BAYRAQDAR MEDİA – Doğu Akdeniz Universitetinin (DAÜ) professoru İzzət Sakallı İngiltərə Fizika İnstitutunun (IOP) Qravitasiya Fizikası Qrupu Komitəsinə 2026–2030-cu illər üçün həqiqi üzv seçilib. Londonda yerləşən institut İngiltərə və İrlandiyadakı fizikləri bir araya gətirərək elmi tədbirlər, mükafat proqramları və təqaüd imkanları təşkil edir. Qravitasiya Fizikası Qrupu cazibə qüvvəsinin digər fundamental qüvvələrlə əlaqəsini, kainatın ilkin mərhələlərini və maddənin əsas quruluşunu araşdıran alimləri birləşdirir.
Professor Sakallı 2026-cı ilin aprelində aldığı dəvətdən sonra namizədliyini irəli sürüb və avqustun 19-da keçirilən seçkilərin nəticəsində komitəyə seçildiyi barədə məlumatlandırılıb. Onun dördillik səlahiyyət müddəti oktyabrın 1-də başlayıb və 2030-cu il sentyabrın 30-da başa çatacaq.
Portsmut Universitetinin Kosmologiya və Qravitasiya İnstitutundan doktor Çarli Hoyun rəhbərlik etdiyi komitədə İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Çindəki elmi müəssisələrin nümayəndələri fəaliyyət göstərirlər. Komitənin oktyabrın 9-da keçirilən ilk onlayn iclaslarında illik elmi toplantı, doktorluq dissertasiyaları üzrə mükafat proqramı, BritGrav 2027 konfransının hazırlıqları və qrupun uzunmüddətli hədəfləri müzakirə olunub.
Professor İzzət Sakallı beynəlxalq fizika ictimaiyyətinin nüfuzlu qurumlarından birində fəaliyyət göstərməyin həm özü, həm də universitet üçün mühüm məsuliyyət olduğunu bildirib. O, vəzifəsi müddətində müxtəlif ölkələrin tədqiqatçıları arasında əməkdaşlığı gücləndirməyi və gənc fiziklərin elmi tədbirlərdə iştirakını artırmağı hədəflədiyini qeyd edib.
Sakallı qara dəliklərin fizikası, Hokinq şüalanması, kvazinormal modlar, boz cisim amilləri, qravitasiya linzalanması və dəyişdirilmiş qravitasiya nəzəriyyələri üzrə tədqiqatlar aparır. O, həmçinin DAÜ-nün Akademik Layihələr və Tədqiqat-İnkişaf Ofisinin koordinatorudur və Stenford Universitetinin dünyanın ən nüfuzlu alimlərinə dair siyahılarında iki kateqoriya üzrə yer alıb.






İlk şərhi yaza bilərsiniz