür edirəm
Xüsusi təyinatlı şəhid Kamil Şirinovun həyat yoldaşı Zəhra Şirinli şəhid ailələri adından çıxış edərək, tədbirin təşkilinə və uşaqlara göstərilən diqqətə görə təşəkkürünü bildirdi.

O, şəhid ailələrinə və uşaqlara göstərilən diqqət və qayğının mühüm əhəmiyyət daşıdığını vurğuladı.
İhsan Açık: Xeyirxahlıq, mərhəmət və yardımlaşma cəmiyyət üçün mühüm mənəvi dəyərlərdir
Türkiyə Səfirliyinin Din Xidmətləri müşaviri İhsan Açık çıxışında xeyirxahlıq, mərhəmət və yardımlaşmanın cəmiyyət üçün mühüm mənəvi dəyərlər olduğunu qeyd etdi.

O, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin bu kimi sosial və humanitar təşəbbüslərlə daha da möhkəmləndiyini vurğuladı: “Bir neçə əsas prinsipimiz var. Birincisi, xeyirxah işlərdə yarışmaqdır. İkincisi, yenə bir prinsipimiz var. Peyğəmbərimizin xüsusi tövsiyəsi olan hədiyyələşməkdir. Üçüncüsü isə belə bir prinsipdir: Ya öyrənən ol, ya öyrədən ol. Bu ikisini edə bilmiriksə, öyrənənə və ya öyrədənə dəstək olaq. Rəbbim, inşallah, hər zaman bu üç qrupdan birinə daxil olmağı bizə nəsib etsin. Hər zaman öyrənməyi və ya öyrətməyi, eyni zamanda bu işi görən insanlara dəstək olmağı bizə nəsib etsin”.

Tədbirin sonunda layihə çərçivəsində hazırlanmış hədiyyələr uşaqlara təqdim olundu.









İlk şərhi yaza bilərsiniz