Son yeniləmə: 12 Noyabr 2026
Türk dünyasının qadın liderləri ortaq gələcək naminə görüşdülər
Nodira Kayimova – Özbəkistan Dövlət Xəbər Agentliyinin Türkiyə üzrə müxbiri
BAYRAQDAR MEDİA – Türk dünyasının müxtəlif coğrafiyalarından olan qadın liderlər, alimlər, dövlət qurumlarının nümayəndələri və iş dünyasının tanınmış simaları Erzincanda keçirilən beynəlxalq konqresdə bir araya gəliblər. İştirakçılar arasında olan Özbəkistan Dövlət Xəbər Agentliyinin Türkiyə üzrə müxbiri Nodira Kayimova bu tədbirlə bağlı gözəl bir yazı qələmə alıb. Yazının müəllifin istəyinə uyğun olaraq Azərbaycan türkcəsinə tərcümə variantını oxucularımıza təqdim edirik:
Türk dünyasının müxtəlif coğrafiyalarından olan qadın liderlər, alimlər, dövlət qurumlarının nümayəndələri və iş dünyasının tanınmış simaları Erzincanda keçirilən beynəlxalq konqresdə bir araya gəliblər. Erzincan Binali Yıldırım Universitetinin ev sahibliyi etdiyi konqresdə qadınların tarixi irsi, ictimai transformasiyadakı rolu və qlobal liderlik baxışı müzakirə olunur.
Türk dünyasının qadınları ortaq keçmişin təcrübəsini gələcəyin hədəfləri ilə birləşdirmək məqsədilə Erzincanda toplaşıblar. Erzincan Binali Yıldırım Universitetinin Qadın və Ailə Araşdırmaları Tətbiq və Tədqiqat Mərkəzinin təşkil etdiyi “Bozqırın qızlarından qlobal liderlərə: Türk dünyasının qadın liderləri konqresi” noyabrın 12-də, cümə axşamı günü keçirilən açılış mərasimi ilə işə başlayıb.
“Ortaq keçmiş, güclü gələcək” mövzusu altında təşkil olunan konqres Türk dünyasının müxtəlif ölkələrindən qadın liderləri, alimləri, dövlət qurumlarının nümayəndələrini və iş adamlarını eyni platformada bir araya gətirir. İki gün davam edəcək tədbirdə qadınların siyasət, diplomatiya, iqtisadiyyat, təhsil, elm, mədəniyyət və vətəndaş cəmiyyəti sahələrindəki rolları hərtərəfli müzakirə olunur.
Konqresə rəhbərlik edən dosent Kader Altının sədrliyi ilə keçirilən tədbirdə qadınların qərar qəbuletmə mexanizmlərində təmsilçiliyi, sahibkarlıq fəaliyyəti, akademik nailiyyətləri və ictimai inkişafa töhfələri əsas müzakirə mövzuları sırasındadır. Müxtəlif coğrafiyalardan gələn iştirakçıların bilik və təcrübələrini bölüşəcəkləri sessiyalarda Türk toplumlarının tarixi inkişafında qadınların üzərinə götürdükləri məsuliyyətlər və müasir liderlik anlayışı birlikdə dəyərləndirilir.
Mama Xatunun irsi qadIn liderliyinə işIq salır
Konqresin diqqətçəkən tədbirlərindən biri noyabrın 13-də, cümə günü keçiriləcək Tercan mədəniyyət turu olacaq. Konqres iştirakçıları Anadolu tarixində idarəçi kimliyi ilə seçilən Mama Xatunun adını daşıyan tarixi külliyəni ziyarət edəcəklər.
Təxminən səkkiz əsrlik tarixə malik Mama Xatun külliyəsi türbəsi, memarlığı və tarixi ab-havası ilə Anadolunun mühüm mədəni irs nümunələri sırasındadır. Saltuklu hökmdarı II İzzəddin Saltukun qızı Mama Xatunun tarixi şəxsiyyəti, yaşadığı dövrdə üzərinə götürdüyü idarəçilik məsuliyyəti və yaratdığı əsərlər konqresin qadın liderliyi istiqamətindəki yanaşmasına xüsusi məna qazandırır.
