Son yeniləmə: 17 Noyabr 2026
BAYRAQDAR MEDİA – Atatürk Universitetində bu il ikinci dəfə təşkil olunan Doktorantura Tezisləri Mükafatı və Məzuniyyət mərasimi, eləcə də Magistratura Məzuniyyət mərasimi geniş iştirakla reallaşıb. Tədbirlərdə doktorantura və magistratura təhsilini başa vuran məzunlara diplomlar təqdim olunub.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, doktorantura mərasimində müxtəlif elmi sahələr üzrə ən uğurlu tədqiqatların müəllifləri mükafatlandırılıb. Rektor professor Ahmet Hacımüftüoğlu çıxışında doktoranturanın yalnız akademik mərhələ deyil, həm də həqiqəti axtarmaq, problemləri həll etmək və elmi bilikləri inkişaf etdirmək əzmi olduğunu bildirib. O, Türkiyənin inkişafı və texnoloji müstəqilliyi baxımından yüksək ixtisaslı insan kapitalının əhəmiyyətini vurğulayıb. Magistratura mərasimində isə süni intellekt və rəqəmsal transformasiya dövründə bilikdən etik məsuliyyətlə istifadə etməyin vacibliyinə diqqət çəkilib. Rektor universitetin 2026-cı il tədqiqat universitetləri reytinqində 23 ali məktəb arasında 13-cü yerə yüksəldiyini, beşillik tam akkreditasiyaya və 92 akkreditə olunmuş proqrama malik olduğunu xatırladıb. Mərasimlər mükafatların və diplomların təqdim edilməsi, eləcə də xatirə fotosunun çəkilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz