Press "Enter" to skip to content

Qardaşlığa qarşı fitnə cəbhəsi

Senan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – Təəssüflər olsun ki, geridə qoyduğumuz son iki ay ərzində Türkiyə ilə Azərbaycan arasında müəyyən problemlərin yaşandığının şahidi olduq. Lakin baş verənlərə diqqətlə nəzər saldıqda, bu problemlərin süni gündəmlərdən qaynaqlandığını, iki ölkə arasında yaranan soyuqluğu qızışdırmağa çalışan ayrı-ayrı şəxslərin və qrupların mövcudluğunu bir daha gördük.

Görünən odur ki, bəzi çevrələr Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən ciddi narahatlıq keçirirlər. Ancaq “hər şeydə var” prinsipindən çıxış etsək, bu proseslərin müsbət tərəfi də oldu ki, indiyədək özlərini gizlətməyə çalışan həmin çevrələr bu dəfə açıq şəkildə ifşa olundular.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycana səfəri də bu qrupların planlarını alt-üst etdi. Sonrakı proseslərdə isə özlərini artıq gizlədə bilməyəcəklərini anlayan bəzi şəxslər fitnə fəaliyyətlərini açıq şəkildə davam etdirməyə başladılar.

Bu prosesləri Türkiyədən izləyən biri kimi, zaman-zaman Türkiyədən Azərbaycana qarşı aparılan manipulyasiyaları Türkiyə ictimaiyyətinin diqqətinə çatdırıram. Yazılarımı izləyənlər nə demək istədiyimi yaxşı anlayırlar. Bu dəfə isə Türkiyə-Azərbaycan qardaşlığına zərər vurmağa çalışan Azərbaycandakı bəzi şəxslərin arqumentləri üzərində dayanmaq istəyirəm. Onu da anlayıram ki, yazdıqlarımızın hamısı bir gün tarixə və arxivə çevriləcək. Qoy bu yazı da həmin arxivdə öz yerini alsın.

Bu yaxınlarda Türkiyə mətbuatında dərc olunan “Habercilik mi, fitne mi?” başlıqlı yazımda da bu məsələyə toxunmuş və belə bir cümlə işlətmişdim “Görünən odur ki, bu çevrələrin ayrılıq dövründən aldıqları zövq hələ də damaqlarında qalıb və onlar fitnə yaratmaqdan əl çəkmirlər.”

Bu fikirlər Türkiyədəki məlum çevrələrə ünvanlanmışdı. Ancaq atalar sözündə deyildiyi kimi, Türkiyədəkilərlə Azərbaycandakılar “eyni bezin qırağıdırlar”. Bu səbəbdən həmin fikirlərin bir qismi Azərbaycandakı bəzi şəxslərə və qruplara da aiddir.

Bu mövzuda Azərbaycanda müşahidə etdiyim iki məqamı diqqətə çatdırmaq istəyirəm.

Birinci məsələ özünü ziyalı hesab edən bir şəxsin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında yaranmış soyuqluğa son qoymaq məqsədilə Qarabağa səfərini az qala şahmat gedişinə bənzətməsi ilə bağlıdır. Bu şəxs Türkiyəyə qarşı münasibətini Prezidentin mövqeyini üstün göstərən ifadələrin arxasında gizlətməyə çalışır. Eynilə Türkiyədəki bəzi çevrələrin etdiyi kimi.

Şükürlər olsun ki, millətimiz bu məsələdə kifayət qədər ayıqdır. Həmin şəxsə həm həqiqi ziyalılar, həm də xalqın müxtəlif təbəqələrindən olan insanlar tərəfindən lazımi cavab verildi.

Özünü ifşa edən digər şəxslər isə Bakıda Türkiyə türkcəsində yazılan mağaza və obyekt adlarını hədəfə alanlardır. Düzdür, bu məsələdə diqqəti cəlb edən, Türkiyə türkcəsini yad ünsür kimi təqdim edən və öz bioqrafiyasında kilsə təmirindən dəfələrlə fəxrlə bəhs edən bir memar var. Lakin bu mövzudan istifadə edən anti-Türk mövqeli şəxslərin və çevrələrin sayı heç də az deyil.

Deyə bilərsiniz ki, həmin şəxslər Azərbaycan dilinin saflığını və davamlılığını qorumaq istəyirlər. Ancaq diqqətçəkən məqam budur ki, eyni şəxslər və qruplar Türkiyə türkcəsinə qarşı göstərdikləri bu “həssaslığı” başqa dillərə münasibətdə nümayiş etdirmirlər. Rus, ingilis və digər avropa dillərinə qarşı eyni həssaslığı görmürük.

Əksinə, həmin şəxslər arasında rus dilində danışanlar, rusca yazanlar, öz dilini rus dilindən aşağı tutanlar və hətta bununla fəxr edənlər də var. Türkiyə türkcəsindəki yazılara etiraz edənlər arasında Avropa mədəniyyətini Azərbaycanda təbliğ etməyi öz üzərinə missiya götürmüş çevrələrin də olması vəziyyətin nə qədər ziddiyyətli olduğunu göstərir.

Beləliklə, məsələ artıq olduqca qəribə və ziddiyyətli bir şəkil alıb. Söhbət doğrudanmı dilimizin qorunmasından gedir, yoxsa Türkiyə ilə Azərbaycan arasında mədəni və mənəvi yaxınlığa qarşı yönəlmiş münasibətdən? Əgər məqsəd dilimizin saflığını qorumaqdırsa, bu həssaslıq bütün xarici dillərə münasibətdə eyni şəkildə nümayiş etdirilməlidir.

Bütün bunlara baxmayaraq, millətimizin bu məsələlərdə göstərdiyi ayıqlıq və sayıqlıq həqiqətən diqqətəlayiqdir. Həmin şəxslərə və qruplara lazımi cavabı yenə də millətimizin özü verir. Hətta bəzən vəziyyət o həddə çatır ki, onlar ya paylaşdıqları yazıları silir, ya da şərh bölmələrini bağlamağa məcbur qalırlar.

Bu məsələdə millətimizə təşəkkürümüzü bildiririk. Çünki Türkiyə-Azərbaycan münasibətləri ayrı-ayrı şəxslərin, qrupların və süni gündəmlərin təsiri ilə formalaşacaq münasibətlər deyil. Bu qardaşlıq ortaq tarixə, milli yaddaşa, mənəvi bağlara və xalqlarımızın iradəsinə söykənir.

Bunu unutmaq olmaz: fitnə yaradanlar dəyişə bilər, gündəmlər dəyişə bilər, amma Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq dəyişməyəcəkdir. Onlar istəsə də, istəməsə də.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.