Yaxud Bakıda keçirilən qala gecəsində səslənən qardaşlıq mesajları
BAYRAQDAR MEDİA – “Bir millət, iki dövlət” fəlsəfəsinə söykənən Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı əsrlərin dərinliklərinə gedib çıxır. Bu qardaşlıq tariximizin müxtəlif dövrlərində, istər xoş günlərdə, istərsə də çətin və ağır sınaq anlarında özünü doğruldub, bütün sınaqlardan üzüağ çıxıb. Bu qardaşlığın gücü həm də xalqlarımız arasında mövcud olan möhkəm mədəni bağlardan qaynaqlanır. Müasir dövrdə isə bu mədəni əlaqələrin daha da gücləndirilməsi və dərinləşdirilməsi istiqamətində davamlı addımlar atılır.
“Tarixin qəlbi, Xəzərin sahilində Şanlıurfa” adlı qala gecəsi
Elə Bakıda Şanlıurfanın tarixi və mədəni irsini tanıtmaq məqsədilə keçirilən “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” adlı ikigünlük tədbir də bu məqsədə xidmət edir. Xatırladaq ki, tədbir Bakı Yunus Emre İnstitutunun ev sahibliyi, Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) dəstəyi, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin töhfələri və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq çərçivəsində reallaşır.

Proqram sentyabrın 4-də Bakıda keçirilən “Tarixin qəlbi, Xəzərin sahilində Şanlıurfa” adlı qala gecəsi ilə başladı.
Mərasimdə Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar, Yunus Emre İnstitunun başqan yardımçısı Ömer Yıldız, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Fazıl Mustafa və Məlahət İbrahimqızı, Türkiyənin Bakıdakı səfiri professor doktor Birol Akgün, Samsat Bələdiyyəsinin sədri Halil Fırat, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin məclis üzvləri Ahmet Oruç, Ömer Faruk Aksoy, Dilan Doğan, Mehmet Özyavuz və Ali Samar, Böyükşəhər Bələdiyyəsinin Xarici Əlaqələr İdarəsinin rəhbəri Elif Esra Önal, TÜİB sədri Hüseyn Böyükfırat və çoxsaylı dəvətlilər iştirak edirdilər.
Mehmet Kasım Gülpınar: Bakı ilə Urfa arasında kilometrlərlə məsafə ola bilər, amma ürəklərimiz arasında heç vaxt məsafə olmayıb
Qala gecəsində çıxış edən Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar “Bakı ilə Urfa arasında kilometrlərlə məsafə ola bilər, amma ürəklərimiz arasında heç vaxt məsafə olmayıb” deyərək, Türkiyə-Azərbaycan qardaşlığına diqqət çəkdi.

Çıxışda qeyd edildi ki, Şanlıurfanın minilliklərə söykənən tarixinin, mədəniyyətinin, incəsənətinin, musiqisinin, ənənəvi mətbəxinin və qədim dəyərlərinin Azərbaycanda tanıdılması məqsədilə təşkil olunan tədbirlər sentyabrın 4-dən 6-dək Bakıda keçirilir. UNESCO tərəfindən Musiqi Şəhəri adına layiq görülən Şanlıurfanın zəngin musiqi mədəniyyətinin də ön plana çıxarıldığı tədbirlərdə şəhərin ənənəvi musiqisi, “sıra gecəsi” mədəniyyəti və özünəməxsus sənət anlayışı azərbaycanlılarla görüşdürülür.
Mehmet Kasım Gülpınar bildirdi ki, Şanlıurfa süfrəsi yalnız yeməklərin paylaşıldığı bir məkan deyil, həm də dostluğun, qardaşlığın və məhəbbətin rəmzidir: “Bu gün burada açdığımız bu süfrənin də dostluğumuzun gözəl rəmzi olduğuna inanıram. Arzu edirəm ki, bu görüşlərimiz bundan sonra da davam etsin. Bir-birimizi daha çox ziyarət edək, mədəniyyətimizi paylaşaq və iki gözəl şəhərin dostluğunu daha da möhkəmləndirək”.
Şanlıurfanın Tanıtım Günlərinin Azərbaycan kimi qardaş ölkədə başlanmasının onlar üçün xüsusi məna daşıdığını bildirən M.K.Gülpınar tədbirin təşkilinə töhfə verən qurumlara, təşkilatlara və iş adamlarına təşəkkür etdi.
Birol Akgün: Xəzərin sahilində, Bakıda tədbir təşkil edilməsi və “Şanlıurfa Günləri”ni keçirilməsi bizim üçün həqiqətən çox mənalı hadisədir
Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri professor doktor Birol Akgün Şanlıurfa kimi qədim tarixə malik bir şəhərin Xəzərin sahilində tanıdılmasının onlar üçün əhəmiyyətli olduğunu bildirərək, Şanlıurfanın mədəni dəyərlərinin Bakıda təqdim edilməsindən məmnunluğunu ifadə etdi: “Türkiyə və Azərbaycan sadəcə dost və qardaş deyil, bizim taleyimiz də birdir. Çünki dünyada nizamın pozulduğu bir dövrdə bizim əlaqələrimiz nümunədir. Aramızdakı münasibətlərin iqtisadi və sosial tərəflərindən ayrıca danışmağa ehtiyac yoxdur. Çünki bizim çox uzun tariximiz, ortaq mədəniyyətimiz var. Dilimiz bir, inancımız bir, tariximiz birdir”.

