Press "Enter" to skip to content

Gələcəyə qoyulan daha bir sərmayə

Açılış zamanı

TİKA Bakı Türk Anadolu Liseyində robotik kodlaşdırma laboratoriyası yaradıb

BAYRAQDAR MEDİA – Bir millət iki dövlət olan Azərbaycanla Türkiyə bütün sahələrdə inamla addımlayır. İki qardaş ölkə həmçinin elm və təhsil sahəsində də inamlı addımlar atır. Bu sahədə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) özünəməxsus rolu var. TİKA Bakıda daha bir mühüm prosesə imza atıb. Qurum Bakı Türk Anadolu Liseyinin Əhmədli kampusunda robotik kodlaşdırma laboratoriyası yaradıb.

Semtyabrın 10-da laboratoriyanın açılışı mərasimi keçirildi. Mərasimdə TİKA başqanı Abdullah Eren, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Bakı Türk Təhsil Müəssisələrinin direktoru Abdullah Yılmaz, müəllimlər və valideynlər iştirak edirdilər.

Vətən uğrunda canlarından keçmiş şəhidlərin və vəfat etmiş dövlət xadimlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Türkiyənin İstiqlal Marşı və Azərbaycanın Dövlət Himni səsləndirildi.
Sonra söz natiqlərə verildi.

Abdullah Yılmaz: Şagirdlər hər il müxtəlif robotik yarışlarda uğurla iştirak edirlər

Çıxışına texnologiya laboratoriyalarının yaradılmasında əməyi olan şəxslərə, TİKA-ya və Türkiyənin Azərbaycandakı səfirliyinə minnətdarlıqla başlayan Bakı Türk Anadolu Liseyinin direktoru Abdullah Yılmaz bildirdi ki, Azərbaycanla Türkiyə arasında təhsil və texnologiya sahəsində əməkdaşlığın mühüm istiqamətlərindən biri gənclərin müasir texnologiyalara yiyələnməsi və innovativ layihələrə cəlb olunmasıdır.

Abdullah Yılmaz
Abdullah Yılmaz

Abdullah Yılmaz qeyd etdi ki, 2025-ci ildə Azərbaycanda keçirilən 6 robotik yarışmada məktəbin şagirdləri 5 birincilik və 1 ikincilik əldə edərək Azərbaycanı Panama, ABŞ və beynəlxalq yarışlarda təmsil etmək hüququ qazanıblar: “Şagirdlər hər il müxtəlif robotik yarışlarda uğurla iştirak edirlər. Yeni açılan Əhmədli kampusunda da müasir tələblərə uyğun Robotik kodlaşdırma laboratoriyası yaradılıb. Laboratoriyada fəaliyyət göstərəcək proqram təminatı üzrə mütəxəssis məktəbin kollektivinə cəlb olunub. Yeni laboratoriyanın Azərbaycan və Türkiyə gənclərinin texnologiya, mühəndislik və proqramlaşdırma sahəsində inkişafına, gələcəyin mütəxəssislərinin hazırlanmasına töhfə verməsi nəzərdə tutulur”.

Abdullah Eren: Biz övladlarımızı yerli və milli dəyərlərə sahib, eyni zamanda bütün bəşəriyyəti düşünən, insana dəyər verən mühəndislər kimi yetişdirməliyik

TİKA başqanı Abdullah Eren isə çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyətinə diqqəti yönəltdi: “Türkiyə bütün qurumları ilə burada fəaliyyət göstərir. Maarif Fondumuz, Yunus Əmrə İnstitutumuz, səfirliyimiz, müşavirliklərimiz, Türkiyə Diyanət Vəqfimiz və Türkiyədən burada fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatlarımız Azərbaycandadır. Təbii ki, TİKA da bu sıradadır”.

