Press "Enter" to skip to content

Qərbi Azərbaycandakı tariximiz yenidən öyrənilməlidir

Millət vəkili Hikmət Babaoğlu

Son yeniləmə: 28 Mart 2023 10:41

Hikmət Babaoğlu: Dünyada siyasi qərarları qəbul edən məqamlar erməni yalanına qarşı həqiqəti bilməlidirlər ki, bizim istək və tələblərimizi düzgün başa düşsünlər

BAYRAQDAR MEDİA – Bugünlərdə Qərbi Azərbaycan İcmasında rəhbərliyin qurumun müxtəlif strukturlarında təmsil olunan Qərbi Azərbaycan üzrə bir qrup tədqiqatçı alimlə görüşü keçirilib. Tədbirdə Qərbi Azərbaycan İcması tərkibində Elm komissiyasının yaradılması, onun müxtəlif tədqiqat sahələri üzrə bölmələrinin təşkil edilməsi və Komissiyanın işinə bu elm sahələri üzrə alimlərin cəlb edilməsi qərara alınıb. Komissiyanın işinə rəhbərlik Qərbi Azərbaycan İcması sədrinin müavini, deputat, Prof. Hikmət Babaoğluya tapşırılıb.

Bəs, Elm komissiyasının ilkin hədəfləri nədən ibarətdir?

Bu məqsədlərə çatmaq üçün…

BAYRAQDAR MEDİA-nın bu sualını cavablandıran Hikmət Babaoğlu, “Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsi ilə görüşdə səsləndirdiyi fikirlər milli maraqlarımızın təmin olunması baxımından ümummilli vəzifələr müəyyənləşdirir. Qərbi Azərbaycan ərazisi hazırki müstəqil Azərbaycan Respublikasının ərazisinin təqribən 3-də biri qədərini təşkil edir və tarix elə gətirib ki, bu gün rəsmi inzibati sərhədlərimizdən kənarda qalıb. Ancaq bu, xalqımızın min illiklər boyu o torpaqlarda yaratdığı maddi-mənəvi dəyərlərimizin ümumi Azərbaycan mədəniyyətindən kənarda qalması mənasına gəlmir. Eyni zamanda bizim öz torpaqlarımıza qayıtmağımız, orada yaşamağımız üçün beynəlxalq hüquqa uyğun olaraq mübarizə aparmağımızı da məhdudlaşdırmır” deyib.

Onun sözlərinə görə, bu məqsədlərə çatmaq üçün çoxsaylı istiqamətlər üzrə təxirəsalənmaz tədbirlər həyata keçirlilməli və işlər görülməlidir.

İlk növbədə tarixi yaddaşımızın bütövlüyü təmin olunmalıdır

H.Babaoğlu deyib ki, bu istiqamətlərdən biri də elm sahəsində görüləcək işlərdir: “Bu işlər hər şeydən öncə xalqımızın tarixi yaddaşının bütövlüyü və milli yaddaşımızda etnosiyasi və etnomədəni coğrafiyamızın düzgün əsaslarda formalaşması üçün lazımdır. Yəni milli bütövlüyümüzə gedən yolda ilk növbədə tarixi yaddaşımızın bütövlüyü təmin olunmalıdır. Əks təqirdə milli bütövlüyümüz mümkün olmaz. Ona görə də ilk növbədə ciddi elmi əsaslarda Qərbi Azərbaycandakı tariximiz yenidən öyrənilməli, bu tarix gənc nəsillərimizə və bütövlükdə dünyaya yenidən öyrədilməlidir. Çünki dünyada siyasi qərarları qəbul edən məqamlar erməni yalanına qarşı həqiqəti bilməlidirlər ki, bizim istək və tələblərimizi düzgün başa düşsünlər. Bax, İcmada yaradılan Elm komissiyasının fəaliyyət istiqamətlərindən biri bu olacaq”.

Elm komissiyası bir çox istiqamətlər üzrə ayrıca tədqiqatlar aparacaq

H.Babaoğlunun sözlərin görə, şübəhsiz ki, bu işin sistemli olması üçün problem sadəcə ümumi tarixi kontekstdə öyrənilməyəcək: “Elm komissiyası entoqrafiya, etnocoğrafiya, demoqrafiya, folklor, toponomiya, etnokulinariya, ədəbiyyat və s. istiqamətlər üzrə ayrıca tədqiqatlar aparacaq və uyğun istiqamətlər üzrə çox dəyərli mütəxəssislərimiz bu prosesə cəlb ediləcək. Məsələ ümummilli olduğu üçün uyğun sahə üzrə tədqiqatları olan bütün alimlərimiz bu işə öz töhfələrini verməlidirlər. Elm komissiyasının işində ikinci mühüm istiqamət hüquq və beynəlxalq hüquq üzrə mütəxəssis alimlərin bu prosesə cəlb olunması və elmi-hüquqi kontekstdə Qərbi Azərbaycanlıların öz torpaqlarında yaşamaq hüququnun təmin edilməsinin əsaslandırılması istiqamətində olacaq. Üçüncü istiqamət maddi və iqtisadi zəmində Qərbi Azərbaycandan deportasiyaya məruz qalmış və məcburi olaraq köçürülmüş soydaşlarımızın mülkiyyət hüquqlarının Ermənistana qayıtdıqdan sonra kompensasiya edilməsi ilə bağlı maliyyə hesabatlarının hazırlanması olacaq. Dördüncü istiqamət Qərbi Azərbaycandan olan, ancaq Azərbaycan Respublikasından kənarda yaşayan Qərbi Azərbaycanlıların koordinasiya edilməsi və onlarla bağlı elmi statistikanın aparılması olacaq. Yəni biz dəqiq elmi statistikaya malik olmaqla demoqrafiya problemini düzgün qoymağı və hüquqi iddialarımızı dəqiq əsaslandırmağı bacarmalıyıq”.

Görüləcək işlər həddindən artıq çoxdur

Vurğulanıb ki, iş prosesində yeni aktual məsələlər də ortaya çıxa bilər: “Bunlar da sonrakı mərhələdə Elm komissiyasının iş istiqamətinə çevirilə bilər. Görüləcək işlər həddindən artıq çoxdur və Qərbi Azərbaycan İcması uyğun sahələr üzrə mütəxəssilərimizi əməkdaşlığa dəvət edir”.

Mission News Theme by Compete Themes.