BAYRAQDAR MEDİA – Antalyanın Belek və Manavqat sahillərində yuva quran və peyk izləmə cihazları ilə dənizə buraxılan doqquz caretta-caretta növü dəniz tısbağasının miqrasiya marşrutları alimlər tərəfindən izlənilir. Ekoloji Araşdırmalar Dərnəyinin (EKAD) həyata keçirdiyi layihə çərçivəsində 2024, 2025 və 2026-cı illərdə Manavqatın Kızılot bölgəsində altı, Belekdə isə üç yetkin tısbağaya izləmə cihazları yerləşdirilib.
Bu barədə gunhaber.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, tısbağalardan Robin Turtle Aralıq dənizini qərbə doğru keçərək Şimali Afrika sahilləri boyunca Cəbəllütariq ətrafına qədər çatıb. Onun Belekdən quş uçuşu məsafəsi 1812 kilometr olan əraziyə qədər hərəkət etdiyi müəyyənləşdirilib. Crystal adlı tısbağa Misir sahillərinə, DOA isə Livan sahillərinə istiqamətlənib. Kızılotdan dənizə buraxılan Gümüş, Altın, Flora, Fauna, Mercan və İnci adlı digər altı tısbağanın hərəkətləri də fərqli miqrasiya marşrutlarını üzə çıxarıb.
Məlumatlar bəzi tısbağaların Şimali Afrika sahilləri boyunca hərəkət etdiyini, digərlərinin isə Mərkəzi Aralıq dənizi, Egey dənizi və Şərqi Aralıq dənizində olduğunu göstərib. Bu müşahidələr Antalyada yuva quran dəniz tısbağalarının Aralıq dənizinin müxtəlif ölkələrinə aid sularda da həyatlarını davam etdirdiyini təsdiqləyir.






İlk şərhi yaza bilərsiniz