TİKA sədri Abdullah Eren çıxışında bildirdi ki, qurum Azərbaycanda fəaliyyətə 1990-cı illərin birinci yarısında başlayıb. O qeyd edib ki, TİKA gələn il 35 illiyini qeyd edəcək və bu müddət ərzində Azərbaycanda 1700-dən çox layihə həyata keçirilib: “Adeta bir tale birliyi qurduğumuz Azərbaycanla ‘Bir millət, iki dövlət’ şüarını inkişaf əməkdaşlığında da eyni şəkildə davam etdiririk. İnkişaf sahəsində də “bir ürək, iki bilək” deyirik. Biz eyni zamanda dövlətimiz adından, dövlətimizin maraqları çərçivəsində xidmət göstərir, digər tərəfdən isə insanlara xidmət edirik”.

Abdullah Eren
Abdullah Eren

Qeyd edilib ki, Bakı Türk Anadolu Liseyi də həmin fəaliyyətin bir nümunəsidir: “Bakı Türk Anadolu Liseyi Türkiyə Milli Təhsil Nazirliyi ilə Azərbaycan Milli Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində fəaliyyət göstərir. Burada azərbaycanlı müəllimlərimizlə yanaşı, Türkiyədən gələn təcrübəli müəllimlərimiz də çalışırlar”.

Robotik kodlaşdırma laboratoriyasının şagirdlər üçün xeyirli olmasını arzulayan TİKA sədri süni intellekt inqilabının dünyanı gözlənilməz istiqamətlərə apara biləcəyini dedi.

“Cəmiyyətlərin buna hazır olması lazımdır. Artıq ölkələrin milli təhlükəsizliyi ilə bağlı məsələlər də gündəmdədir. Biz övladlarımızı ayaqları yerə möhkəm basan, yerli və milli dəyərlərə sahib, eyni zamanda bütün bəşəriyyəti düşünən, insana dəyər verən mühəndislər kimi yetişdirməliyik. Buradakı robotik kodlaşdırma sinfində də ümid edirəm ki, uşaqlarımız özlərini inkişaf etdirəcəklər”, – deyə Abdullah Eren bildirdi.

Birol Akgün: “Bir millət, iki dövlət” şüarına ən yaxşı xidmət edən investisiyaların başında insana qoyulan sərmayə gəlir

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə TİKA-nın Azərbaycanda görünən və görünməyən çoxsaylı layihələr həyata keçirdiyini bildirdi. Səfir dedi ki, robotik kodlaşdırma laboratoriyası kənardan çox görünməsə də, burada dünyanı tanıyan, texnologiyanı bilən, yüksək potensiala malik və xoş niyyətli gənclərin yetişməsinə töhfə verəcək.

Birol Akgün
Birol Akgün

Birol Akgün “Bir millət, iki dövlət” şüarına ən yaxşı xidmət edən investisiyaların başında insana qoyulan sərmayənin gəldiyini vurğuladı: “Binalar inşa edə, müharibəni qazana bilərsiniz. Lakin rəqabətin hökm sürdüyü dünyada iqtisadi qələbələri, ictimai uğurları və sosial dayanıqlılığı qorumaq istəyirsinizsə, dövrün tələblərinə uyğun düşüncəyə və lazımi bilik və bacarıqlara malik yaxşı insanlar yetişdirməlisiniz”.

Çıxışlardan sonra TİKA sədri Abdullah Eren və səfir Birol Akgün, onları müşayiət edən nümayəndə heyəti ilə birlikdə robotik kodlaşdırma laboratoriyasına baxış keçirdi, burada quraşdırılan avadanlıqlarla tanış oldular.

Daha sonra TİKA-nın dəstəyi ilə yaradılmış Robotik kodlaşdırma laboratoriyanın açılışı keçirildi. Mərasimdə şagirdlər tərəfindən hazırlanan layihələrin də təqdimatı oldu. Onlar robototexnika və proqramlaşdırma sahəsində hazırladıqları praktiki işləri nümayiş etdirdilər.

Xatirə fotosu
Xatirə fotosu

Tədbir iştirakçılarına Robotik kodlaşdırma laboratoriyasında yaradılan imkanlar barədə məlumat verildi. Yeni laboratoriya lisey şagirdlərinin robototexnika, proqramlaşdırma, mühəndislik və müasir texnologiyalar üzrə praktiki biliklər əldə etməsinə, yaradıcılıq, məntiqi düşünmə və problem həll etmə bacarıqlarının inkişafına imkan yaradacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.