Press "Enter" to skip to content

Devlet Bahçeliden Azərbaycan qazilərinə qızıl Boz Qurd

Devlet Bahçeli ilə görüş zamanı

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Azərbaycan qazilərinin bir qrupu qardaş Türkiyədə səfərdədir. Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı, Türkiye Muharib Gaziler Derneğinin dəvəti ilə reallaşan səfər çərçivəsində ötən həftə Mersin, Adana, Tarsus və Ceyhanda olan qazilər artıq paytaxt Ankaradadırlar.

Azərbaycan qaziləri Anıtqəbri ziyarət edib

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənlinin BAYRAQDAR MEDİA-ya verdiyi məlumata görə, yanvarın 9-da qazilərin Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) genel başqanı Devlet Bahçeli ilə görüşü olub: “MHP mərkəzi qərargahında olan görüşdə D.Bahçeli qazilərə, “qədim türk torpaqlarını azad etdiniz” deyərək təşəkkür bildirdi. Daha sonra o, Vətən müharibəsində əldə olunmuş qələbədə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərini vurğuladı. İlham Əliyevin uğurlu siyasət həyata keçirdiyini deyən MHP Genel başqanı Azərbaycan Prezidentinin türk birliyinin yaradılması yolunda atdığı uğurlu addımları da xüsusi qeyd etdi”.

Görüşdən xatirə fotosu
Görüşdən xatirə fotosu

Görüşdə çıxış edən E.Həsənli Vətən müharibəsində qardaş Türkiyənin və Cümhurbaşqanı Recep Tayyip Erdoğanın siyasi və mənəvi dəstəyini yada salıb. Daha sonra o, D.Bahçeliyə hər zaman Azərbaycanın haqq işini dəstəklədiyi üçün təşəkkürünü bildirib.

Devlet Bahçeli Azərbaycan qazilərinə qızıldan hazırlanmış Boz Qurd döş nişanını hədiyyə edib
Devlet Bahçeli Azərbaycan qazilərinə qızıldan hazırlanmış Boz Qurd döş nişanını hədiyyə edib

Görüşün sonunda D.Bahçeli Azərbaycan qazilərinə qızıldan hazırlanmış Boz Qurd döş nişanını hədiyyə edib.

Azərbaycan nümayəndələri adından Emin Həsənli də D.Bahçeliyə Qarabağ xalısı, eyni zamanda Azərbaycan-Türkiyə əlaqələrinin 100 ilini əhatə edən “Əbədi qardaşlıq yolu” və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin Türkiyə ilə əlaqəli fəaliyyətinin 20 ilini özündə əks etdirən kitabları hədiyyə edib.

Türkiyənin hərbi yönümlü QHT-lərinin rəhbərləri ilə görüş zamanı
Türkiyənin hərbi yönümlü QHT-lərinin rəhbərləri ilə görüş zamanı

Qeyd edək ki, səfər çərçivəsində Ankarada Türkiyənin dörd hərbi yönümlü QHT-sinin rəhbərliyi ilə, həmçinin MHP genel başqan yardımçısı Kamil Aydınla da görüş olub.

Mission News Theme by Compete Themes.