Oral Büyüksarı: Bu birlik türk dünyasının inteqrasiyasının daha da dərinləşməsinə təkan verəcək
BAYRAQDAR MEDİA – 8 Noyabr – Zəfər Günü münasibətilə Türkiyənin Eskişehir şəhərində “44 Günlük Şanlı Qarabağ Zəfəri” adlı tədbir təşkil olunub. “Eskişehirin Renkleri Platformu”, Eskişehir Azərbaycanlılar Dərnəyi (ESAZDER) və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) əməkdaşlığı ilə keçirilən tədbir Eskişehir Böyükşəhər Bələdiyyəsinin Taşbaşı Mədəniyyət Mərkəzində reallaşıb.
Bu barədə təşkilatçılardan məlumat verilib.
Məlumata görə, tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

“Eskişehirin Renkleri Platformu”nun sədri Oral Büyüksarı və Eskişehir Azərbaycanlılar Dərnəyi sədrinin müavini Sirac Yaquboğlu Zəfər Gününün tarixi əhəmiyyətindən, Azərbaycan-Türkiyə qardaşlığından və xalqlarımız arasında sarsılmaz həmrəylik ənənələrindən bəhs ediblər. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub.
Sirac Yaquboğlu çıxışında iki ölkə arasındakı qardaşlıq münasibətlərinin tarixi köklərinə toxunub. O, Əhməd Cavadın Balkan müharibələri zamanı Osmanlıya dəstək məqsədilə həyata keçirdiyi yardım fəaliyyətlərini, eləcə də 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Azərbaycana göstərdiyi dəstəyi xatırladaraq bu həmrəyliyin bu gün də davam etdiyini vurğulayıb.
Oral Büyüksarı isə çıxışında deyib ki, Azərbaycanın 6 il əvvəl Vətən savaşında əldə etdiyi Zəfər Türkiyədə də böyük sevinclə qarşılandı: “Bu da təbiidir. Çünki biz qardaşıq. Bu baxımdan Azərbaycanın hər bir zəfəri bizim zəfərimiz, bizim zəfərimiz isə Azərbaycanın zəfəridir. Bütün dünya da bunu bilməlidir.”

Oral Büyüksarı Azərbaycanın 44 günlük Vətən savaşında qazandığı qələbənin Türkiyənin hər yerində olduğu kimi Eskişehirdə də böyük coşqu ilə qarşılandığını bildirib: “Bu, təkcə Azərbaycanın deyil, eyni zamanda, türklüyün zəfəri idi. Biz eskişehirlilər də bu tarixi Zəfərin 6-cı ildönümü münasibətilə bir daha azərbaycanlı qardaşlarımızı təbrik edirik”.
Türkiyə-Azərbaycan qardaşlığının türk dünyasının daha da birləşməsi üçün təkan rolunu oynadığını deyən O.Büyüksarı daha sonra bildirib: “Azərbaycanla Türkiyə birlikdə daim irəli gedəcək və bu birlik türk dünyasının inteqrasiyasının daha da dərinləşməsinə təkan verəcək. Çünki biz “Dildə, fikirdə, işdə birlik” fəlsəfəsi əsasında hərəkət edirik. Türk dünyası məhz bu fəlsəfə əsasında inkişaf edəcək. Bir olsaq dünyada heç bir güc bizə qalib gələ bilməz”.

Tədbir çərçivəsində Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlərini və qəhrəmanlıq tarixini əks etdirən bədii proqram təqdim olunub. Nuranə Süleymanzadə “Sarı gəlin”, “Zəfər”, Nuray Novruzzadə Xarıbülbülə həsr olunan rəqs kompozisiyası ilə çıxış edib. Fatimə Novruzlu “Ayağa qalx, Azərbaycan”, Solmaz İsgəndərli “Vətən” şeirini, Elvin Məmmədli isə şəhid Xudayar Yusifzadənin ifası ilə tanınan “Xudayar təsnifi”ni səsləndirib. Konsert proqram Kənan Hüseynovun musiqi ifaları ilə davam edib.
Tədbirin təsirli anlarından biri Nuray Novruzzadənin təqdim etdiyi “şəhid anası” monoloqu olub. Şəhid analarının övlad həsrətini, Vətən uğrunda canından keçən qəhrəmanlara duyulan ehtiram və minnətdarlıq bildirən səhnə iştirakçıların böyük marağı ilə qarşılanıb. Proqram çərçivəsində, həmçinin fləşmob nümayiş etdirilib.
Sonda Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın çıxış edərək Zəfər Gününün xalqımızın milli qürur və birlik rəmzi olduğunu vurğulayıb.

Tədbir iştirakçıların səhnəyə dəvət olunması və “Azərbaycan, sənsən mənim” mahnısının birlikdə ifa edilməsi ilə başa çatıb.
Qarabağ Zəfərinin anıldığı proqram Azərbaycanın tarixi mübarizəsini və milli yaddaşını mədəni tədbirlər vasitəsilə yaşatmaqla yanaşı, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətini bir daha vurğulayıb.






İlk şərhi yaza bilərsiniz