Press "Enter" to skip to content

Azərbaycanın yaratdığı yeni reallıqlar Avropanın siyasi gündəliyində

Nadir Azəri

BAYRAQDAR MEDİA – Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər Cənubi Qafqazın siyasi mənzərəsini köklü şəkildə dəyişdirdi. Bu qələbə nəticəsində ölkəmiz işğal altında olan torpaqlarını azad etdi, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı ilə isə dövlət suverenliyini bütün ərazisində tam bərpa etdi. Beləliklə, Azərbaycan yalnız özünün ərazi bütövlüyünü təmin etməklə kifayətlənmədi, eyni zamanda Türk dünyası üçün də böyük tarixi və siyasi əhəmiyyət daşıyan bir uğura imza atdı.

Lakin əldə olunan Zəfərin əhəmiyyəti bununla bitmədi. Azərbaycan hərbi-siyasi qələbəsi ilə regionda yeni reallıqlar formalaşdırdı və Cənubi Qafqazın gələcək inkişafı üçün tamamilə fərqli bir mərhələnin əsasını qoydu. Bu gün həmin reallıqların beynəlxalq səviyyədə qəbul edilməsi də getdikcə daha aydın görünür. Dünyanın aparıcı dövlətləri Azərbaycanın yaratdığı yeni geosiyasi vəziyyətlə hesablaşmağın, regionda sabitliyin və iqtisadi inkişafın təmin olunmasının bu reallıqlar nəzərə alınmadan mümkün olmadığının fərqindədirlər.

Eyni yanaşmanın Avropada da möhkəmlənməsi diqqət çəkir. Əvvəlki dövrlərdə Cənubi Qafqaz regionundakı son duruma münasibətdə fərqli siyasi yanaşmaların mövcudluğuna baxmayaraq, bu gün Avropa ölkələri Bakı ilə əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar. Çünki Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi, yeni nəqliyyat-kommunikasiya imkanlarının yaradılması və iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil.

Prezident İlham Əliyevin Dublinə səfəri və Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş verən hadisələr də məhz bu mənzərənin ayrı-ayrı təzahürləri kimi diqqəti cəlb edir. Dövlət başçısının sammitdəki çıxışı, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Böyük Britaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin yeni sənədlə təsbit olunması, eləcə də Ermənistanın baş naziri ilə keçirilən görüş Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunu nümayiş etdirir. Bütün bunların arxasında vahid siyasi məntiq dayanır: Azərbaycan müharibədən sonrakı dövrdə formalaşdırdığı yeni reallıqları qarşıdurma üçün deyil, sülh, qarşılıqlı faydalı əməkdaşlıq və davamlı inkişaf üçün əsas kimi təqdim edir. Əgər Qərb Cənubi Qafqazda uzunmüddətli sabitliyin bərqərar olmasında həqiqətən maraqlıdırsa, bu yanaşmanı düzgün qiymətləndirməli və regiona münasibətdə siyasətini mövcud reallıqlar üzərində qurmalıdır.

Dublin sammiti Azərbaycanın artan beynəlxalq nüfuzunun növbəti bariz göstəricisidir

Beləliklə, öncə onu qeyd edək ki, Prezident İlham Əliyevin Dublin səfəri diplomatik təmasların intensivliyi və müzakirə olunan məsələlərin əhatə dairəsi baxımından xüsusi əhəmiyyət daşıdı. Avropa Siyasi Birliyinin sammiti çərçivəsində dövlət başçısı cəmi bir gün ərzində Ukrayna, Moldova, Bolqarıstan, Ermənistan, Yunanıstan, Çexiya, Rumıniya və Litvanın liderləri, Avropa İttifaqı Şurasının Prezidenti, eləcə də Böyük Britaniyanın Baş naziri ilə 10 görüş keçirdi. Bir sammit çərçivəsində bu qədər çoxsaylı yüksək səviyyəli təmasın baş tutması Azərbaycanın Avropa siyasi məkanında artan əhəmiyyətinin göstəricisidir. Görüşlərin qarşı tərəflərin təşəbbüsü ilə keçirilməsi barədə yayılan məlumatlar da bu mənzərəni tamamlayan mühüm məqamlardandır.

