BAYRAQDAR MEDİA – Oktyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində (AMXM) Vətən müharibəsində qazanılmış Zəfərin altıncı ildönümünə həsr olunmuş “Çapanda ağ-boz atın büdrəməsin” adlı sərgi açılacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Mədəniyyət Nazirliyi, AMXM və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə döyüş atı mövzusu tarixi, mədəni və fəlsəfi aspektlərdən təqdim olunacaq. Qeyd edək ki, bu istiqamətdə ilk sərgi 2025-ci ildə döyüş silahları mövzusuna həsr olunub və uğurla keçirilib. Ekspozisiyada yerli və türkiyəli müasir rəssam və heykəltəraşların 50-dən çox əsəri – rəngkarlıq, heykəltəraşlıq, qrafika və dekorativ-tətbiqi sənət nümunələri yer alacaq. Qobustan və Gəmiqaya qayaüstü təsvirlərindən, daş salnamələrdən, miniatür sənətindən və monumental rəngkarlıq ənənələrindən ilhamlanaraq yaradılan əsərlərdə Azərbaycan tarixinin şanlı səhifələri və görkəmli şəxsiyyətləri də əksini tapacaq. Layihənin əsas məqsədi Azərbaycan xalqının tarixi yaddaşında və mədəni irsində xüsusi yer tutan döyüş atı obrazını yeni bədii interpretasiyalarda təqdim etməkdir. Sərgidə at yalnız döyüş vasitəsi deyil, həm də insanın sirdaşı, yol bələdçisi və xilaskarı, əcdad yaddaşının daşıyıcısı kimi təcəssüm olunacaq”.
Daha sonra xəbərdə, “sərgi çərçivəsində kolleksionerlər Yusif Bağırzadə və İlqar Həsənəlizadənin şəxsi kolleksiyalarından XVII–XXI əsrlərə aid tarixi silah nümunələri və onların replikaları təqdim ediləcək. Eksponatlar arasında şahzadə Abbas Mirzə Qacarın, II Şah Abbasın, Səfəvi dövlətinin vilayətlərindən birinin hakiminin və Şəki xanlarının istifadə etdikləri silahlar, eləcə də Sultan Uzun Həsən və Şah İsmayıl Xətaiyə aid silahların, həmçinin zülfüqar qılıncı və şaşkanın ənənəvi üsullarla hazırlanmış replikaları yer alacaq. Döyüş atı mövzusunda süjetlərlə bəzədilmiş ənənəvi formalı sandıq da sərginin diqqətçəkən eksponatlarından biri olacaq. Sərginin nəfis tərtibatlı kataloqu Türkiyənin partnyor “Thereplika” nəşriyyatı tərəfindən hazırlanıb” deyə bildirilir.
Sərgi noyabrın 15-dək davam edəcək.






İlk şərhi yaza bilərsiniz