Çıxışına davam edən səfir bildirdi ki, Azərbaycan-Türkiyə əməkdaşlığı, qardaşlığı hər sahədə öz sözünü deyir: “Xüsusilə, bu münasibətlərin yalnız ölkələr arasında deyil, şəhərlər arasında da inkişaf etməsi bizim üçün böyük əhəmiyyət daşıyır. Qardaş şəhər layihələri, qardaş məktəb layihələri və digər bu kimi təşəbbüslər münasibətlərimizə məna və dərinlik qazandıran çox gözəl nümunələrdir. Təbii ki, bütün bunları həyata keçirərkən, xüsusilə, qədim və köklü tarixə malik Şanlıurfa kimi bir şəhərin gəlib burada, Xəzərin sahilində, Bakıda tədbir təşkil etməsi və “Şanlıurfa Günləri”ni keçirməsi bizim üçün həqiqətən çox mənalı hadisədir”.
Ömer Yıldız: Bakıda Şanlıurfanın mədəniyyətinin tanıdılmasına həsr olunmuş tədbir iki xalq arasında ortaq bağların daha da güclənməsinə töhfə verəcək
Qala gecəsində çıxış edən Yunus Emre İnstitutunun başqan yardımçısı Ömer Yıldız isə “Bakıda Şanlıurfanın mədəniyyətinin tanıdılmasına həsr olunmuş tədbir iki xalq arasında ortaq bağların daha da güclənməsinə töhfə verəcək “ dedi.
O, Yunus Emre İnstitunun bu istiqamətdə fəaliyyətlərə dəstək verdiyini, gələcəkdə də oxşaq layihələrin reallaşdırılacağını qeyd etdi.

Mərasimdə çıxış edən Milli Məclisinin deputatı Fazıl Mustafa isə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin hər keçən gün daha da möhkəmləndiyini qeyd edərək, bu cür mədəni tədbirlərin iki ölkə arasındakı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını söylədi.
Deputat Məlahət İbrahimqızı da Şanlıurfanın tarixi və mədəni əhəmiyyətinə diqqət çəkərək, Şanlıurfanın Azərbaycandakı Mədəniyyət Günlərinin keçirilməsindən məmnunluğunu ifadə etdi.
Qala gecəsində çıxış edən TÜİB sədri Hüseyn Böyükfırat öncə tədbirin reallaşdırılmasında Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınarın dəstəyinin mühüm rol oynadığını bildirdi. O, həmçinin təşkilata töhfə verən hər kəsə təşəkkür etdi.
“Urfa Ahəngi”nin sədaları altında Şanlıurfanın ənənəvi ləziz təamları təqdim olundu
Çıxışlardan sonra Şanlıurfanın ənənəvi ləziz təamları da azərbaycanlı qonaqların diqqətinə təqdim olundu. Gecədə şəhərin simvolik ləzzətlərindən olan çiy köftə ilə yanaşı, isti iqlimdə sərinləşdirici içki kimi tanınan meyan şərbəti və özünəməxsus təqdimatı və ətri ilə seçilən mırra da qonaqlara ikram edildi.

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən “Urfa Ahəngi” kollektivinin Şanlıurfa musiqisinin bir-birindən gözəl əsərlərini ifa etməsi isə gecəyə bir başqa rəng qatdı.
Tədbirdə Azərbaycan xalq oyunları və folklor kollektivi də səhnəyə çıxaraq ənənəvi çıxışlarını təqdim etdi. Şanlıurfa və Azərbaycanın zəngin folklor dəyərlərinin eyni səhnədə bir araya gəldiyi nümayişlər dəvətlilər tərəfindən böyük maraqla qarşılandı.
Proqram çərçivəsində Dilruba Kaya adlı uşaq da Şanlıurfa şeirini səsləndirib.










İlk şərhi yaza bilərsiniz