Bu təmasların əhəmiyyətini yalnız görüşlərin sayı ilə ölçmək düzgün olmazdı. Əsas məsələ Azərbaycanın müxtəlif siyasi və iqtisadi məsələlər üzrə aparıcı dövlətlərlə birbaşa dialoq imkanlarını genişləndirməsi, regional proseslərə dair mövqeyini beynəlxalq səviyyədə çatdırmasıdır. Dublin sammitindəki görüşlər bir daha göstərdi ki, Azərbaycan artıq Avropa ilə münasibətlərdə yalnız enerji təchizatçısı və ya coğrafi baxımdan mühüm tranzit ölkə kimi deyil, siyasi dialoqda və regional təhlükəsizlik məsələlərində də nəzərə alınan tərəfdaş kimi çıxış edir.

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur

Sammitin diqqətçəkən məqamlarından biri Prezident İlham Əliyevin “Rəqabətqabiliyyətli Avropanın yaradılması: innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda təşkil olunan xüsusi dəyirmi masada iştirakı və çıxışı oldu. Dövlət başçısı Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracının 2022-ci ildən bəri 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatdığını, hazırda Azərbaycan qazının İttifaqın 10 üzv ölkəsinə nəql edildiyini diqqətə çatdırdı.

Bu rəqəmlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində tutduğu yerin getdikcə möhkəmləndiyini göstərir. Son illərdə qlobal enerji bazarında baş verən dəyişikliklər və enerji mənbələrinin şaxələndirilməsi zərurəti ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Bununla yanaşı, Prezident İlham Əliyevin bərpa olunan enerji mənbələrinin gələcək perspektivlərinə toxunması əməkdaşlığın yalnız mövcud enerji resursları ilə məhdudlaşmadığını ortaya qoydu. Azərbaycan həm təbii qazın etibarlı ixracatçısı, həm də yaşıl enerji layihələrinin inkişafında Avropa üçün perspektivli tərəfdaş kimi çıxış edir.

Dublin səfərinin digər mühüm nəticəsi Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinin rəsmiləşdirilməsi oldu. İmzalanmış sənəd iki ölkə arasındakı əlaqələrin gələcək inkişafı üçün yeni siyasi çərçivə müəyyənləşdirir. Beləliklə, Azərbaycan ABŞ və Almaniya ilə münasibətlərində strateji əməkdaşlıq istiqamətində atdığı addımlardan sonra Böyük Britaniya ilə də əlaqələrini bu səviyyədə möhkəmləndirdi.

Prezident İlham Əliyevin açıqladığı məlumatlara əsasən, Azərbaycanın təxminən 30 ölkə ilə strateji tərəfdaşlıq sənədləri mövcuddur və həmin ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür. Bu göstərici ölkəmizin xarici siyasətinin coğrafi əhatəsini və beynəlxalq münasibətlər sistemində qazandığı mövqeyi aydın şəkildə nümayiş etdirir.

Son aylarda ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasının, Almaniya ilə strateji gündəliyə dair sənədin, Böyük Britaniya ilə isə Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması Azərbaycanın aparıcı Qərb dövlətləri ilə əlaqələrində davamlı addımların atıldığını təqsdiqləyir. Eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin 2026-cı ildə Bakıya səfərləri də Azərbaycanla Avropa arasında siyasi dialoqun yüksək səviyyədə davam etdirildiyini təsdiqləyir.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan müxtəlif beynəlxalq güc mərkəzləri ilə münasibətlərini qarşılıqlı maraqlar, milli mənafelər və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirir. Strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsi də məhz bu çoxşaxəli xarici siyasətin nəticəsi kimi qiymətləndirilməlidir.

