Press "Enter" to skip to content

Azərbaycançılıq milli birliyimizin və dövlətçiliyimizin əsas ideoloji dayağıdır

Nadir Azəri

BAYRAQDAR MEDİA– Azərbaycançılıq ideologiyası müstəqilliyimizin qorunmasında, milli həmrəyliyin möhkəmlənməsində və tarixi Zəfərimizin qazanılmasında mühüm rol oynayıb. Prezident İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində azərbaycançılıq ideologiyasına xüsusi diqqət yetirməsi olduqca əhəmiyyətlidir. Dövlət başçısının qeyd etdiyi kimi, ölkəmizdə yaşayan bütün etnik və dini qrupları birləşdirən əsas amillərdən biri azərbaycançılıq məfkurəsidir.

Bu fikirləri AZƏRTAC-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.

Nadir Azəri qeyd edib ki, azərbaycançılıq ideologiyasının müasir dövlətçilik konsepsiyası kimi formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən biridir.

“Ulu Öndər bu məfkurəni etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşları vahid Vətən və dövlətçilik ideyası ətrafında birləşdirən əsas ideoloji dayağa çevirib. Müstəqilliyimizin ilk illərində Azərbaycan siyasi böhran, Ermənistanın hərbi təcavüzü, separatçılıq meyilləri və parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Belə bir mürəkkəb şəraitdə Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə sabitlik bərpa olundu, dövlətçilik əsasları möhkəmləndirildi. Azərbaycançılıq ideologiyası isə milli həmrəyliyin təmin edilməsində mühüm rol oynadı. Azərbaycançılığın birləşdirici gücü 2020-ci ildəki 44 günlük Vətən müharibəsində də özünü qabarıq şəkildə göstərdi. Müxtəlif etnik və dini qrupların nümayəndələri Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda çiyin-çiyinə mübarizə apardılar. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər xalqımızın vahid amal ətrafında birləşmək iradəsini nümayiş etdirdi. “Dəmir yumruq” ifadəsi də bu birliyin rəmzinə çevrildi”, – deyə siyasi şərhçi vurğulayıb.

CASCFEN sədri bildirib ki, azərbaycançılıq və multikulturalizm bir-birini tamamlayan dəyərlərdir: “Azərbaycançılıq bütün vətəndaşları vahid dövlətçilik məfkurəsi ətrafında birləşdirir, multikulturalizm isə müxtəlif etnik və dini kimliklərin qorunmasına, qarşılıqlı hörmət şəraitində inkişafına imkan yaradır. Bu ənənələr Azərbaycanın beynəlxalq aləmdə multikulturalizm və mədəniyyətlərarası dialoq məkanı kimi mövqeyinin möhkəmlənməsinə də töhfə verir. Azərbaycançılıq ideologiyasının gənc nəslə aşılanması, milli tariximizə, dilimizə, mədəniyyətimizə və dövlətçilik dəyərlərimizə bağlılığın gücləndirilməsi mühüm vəzifələrdəndir. Prezident İlham Əliyevin Forumdakı çıxışı bir daha göstərir ki, milli birlik, qarşılıqlı hörmət və azərbaycançılıq məfkurəsi dövlətimizin gücünün əsas mənbələrindəndir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.