Press "Enter" to skip to content

“Asan imza” sistemi çökdü. Səbəbi açıqlanmır

Çökmüş "Asan imza"

Son yeniləmə: 23 Fevral 2023 20:21

BAYRAQDAR MEDİA – Fevralın 23-də bir neçə saat ərzində “Asan imza”dan istifadə etmək mümkün olmayıb.

Yəni, nə “Asan imza” şəxsi kabinetə daxil olmaq, nə də Asan logində “Asan imza”dan istifadə edərək resurslara və xidmətlərə giriş alınmayıb.

Qaynar xəttə zəng etdikdə, “Asan imza” sistemində texniki problemin olmasını təsdiqləyiblər.

Maraqlıdır ki, “Asan imza” şəxsi kabinetinin operatoru olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bununla bağlı heç bir açıqlama verilməyib.

Düşünmək olar ki, problem son zamanlar DVX-nin öz sistemlərini yeniləməsi, AVİS-in yenidən qurulması, yeni mobil resurslar yaratması və inteqrasiyası ilə də bağlı ola bilər.

İstənilən halda, uzun müddət dövlətin əsas identifikasiya sisteminin işləməməsi normal bir vəziyyət deyil.

Dövlət resursları, strateji əhəmiyyət kəsb edən xeyli sistemlər, sahibkarlıq və biznes əməliyyatları əsasən məhz “Asan imza” üzərində qurulub.

Sahibkarlıq sektorunda, hüquqi şəxslərdə mobil rəqəmsal imza sahəsində hazırda İNHİSARÇILIQ var.

ASAN Xidmətə dəxli olmayan, yetərincə baha xidmət olan (aylıq 2.5 manat istifadə haqqı) “Asan imza” sahibkarlıq və digər strateji sahələrdə mobil imza olaraq uzun illərdir ki, inhisarçılığını saxlayır.

Yəni ölkənin digər bir rəqəmsal imzası, RİNN-ə məxsus olan SİMA hələlik sahibkarlıq sektoruna inteqrasiya oluna bilməyib.

Odur ki, bu anda “Asan imza” ilə problemi olan sahibkar, biznes qurumu vergi məsələləri və digər əməliyyatlarla bağlı SİMA-dan istifadə edə bilməz. Nə xidmət ala, nə də hansısa bir vacib əməliyyat apara bilər.

Fikrimcə, bu vəziyyət İqtisadiyyat Nazirliyini, RİNN-i, Antiinhisar Xidmətini ciddi düşündürməlidir.

Görəsən nə üçün SİMA indiyədək Dövlət Vergi Sisteminə inteqrasiya olunmayıb?

Burada kiminsə, hansısa qurumun və ya şəxsin, “Asan imza”nın aid olduğu xarici şirkətin maraqları varmı?

Bir ildən çoxdur ki, yetərincə çevik, effektiv və əlçatan, pulsuz olan SİMA rəqəmsal imzasının sahibkarlıq sektoruna, vergi sisteminə nə üçün inteqrasiya olunmaması xeyli düşündürücüdür.

Mission News Theme by Compete Themes.