Orta Dəhliz və yaşıl enerji əməkdaşlığın əsas istiqamətləri kimi

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın gələcək perspektivləri bir neçə mühüm istiqamətin paralel inkişafından asılıdır. Bu baxımdan enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələri və Orta Dəhliz xüsusi əhəmiyyət kəsb edir. Sözügedən istiqamətlər həm Avropanın iqtisadi və strateji maraqlarına cavab verir, həm də Azərbaycanın beynəlxalq əməkdaşlıq sistemində mövqeyini daha da gücləndirir.

Təbii qaz ixracı Avropanın enerji mənbələrini şaxələndirmək siyasətində Azərbaycanın rolunu ön plana çıxarır. Bununla yanaşı, Xəzər hövzəsinin bərpa olunan enerji imkanları gələcək əməkdaşlığın yeni mərhələsi üçün geniş perspektivlər açır. Azərbaycanın yaşıl enerji potensialının reallaşdırılması, bu sahədə infrastrukturun inkişafı və Avropa bazarlarına enerji nəqlinin mümkün istiqamətlərinin formalaşdırılması tərəfdaşlığın uzunmüddətli məzmununu müəyyən edən amillər sırasındadır.

Nəqliyyat və logistika sahəsində isə Orta Dəhliz Azərbaycanın strateji əhəmiyyətini daha aydın nümayiş etdirir. Bu marşrut ölkəmizin Avropa ilə Mərkəzi Asiya arasında əlaqələndirici mövqeyini möhkəmləndirir, beynəlxalq yükdaşımalar üçün alternativ imkanlar yaradır. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir vaxtda Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı sərmayələr və tranzit imkanlarının genişləndirilməsi ölkəmizin əhəmiyyətini artırır.

Beləliklə, Bakı ilə Brüssel arasındakı əməkdaşlıq artıq yalnız enerji tədarükü məsələlərindən ibarət deyil. Nəqliyyat-kommunikasiya əlaqələri, yaşıl enerji və iqtisadi inteqrasiya perspektivləri bu münasibətlərin daha geniş strateji məzmun qazanmasına şərait yaradır.

Azərbaycanın irəli sürdüyü sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyi üçün real imkanlar yaradır

Dublin sammiti çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş də səfərin mühüm siyasi hadisələrindən biri oldu. Bu təmas 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaların davamı baxımından əhəmiyyət daşıyırdı. Görüş zamanı tərəflər nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticarət münasibətləri, sərhədlərin delimitasiyası, eləcə də etimad quruculuğu tədbirləri ətrafında fikir mübadiləsi apardılar.

Müzakirə olunan məsələlərin mahiyyəti göstərir ki, sülh gündəliyində diqqət artıq yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Əsas vəzifə əldə edilmiş razılaşmaların konkret mexanizmlər vasitəsilə həyata keçirilməsi, regional kommunikasiyaların açılması və iqtisadi əlaqələrin formalaşdırılmasıdır. Bu istiqamətdə atılacaq addımlar Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunmasına mühüm töhfə verə bilər.

Təbii ki, onilliklər ərzində davam etmiş münaqişədən sonra etimadın formalaşdırılması və münasibətlərin yeni müstəviyə keçirilməsi müəyyən zaman tələb edir. Bununla belə, Azərbaycanın irəli sürdüyü sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyi üçün real imkanlar yaradır. Bu prosesin uğurlu olması isə tərəflərin əldə edilmiş razılaşmalara əməl etməsindən, qarşılıqlı öhdəliklərə hörmətlə yanaşmasından və praktik nəticələrə yönəlmiş siyasi iradə nümayiş etdirməsindən asılıdır. Dublin görüşü bu baxımdan sülh prosesinin davamlı siyasi dialoq müstəvisində saxlanılması və konkret məsələlərin müzakirəsi üçün əhəmiyyətli platforma oldu.

