BAYRAQDAR MEDİA – Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini Serdar Ünsal İranda keçirilən “Traktor”-“Malavan” qarşılaşması zamanı rəqib komandanın azarkeşləri tərəfindən türklərə və türk kimliyinə qarşı səsləndirildiyi iddia olunan təhqiramiz ifadələri kəskin pisləyib və “Traktor” komandasına dəstək verib.
Bu barədə guvengazetesi.com.tr saytı məlumat verib.
Məlumata görə, İran Super Liqasında keçirilən oyun zamanı “Malavan” azarkeşlərinin həm fars, həm də türk dillərində təhqiramiz şüarlar səsləndirdiyi bildirilir. Buna etiraz olaraq “Traktor” futbol komandasının meydanı tərk edərək Təbrizə qayıtması Türk dünyasında geniş rezonans doğurub.
Serdar Ünsal bildirib ki, türk kimliyinə qarşı yönələn hər cür təhqirə qətiyyətlə qarşı çıxacaqlar. O, “Malavan” azarkeşlərinin davranışını pisləyərək İranın müvafiq qurumlarını hadisə ilə bağlı hüquqi tədbirlər görməyə çağırıb: “Heç kim türkləri təhqir edə və alçalda bilməz. ‘Traktor’ komandasının sonadək yanındayıq. ‘Traktor’ əsla tək deyil”.
Federasiya rəsmisi klub rəhbərliyinin də məsələyə sərt münasibət bildirdiyini vurğulayıb. O, qarşılaşmanın “Malavan”ın xeyrinə 3:0 hesabı ilə qeydə alınması kimi ədalətsiz qərar veriləcəyi təqdirdə “Traktor”un liqanı tərk etməyi ciddi şəkildə nəzərdən keçirdiyini xatırladıb. Ünsal Asiya Futbol Konfederasiyası (AFC) başda olmaqla aidiyyəti qurumları hadisəni araşdırmağa və məsul şəxslərə qarşı ən sərt tədbirləri görməyə çağırıb.






İlk şərhi yaza bilərsiniz