Press "Enter" to skip to content

Türkiyə NATO-ya, NATO da Türkiyəyə lazımdır

Dr. Yücel Karauz

Son yeniləmə: 31 Yanvar 2023 12:49

Dr. Yücel Karauz: Türkiyənin NATO-dan çıxması, yaxud da NATO-nun bundan sonra yolunu Türkiyəsiz davam etdirməsi iddialarını zərərli hesab edirəm

BAYRAQDAR MEDİA – “NATO 1949-cu ildə qurulmuş bir təhlükəsizlik təşkilatıdır. Bu təşkilat qurulandan sonra Koreya müharibəsinin gətirdiyi səbəb və nəticələrlə bərabər ilk genişlənməsində Türkiyə və Yunanıstanı sıralarına qəbul etmişdir. Sonuncu dəfə isə 2022-ci ildə reallaşdırılan genişlənmə ilə ümumilikdə NATO üzvlərinin sayı 29-a çatıb. Bildiyimiz kimi, son genişlənmə qərarına əsasən İsveç və Finlandiya da NATO sıralarına üzv qəbul edilməlidir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Son vaxtlar həm Türkiyədə, həm də xaricdə NATO ilə bağlı səslənən iddialara münasibət bildirən türkiyəli general bunun bir səbəbinin Finlandiya və İsveçin üzvlüyü ilə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, NATO-nun Madrid sammiti ərəfəsində Türkiyə bu iki ölkənin üzvlüklə bağlı müraciətinə ayrıca baxılması təklifini irəli sürüb. Ancaq NATO ərizələrə eyni vaxtda baxılmasının tərəfdarı olub və nəticədə Madriddə keçirilən sonuncu NATO sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli memorandum imzalanıb. Bununla belə, ötən müddətdə Finlandiya bir sıra addımlar atsa da İsveçdə, əksinə, Türkiyə əleyhinə təxribatlar bir qədər də artıb.

Y.Karauz vurğulayıb ki, rəsmi Ankara haqlı olaraq bu cür yanaşma fonunda İsveçin NATO-ya üzvlüyünə dəstək verilməyəcəyi mövqeyindədir: “Bununla yanaşı hər kəs bilməlidir ki, Türkiyə əsaslı şəkildə NATO-nun genişlənməsinə qarşı deyil. O ki, qaldı Türkiyənin NATO-dan çıxması, yaxud da NATO-nun bundan sonra yolunu Türkiyəsiz davam etdirməsi iddialarına, mən bu fikirləri zərərli hesab edirəm. Bu fikirləri səsləndirənlər bilməlidir ki, bu gün Türkiyə NATO-ya, NATO da Türkiyəyə lazımdır”.

Dr. Y.Karauzun sözlərinə görə, NATO-nun üzvləri arasında silahlı qüvvələri ən güclü olan ilk ölkə ABŞ, ikinci ölkə isə Türkiyədir: “Türkiyə eyni zamanda dünyanın 11-ci ən güclü ordusuna sahibdir. Türkiyə ordusunun NATO-dakı və dünyadakı durumu, Türkiyə coğrafiyasının mövcud durumu həm Avropaya, həm Orta Doğuya, həm də Asiyaya uzanan bir körpü olması nəzərə alınarsa, o zaman Türkiyə üçün NATO-nun, NATO üçün də Türkiyənin önəmi ortaya çıxır. Dolayısı ilə Türkiyənin S-400 silah sistemini alması, İsveçə “yox” deməsi kimi məqamlar Türkiyənin NATO-dan ayrılmasına səbəb olacaq bir şey deyildir”.

Müsahibimiz, “Türkiyənin NATO-dan ayrılması, Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük, Rusiya ilə hərbi müttəfiqlik təkliflərini də doğru hesab etmirəm. Türkiyənin NATO-dan çıxması yalnız türk dünyası ilə ortaq təhlükəsizlik paktı yaradılması sonrası reallaşa bilər ki, bunun üçün də hələ bir müddət lazımdır. NATO da Türkiyədən vaz keçə bilməz. S-300, S-400 əsas gətirilə bilməz. Çünki Yunanıstan 2013-cü ildə Rusiyadan S-300 sistemi almışdır. Yəni NATO-Türkiyə əməkdaşlığı davam etməlidir” deyə sonda qeyd edib.

Mission News Theme by Compete Themes.