Əsrlər əvvəl Anadolunun siyasi və ictimai həyatında iz qoymuş qadın hökmdarın irsinin bu gün Türk dünyasının müxtəlif ölkələrindən gələn qadın nümayəndələr tərəfindən yerində tanınması keçmişlə gələcək arasında mənalı bağ yaradacaq. Beləliklə, konqres qadın liderliyini yalnız akademik sessiyalarda müzakirə etməklə kifayətlənməyəcək, həm də tarixi irslə birbaşa tanış olmaq imkanı yaradacaq.
Erzincanın tarixi irsi konqresə xüsusi məna qatır
Beynəlxalq görüşə ev sahibliyi edən Erzincan zəngin tarixi keçmişi və mədəni dəyərləri ilə konqresin mövzusunu tamamlayan mühüm şəhər kimi diqqət çəkir. Əsrlər boyu müxtəlif sivilizasiyalara ev sahibliyi etmiş şəhər İpək Yolu marşrutu üzərindəki mövqeyi sayəsində ticarət və mədəni qarşılıqlı əlaqənin əsas mərkəzlərindən biri olub.
Urartu, Fars, Roma və Bizans dövrlərinin izlərini daşıyan Erzincan Malazgird zəfərindən sonra türk hakimiyyəti altına keçib. Mengücəklər bəyliyi dövründə bölgədə memarlıq, ticarət və mədəni həyat inkişaf edib, Anadolu Səlcuqları, Elxanilər və Osmanlı dövrləri də şəhərin tarixi kimliyinin formalaşmasına təsir göstərib.
Kəmah qalası, Altıntəpə Urartu yaşayış məskəni, Sultan Məlik türbəsi və Mama Xatun külliyəsi kimi tarixi abidələr Erzincanın çoxqatlı keçmişini bu günə daşıyır. Bu baxımdan şəhər konqres çərçivəsində Türk dünyasının ortaq tarixi və mədəni dəyərlərinin yenidən kəşf edilməsinə də imkan yaradır.
Beynəlxalq qurumlardan güclü dəstək
Konqres milli və beynəlxalq səviyyədə fəaliyyət göstərən çoxsaylı qurumların töhfə və dəstəyi ilə keçirilir. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Xaricdəki Türklər və Qohum Topluluqlar İdarəsi (YTB), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkiyə Radio və Televiziya Qurumu (TRT), Şimal-Şərqi Anadolu İnkişaf Agentliyi (KUDAKA) və Qadın və Demokratiya Fondu (KADEM) başda olmaqla, çoxsaylı qurum və təşkilatlar tədbirə dəstək verirlər.
Müxtəlif sahələrdə fəaliyyət göstərən qurumların töhfələri konqresin akademik tədbir çərçivəsindən kənara çıxaraq mədəni diplomatiya, ictimai həmrəylik və beynəlxalq kommunikasiya platformasına çevrilməsinə kömək edir. Konqres çərçivəsində qurulacaq əlaqələrin Türk dünyasında qadınlara yönəlmiş birgə layihələrin hazırlanmasına, elmi tədqiqatların şaxələndirilməsinə və ölkələr arasında mədəni münasibətlərin gücləndirilməsinə zəmin yaradacağı gözlənilir.
Erzincandan ortaq gələcəyə mesaj
Noyabrın 12-də, cümə axşamı günü saat 09:30-da Erzincan Binali Yıldırım Universitetinin Erdoğan Büyükkasap Konqres və Mədəniyyət Mərkəzində açılışı keçirilən konqres noyabrın 13-də, cümə günü də müxtəlif sessiyalarla davam edəcək. Proqramın günortadan sonrakı hissəsində iştirakçılar Tercandakı Mama Xatun külliyəsini ziyarət edərək Anadolunun tarixi irsi ilə tanış olacaqlar.
Erzincanda başlayan bu beynəlxalq tədbir Türk dünyasının müxtəlif coğrafiyalarında yaşayan qadınlar arasında bilik və təcrübə mübadiləsini gücləndirməyi, birgə layihələr üçün zəmin yaratmağı və davamlı əməkdaşlığın inkişafına nail olmağı hədəfləyir.
Bozqırın qızları Erzincanda keçmişin güclü qadınlarından aldıqları ilhamla gələcəyi müzakirə edirlər. Ortaq tarix, mədəni irs və həmrəylik ətrafında formalaşan bu görüş Türk dünyasının qadınlarını ortaq gələcək baxışı ətrafında bir araya gətirir.










İlk şərhi yaza bilərsiniz