Press "Enter" to skip to content

“Fullamoda” Azərbaycanda fəaliyyətini genişləndirir

Şirkət Həzi Aslanovda 4500 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı

BAYRAQDAR MEDİA – Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq iqtisadi və sosial sahələrdə də uğurla inkişaf edir. Bu baxımdan Türkiyənin tanınmış “Fullamoda” brendinin Azərbaycanda fəaliyyətini genişləndirməsi yeni investisiyaların, iş yerlərinin və iki qardaş ölkənin biznes əlaqələrinin inkişafına töhfə verir.

Lent kəsilərkən
Lent kəsilərkən

Qeyd edək ki, avqustun 12-də “Fullamoda” Bakıda, Həzi Aslanov metrostansiyasının çıxışında yerləşən 4500 kvadratmetrlik yeni filialının rəsmi açılışını keçirdi. Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Milli Məclisin deputatları Vüqar İskəndərov və Razi Nurullayev, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Pənah İmanov, UID Azərbaycanın sədr müavini Ramazan Karaşahin, biznes və media nümayəndələri iştirak edirdilər.

Ferhat Çeğil: “Fullamoda”nın Azərbaycandakı genişlənmə strategiyası bundan sonra da davam etdiriləcək

Mərasimdə çıxış edən “Fullamoda”nın rəhbəri Ferhat Çeğil bildirdi ki, yeni filialın açılışı ilə 50 yeni iş yeri yaradılıb və ölkəyə böyük həcmdə investisiya qoyulub.

Ferhat Çeğil
Ferhat Çeğil

“Biz bu layihəni üç ay ərzində tamamladıq və, demək olar ki, yalnız dörd divardan başladıq. Komanda üzvlərimiz gecə-gündüz çalışdılar. Başda Türkiyədən gələn Seçkin bəy və Ali bəy olmaqla, bütün komanda üzvlərimizə, mühəndislərimizə və əməkdaşlarımıza dərin təşəkkürümü bildirirəm”, – deyə Ferhat Çeğil vurğuladı.

O qeyd etdi ki, “Fullamoda” Türkiyə və xaricdə 125-ə yaxın mağaza, üç istehsal fabriki və 4 200-ə yaxın əməkdaşla fəaliyyət göstərir: “Azərbaycanda ilk mağaza İnşaatçılar metrosu ərazisində açılıb, Həzi Aslanov filialı isə şirkətin ölkədəki ikinci mağazasıdır. Üçüncü mağazanın avqustun 25-də Malakan Bağında açılması nəzərdə tutulur”.

Birol Akgün: “Fullamoda” tekstil brendi artıq öncül markalardan birinə çevrilib

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sahibkarların fəaliyyəti və qarşılıqlı investisiyalarla real məzmun qazanır.

Birol Akgün
Birol Akgün

O qeyd etdi ki, Prezidentlər Recep Tayyip Erdoğan və İlham Əliyevin qarşıya qoyduğu mühüm hədəflərdən biri iki ölkə arasında ticarət dövriyyəsinin 8 milyard dollardan 15 milyard dollara çatdırılmasıdır. Bunun üçün sahibkarların birgə təşəbbüslərinə, qarşılıqlı ticarətə və ortaq investisiyalara daha çox önəm verilməlidir.

Səfir “Fullamoda”nın 50 nəfəri işlə təmin etməsini də yüksək qiymətləndirdi və bildirdi ki, bu, həmin insanların ailələrinin rifahına birbaşa töhfədir. O, mağazada uşaq geyimlərindən kişi geyimlərinə qədər keyfiyyətli və nisbətən əlçatan məhsullar təqdim olunmasını müsbət dəyərləndirdi.

Ramazan Karaşahin: UİD Azərbaycan olaraq həyata keçirilən bu təşəbbüsləri ürəkdən alqışlayırıq

UID Azərbaycanın sədr müavini Ramazan Karaşahin bildirdi ki, “Fullamoda”nın Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığı istiqamətində atdığı addımlar təqdirəlayiqdir.

Ramazan Karaşahin
Ramazan Karaşahin

Onun sözlərinə görə, diaspor fəaliyyətinin güclənməsi üçün iqtisadi baxımdan azad və güclü markaların bir araya gəlməsi vacibdir. Ramazan Karaşahin iqtisadi müstəqilliyin mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, bu istiqamətdə yeni təşəbbüslərin ortaya çıxacağına ümid etdiyini bildirdi.

Pənah İmanov: Bu layihə Azərbaycan siyasətinin və Türkiyə-Azərbaycan qardaşlığının daha bir bariz nümunəsidir

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Pənah İmanov bildirdi ki, belə layihələr Azərbaycanın inkişaf strategiyasının, quruculuq siyasətinin və Türkiyə-Azərbaycan qardaşlığının real nümunəsidir.

Pənah İmanov
Pənah İmanov

O çıxışında qeyd etdi ki, hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev Qara şəhərin Ağ şəhərə çevriləcəyini bildirirdi. Bu gün həmin ərazidə həyata keçirilən genişmiqyaslı layihələr bu uzaqgörən fikirlərin real nəticəsini nümayiş etdirir.

“Bu, Azərbaycan siyasətinin, Azərbaycan iqtisadiyyatının düzgün inkişaf istiqamətinə yönəlmiş siyasətin təntənəsidir. Eyni zamanda, bu, Türkiyə-Azərbaycan qardaşlığının daha bir bariz nümunəsidir”, – deyə Pənah İmanov vurğuladı.

Vüqar İskəndərov: Bu layihə Azərbaycan-Türkiyə qardaşlığının iqtisadi sahədə daha bir nümunəsidir

Milli Məclisin deputatı Vüqar İskəndərov bildirdi ki, layihə Azərbaycanın özəl sektorunun inkişafı və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Vüqar İskəndərov
Vüqar İskəndərov

Onun sözlərinə görə, Türkiyəli iş adamlarının Azərbaycana yatırdığı investisiyalar Bakı ilə yanaşı, Qarabağ, Şərqi Zəngəzur və digər bölgələri də əhatə edir. Deputat yeni mağazada keyfiyyətli və münasib qiymətli məhsulların təqdim olunmasını müsbət qiymətləndirdi.

Razi Nurullayev: Ölkəni ayaqda saxlayan əsas qüvvələrdən biri sahibkarlardır

Milli Məclisin deputatı Razi Nurullayev sahibkarların iqtisadi inkişafda mühüm rol oynadığını bildirdi. O qeyd etdi ki, yeni iş yerlərinin yaradılması, insanların məşğulluğunun təmin olunması və dövlət büdcəsinə vergi ödənişləri sahibkarlığın əsas töhfələrindəndir.

Deputat yeni mağazanın açılmasını və burada insanların işlə təmin olunmasını təqdir etdi.

Razi Nurullayev
Razi Nurullayev

Qeyd edək ki, yeni filial “Fullamoda”nın inkişaf strategiyasında mühüm mərhələdir. Həzi Aslanov mağazası əvvəlki filiallardan fərqli olaraq qadın geyimləri ilə yanaşı, kişi və uşaq kolleksiyalarını da təqdim edir. Bununla brend ailənin bütün üzvləri üçün vahid alış-veriş ünvanına çevrilir.

Tədbir ənənəvi lent kəsimi mərasimi ilə başa çatdı və mağaza müştərilərin ixtiyarına verildi.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.