2028-ci ildə Bakı Avropanın siyasi dialoq mərkəzinə çevriləcək

Bu məqamda qeyd etmək yerinə düşər ki, Avropa Siyasi Birliyinin əhəmiyyətini müəyyənləşdirən əsas xüsusiyyətlərdən biri onun Avropa İttifaqının institusional çərçivəsindən daha geniş siyasi platforma olmasıdır. Dublin sammitinə 48 dövlət və hökumət başçısının dəvət edilməsi bu formatın əhatə dairəsini nümayiş etdirir. Platforma Aİ üzvləri ilə yanaşı, Böyük Britaniya, Türkiyə, Azərbaycan, Norveç, İsveçrə və digər Avropa ölkələrini də ümumi müzakirə məkanında birləşdirir. Burada əsas məqsəd qitənin təhlükəsizliyi, siyasi sabitliyi, iqtisadi əlaqələri və ortaq problemləri ətrafında geniş dialoq imkanları yaratmaqdır.

Azərbaycanın bu platformada fəal iştirakı və 2028-ci ildə növbəti sammitə ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirilməsi xüsusi siyasi məna daşıyır. Bu qərar ölkəmizin Avropa siyasi məkanında qazandığı etimadın və artan nüfuzunun göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Bakı həmin sammitdə müxtəlif ölkələrin dövlət və hökumət başçılarını qəbul etməklə Avropa miqyasında siyasi dialoqun aparıldığı mühüm mərkəzlərdən birinə çevriləcək.

Bu, eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlərdəki rolunun yalnız regional məsələlərlə məhdudlaşmadığını göstərir. Ölkəmiz artıq Avropanın təhlükəsizlik, iqtisadi əməkdaşlıq və gələcək inkişaf perspektivlərinin müzakirə olunduğu geniş platformalarda da fəal iştirak edir. 2028-ci ildə keçiriləcək sammit isə bu mövqenin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaradacaq.

Ümumilikdə, Prezident İlham Əliyevin Dublin səfəri bir neçə mühüm siyasi nəticə ilə yadda qaldı: Avropa ölkələrinin liderləri ilə intensiv təmaslar, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın artan rolunun bir daha nümayiş etdirilməsi, Böyük Britaniya ilə strateji tərəfdaşlığın rəsmiləşdirilməsi və Ermənistanla sülh gündəliyi üzrə müzakirələrin davam etdirilməsi. Bu hadisələrin hər biri ayrılıqda əhəmiyyətli olsa da, onların ümumi mənzərəsi daha geniş siyasi prosesin tərkib hissəsi kimi diqqət çəkir.

Həmin prosesin mahiyyəti Azərbaycanın müharibədən sonra formalaşdırdığı yeni regional reallıqların beynəlxalq münasibətlər sistemində getdikcə daha çox nəzərə alınmasıdır. Vaxtilə Cənubi Qafqazda sabitliyin təmin olunmasını çətinləşdirən münaqişə artıq yeni siyasi şəraitlə əvəzlənib. İndi əsas məsələ bu şəraitdən istifadə edərək regionda davamlı sülhün, qarşılıqlı faydalı iqtisadi münasibətlərin və geniş nəqliyyat əlaqələrinin qurulmasıdır.

Azərbaycanın mövqeyi bu istiqamətdə aydındır: regionun gələcəyi qarşıdurma və geosiyasi rəqabət üzərində deyil, suverenliyə hörmət, qarşılıqlı maraqlar və əməkdaşlıq prinsipləri əsasında qurulmalıdır. Dublin sammitində baş verənlər isə göstərir ki, bu yanaşma Avropanın siyasi gündəliyində də getdikcə daha çox əhəmiyyət qazanır.

2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Toplantısının Bakıda keçirilməsi bu prosesin növbəti mühüm mərhələsi olacaq. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun, diplomatik imkanlarının və geniş Avropa siyasi məkanında artan rolunun nümayişi baxımından əlamətdar hadisə kimi tarixə düşə bilər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.