Press "Enter" to skip to content

Azərbaycanın builki Avroviziya təmsilçisi bəlli deyil

Avroviziya 2023

Son yeniləmə: 1 Fevral 2023 23:29

İlahə Dadaşova: Tam yanlış olaraq artıq qalibin seçildiyi iddia edilsə də bildiririk ki, final mərhələsi məhz bu günlərdə keçirilir və prosesin gedişatı barədə məlumatların tezliklə ictimaiyyətə açıqlanması nəzərdə tutulur

BAYRAQDAR MEDİA – “Əvvəla qeyd etmək istərdim ki, bu iddialara cavab verməyimizin əsas məqsədi final mərhələsinə seçilən ifaçılara qarşı hörmətsizliyə biganə qalmamaqdır. Seçilmiş 5 iştirakçı təqdim etdiyi musiqi və ifası sayəsində bu mərhələyə çatıb”.

Bunu “Avroviziya 2023” Azərbaycan nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova seçim mərhələsinə qatılmış bəzi ifaçıların şəxsi sosial səhifələrində son iki gün ərzində yaydıqları əsassız iddialarla bağlı açıqlamasında bildirib.

BAYRAQDAR MEDİA-ya bununla bağlı daxil olan xəbərdə deyilir ki, “tam yanlış olaraq artıq qalibin seçildiyi iddia edilsə də bildiririk ki, final mərhələsi məhz bugünlərdə keçirilir və prosesin gedişatı barədə məlumatların tezliklə ictimaiyyətə açıqlanması nəzərdə tutulur. Seçim prosesinə mənfi təsir etməyəcək bütün məlumatları yaxın günlərdə paylaşacaq, finalçıların adlarını açıqlayacağıq. Bir az səbrli olmağınızı xahiş edirik”.

“Avroviziya 2023” Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov bildirib ki, builki Avroviziya təmsilçisi hələ bəlli deyil: “Bu qərar verilməzdən öncə yerli və beynəlxalq musiqi aləmindən təcrübəli insanların rəyləri öyrəniləcək. Sağlam rəqabəti təmin etmək üçün bütün finalçıların mahnılarını bir neçə gün əvvəl eyni studiyada, eyni şəraitdə yazdırmışıq”.

Nümayəndə heyətinin rəhbəri Vasif Məmmədov isə bildirib ki, komanda üzvlərinin müsabiqəyə müraciət etmiş ifaçı və bəstəkarlarla tanışlığının seçim prosesinə heç bir təsiri yoxdur: “Eldar Qasımov və Ömər Əbdülkərimov illərdir musiqi sahəsində çalışırlar və onların bu sahədə həm dostları, həm yaxın həmkarları var. Bu, təbii bir haldır. Amma qeyd etməliyəm ki, Avroviziya heyətinin üzvlərindən heç biri müsabiqədə iştirak edən hər hansı ifaçının meneceri deyil və olmayıb. Əsassız məlumatları yayanlara isə vaxtlarını və enerjilərini yaradıcılığa yönəldib şöhrət qazanmağı arzu edirəm”.

Mission News Theme by Compete Themes.