BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Balakən regional “ASAN xidmət” mərkəzində satış-sərgi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, ““Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil edilən tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı və nümayəndələri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Satış-sərgidə Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarlarından ibarət 19 müəllifin dulusçuluq, xalçaçılıq, bədii tikmə, rəssamlıq, toxuculuq, dərzilik və digər peşə və yaradıcılıq istiqamətləri üzrə 1 min 300-dən çox əl işi nümayiş etdirilib. Satışa çıxarılan yaradıcılıq nümunələri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb”.
Qeyd edək ki, əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgilər respublikanın müxtəlif bölgələrində mütəmadi olaraq təşkil edilir. Bu təşəbbüslər onların peşə bacarıqlarının və yaradıcılıq potensialının geniş ictimaiyyətə tanıdılması, iqtisadi müstəqilliklərinin və məşğulluq imkanlarının dəstəklənməsi, eləcə də inklüzivliyin təşviqi məqsədi daşıyır.





İlk şərhi yaza bilərsiniz