Press "Enter" to skip to content

Belə şəxsiyyətlər hər yüz ildən bir yetişir

Selçuk Karakılıç

Son yeniləmə: 26 Yanvar 2023 17:31

Selçuk Karakılıç: Görülən işlər Heydər Əliyevin bir dövlət adamı kimi qətiyyəti ilə yanaşı onun Azərbaycan mədəniyyətinə, tarixinə, ziyalısına necə böyük dəyər verdiyinin bariz nümunəsidir

BAYRAQDAR MEDİA – “2023-cü il əlamətdar günlər və hadisələr baxımından xüsusilə yaddaqalan olacaq. Çünki bu il üç vacib və tarixi məqamı özündə birləşdirir. Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü bu ilə təsadüf edir. Həmçinin, bu il Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı kimi beynəlxalq aləmin diqqətində olacaq”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıç deyib.

Onun sözlərinə görə, İnstitut illik fəaliyyət proqramını hazırlayarkən bunları xüsusi olaraq əsas götürüb: “Mən xüsusi olaraq Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı planlaşdırdığımız işlərin üzərində dayanmaq istəyirəm. Qeyd etmək istəyirəm ki, bəzi şəxsiyyətlərin fövqəladə özəllikləri var. Təəssüflər olsun ki, biz bunları bəzən fərq edə bilmirik. Halbuki, həmin məqamların üzərində dayanmaqla daha çox xidmət göstərə bilərik. Bu dediklərimdən yola çıxaraq Heydər Əliyev haqqında bir yazı hazırlayıram. “Bir kültür adamı olaraq Heydər Əliyevin portreti” başlıqlı bu yazıda Heydər Əliyevin ən çətin zamanlarda belə, yəni sovetlərin o sərt qadağalarına baxmayaraq Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, şeir, sənət adamlarına sahib çıxmasından bəhs edəcəyəm. Heydər Əliyevin həmin illərdə Hüseyn Cavidin məzarını tapması, onun nəşini Naxçıvana aparması və orada böyük bir məqbərə tikilməsi heç də asan və sıradan bir məsələ deyildi. Yaxud həmin illərdə onun Şuşaya, dahi Vaqifə sahib çıxmasını da unutmaq olmaz. Həmçinin, Heydər Əliyevin Azərbaycan ziyalılarını sovet DTK-sının təqibindən qoruması da qeyd edilməlidur”.

S.Karakılıç bildirib ki, bu, Heydər Əliyevin bir dövlət adamı kimi qətiyyəti ilə yanaşı onun Azərbaycan mədəniyyətinə, tarixinə, ziyalısına necə böyük dəyər verdiyinin bariz nümunəsidir: “Hər siyasətçi öz sahəsində iş görər. Amma bəzi şəxsiyyətlər var ki, onlar xüsusi olaraq seçilirlər. Çünki onlar siyasi işlərlə yanaşı, öz xalqının dili, mədəniyyəti, tarixinin inkişafı üçün də davamlı işlər görərlər. Belə şəxsiyyətlər hər yüz ildən bir yetişir. Heydər Əliyev məhz belə siyasətçilərdən, dövlət xadimlərindən biri kimi tarixə düşüb. Onun “Küçələrə su səpmişəm” mahnısını necə ürəkdən oxumasını da misal çəkə bilərik. Heydər Əliyev bu mahnını o qədər içdən, o qədər səmimiyyətlə oxuyurdu ki, buna etinasız yanaşmaq mümkün deyildi. Əslində, bu, təəccüblü deyil, onun bu torpaqlara olan sevdasının təzahürüdür”.

Müsahibimiz qeyd edib ki, Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı məqalənin hazırlanması ilə yanaşı digər tədbirlər də planlaşdırılır: “Bakı Yunus Emre İnstitutu olaraq dahi şəxsiyyətin yubileyinə həsr edilmiş həm Türkiyədə, həm də Azərbaycanda gözəl bir konsert proqramı təşkil etməyi, həmçinin onun mədəniyyət siyasətinə həsr edilmiş sərgi təşkil etməyi planlaşdırırıq”.

Xandkəndidə ermənilər Azərbaycan bayrağı altında yaşayacaq

Mission News Theme by Compete Themes.