Dərnək Türkiyə və Azərbaycan xalqları arasında nifaq salmağa yönəlmiş cəhdləri pisləyib
BAYRAQDAR MEDİA – Eskişehir Azərbaycanlıları Dərnəyi Türkiyə-Azərbaycan qardaşlığını hədəf alan son dövrün süni müzakirələrini, əsassız iddiaları və iki xalq arasında nifaq salmağa yönəlmiş cəhdləri pisləyib.
Dərnəyin yaydığı bəyanatda bildirilib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər adi diplomatik tərəfdaşlıq və ya dövri maraqlara əsaslanan əlaqələrdən çox-çox üstündür. Bu münasibətlər ortaq tarixə, mədəniyyətə, dilə və sarsılmaz mənəvi bağlara söykənir. Qeyd olunub ki, hər iki xalq Çanaqqalada eyni istiqlal idealı uğrunda mübarizə aparıb, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakının azad olunması zamanı yazdığı qəhrəmanlıq dastanını ortaq tarixinin şərəfli səhifəsi kimi yaşadır: “İki dövlət, bir millət” anlayışı sadəcə bir şüar deyil, nəsillər boyu qorunub saxlanılan tarixi məsuliyyətin və ortaq gələcəyə inamın ifadəsidir.
Bəyanatda son günlər Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) XIII Zirvə görüşü və Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə şəxsən iştirak etməməsi ətrafında aparılan spekulyativ müzakirələrə də münasibət bildirilib. Vurğulanıb ki, dövlət başçılarının beynəlxalq tədbirlərdə iştirakı diplomatik təqvimə və dövlət işlərinin tələb etdiyi prioritetlərə uyğun müəyyənləşə bilər. Azərbaycan mətbuatında Prezident İlham Əliyevin əvvəlcədən planlaşdırılmış proqramı və gərgin iş qrafiki səbəbindən zirvə görüşündə iştirak edə bilmədiyi bildirilib.
Bəyanat müəllifləri təsdiqlənməmiş ehtimallar əsasında siyasi nəticələr çıxarılmasını və bu qərarın iki ölkə arasında münasibətlərin pozulması kimi təqdim edilməsini diplomatik reallıqlara uyğun olmayan yanaşma kimi qiymətləndiriblər.
Dərnək hesab edir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun zirvə görüşündə iştirak edərək ölkəmiz adından çıxış etməsi, Türkiyəyə təşəkkürünü bildirməsi, eləcə də iki ölkə arasında diplomatik təmasların davam etməsi qardaşlıq və əməkdaşlığın institusional səviyyədə qorunduğunun konkret göstəriciləridir.
Bəyanatda, həmçinin 21 oktyabr 2026-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığına diqqət çəkilib. Bildirilib ki, hər iki lider qardaşlıq münasibətlərinin inkişaf edərək davam edəcəyinə əminliklərini ifadə ediblər.
“Yalnız bir tədbirdə iştirakla bağlı qərardan çıxış edərək strateji tərəfdaşlığımızı şübhə altına almaq, iki xalq arasında ayrılıq olduğu təəssüratı yaratmaq və bundan siyasi divident qazanmağa çalışmaq nəticəsiz cəhddən başqa bir şey deyil”, – deyə bəyanatda vurğulanıb.
Eskişehir Azərbaycanlıları Dərnəyi jurnalistləri, vətəndaş cəmiyyəti təşkilatlarını və ictimai rəyə təsir göstərən bütün tərəfləri məsuliyyətli davranmağa, təsdiqlənməmiş iddialardan uzaq durmağa və konstruktiv mövqe sərgiləməyə çağırıb. Qeyd olunub ki, tənqid demokratik həyatın təbii elementidir, lakin bu hüquq qardaş iki xalqı üz-üzə qoyan düşmənçilik ritorikasına çevrilməməlidir.
Dərnək Türkiyənin gücünü Azərbaycanın gücü, Azərbaycanın qürurunu isə Türkiyənin qüruru hesab etdiyini bəyan edərək hər iki dövlətin suverenliyinə, milli həssaslıqlarına və strateji maraqlarına hörmət əsasında tarixi qardaşlığın qorunacağını və gələcək nəsillərə ötürüləcəyini bildirib.
Bəyanat bu sözlərlə yekunlaşıb: “Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq müvəqqəti siyasi gündəmlərin deyil, ortaq tarixin, ümumi dəyərlərin və sarsılmaz iradənin məhsuludur. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı və sarsılmaz həmrəyliyi!”






İlk şərhi yaza bilərsiniz