Türkiyədə 24 rayonun vilayət statusu alması gözlənilir
BAYRAQDAR MEDİA – Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli ölkənin inzibati idarəetmə sisteminin yenidən qurulmasını nəzərdə tutan “100 vilayət, 1000 rayon” layihəsini gündəmə gətirib. Layihəyə əsasən, Türkiyədə mövcud 81 vilayətin sayının 100-ə, 922 rayonun sayının isə 1000-ə çatdırılması təklif olunur.
Bu barədə Türkiyə mətbuatı məlumat verib.
Məlumata görə, D.Bahçeli bildirib ki, MHP-nin hazırladığı layihə çərçivəsində 19 yeni vilayətin və 78 yeni rayonun yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, əhalinin artması, şəhərləşmə prosesləri və sosial-iqtisadi dəyişikliklər ölkənin inzibati strukturuna yenidən baxılmasını zəruri edir.
Yeni vilayət statusu veriləcək yaşayış məntəqələrinin müəyyənləşdirilməsi zamanı əhalinin sayı, iqtisadi inkişaf potensialı, coğrafi mövqe, strateji əhəmiyyət və dövlət xidmətlərinə əlçatanlıq kimi meyarlar əsas götürüləcək. Bununla belə, D.Bahçeli il statusu alması nəzərdə tutulan 19 rayonun adını hələlik açıqlamayıb.
Türkiyə mətbuatında yayılan məlumatlara görə, vilayət statusu almağa namizəd göstərilən 24 rayon arasında Alanya, Tarsus, İnegöl, Çorlu, Siverek, İskəndərun, Manavgat, Zonguldak Ərəğlisi, Ərciş, Akhisar, Nazilli, Fethiye, Cizrə, Ünye, Midyat, Konya Ərəğlisi, Lüleburqaz, Elbistan, Yüksəkova, Ərgani, Ərdəmit, Bandırma, Polatlı və Kahta yer alır.
Qeyd olunur ki, bu yaşayış məntəqələri əhalisinin sayı, iqtisadi fəallığı, sənaye və ticarət potensialı, həmçinin mövcud il mərkəzlərinə coğrafi məsafəsi baxımından diqqət çəkir. Lakin adları çəkilən 24 rayonun hamısının yeni yaradılacaq vilayətlər siyahısına daxil ediləcəyi barədə rəsmi qərar yoxdur.
D.Bahçeli yekun qərarın müvafiq dövlət qurumlarının qiymətləndirmələri əsasında və Türkiyə Böyük Millət Məclisinin (TBMM) təsdiqi ilə veriləcəyini bildirib. Layihənin qanuniləşməsi üçün parlamentdə müvafiq qanunvericilik dəyişikliklərinin qəbul edilməsi tələb olunur.
Xatırladaq ki, Türkiyədə sonuncu dəfə 1999-cu ildə Düzcə rayonuna vilayət statusu verilib və bununla da ölkədə vilayətlərin sayı 81-ə çatıb. MHP-nin təklifi reallaşarsa, 27 ildən sonra Türkiyənin inzibati ərazi bölgüsündə ilk dəfə belə genişmiqyaslı dəyişiklik baş verə bilər.






İlk şərhi yaza bilərsiniz