Rafiq Allahverdiyev: Zəlzələ psixozundan qorunmaq üçün insanlar arasında maarifləndirmə gücləndirilməlidir
BAYRAQDAR MEDİA – “İnsanların təbii fəlakətlərə qarşı dözüm hissi güclü olur. Adətən təbii fəlakətlər fövqəl bir hadisə olduğuna görə insanlar bunu mənim, sənin, onun günahı hesab etmir. Belə düşünürlər ki, təbii fəlakətlər insanların günahı deyil, təbiət hadisəsidir və əksər hallarda insanların təhtəlşüurunda təbiət hadisələri yaradanın insanlara bir cəzası, hansısa bir əməlimizin günahı kimi qiymətləndirilmir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “EDERRA” Psixo-Nevroloji Reabilitasiya Mərkəzinin baş psixoloqu Rafiq Allahverdiyev deyib.
Fevralın 6-da qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin Azərbaycanda da insanlara psixoloji təsir etməsi məsələsinə toxunan müsahibimiz “zəlzələ psixozu” ilə bağlı məqama da aydınlıq gətirib.
Onun sözlərinə görə, təbii hadisələr metafizikaya aid edilir: “Metafizik bir hadisə olduğu üçün təbii hadisələrin insanlarda güclü formada qorxu və psixoz əmələ gətirmək ehtimalı zəifdir. Ona görə də təbii fəlakətlər o zaman psixoz əmələ gətirir ki, insanların məişətində etibar və etibarsızlıq əmələ gəlsin. Deyək ki, təbii fəlakətlər baş verdi, amma təbii fəlakətlərə insanların məişəti və təhlükəsizliyi, dözümü, etibar və etibarsızlığı zəifdir. Yəni təbii fəlakətlərin fəsadları yox, təbii fəlakətlərə qarşı insanları qoruyacaq, mühafizə edəcək koması, evi və s. etibarlı deyil anlamı insan psixikasında üstünlük təşkil edəndə insanlarda psixoz əmələ gəlir. Hətta zəlzələ çox aşağı ölçüdə olsa belə bu psixoz əmələ gəlir”.
R.Allahverdiyev deyib ki, ona görə də zəlzələnin psixoz hala gəlib çatmasını onun özü yox, insanların təhlükəsizliyini təmin edən sığınacaqlarının dözüm səviyyəsi, keyfiyyət səviyyəsinə inamsızlıq səbəb olur: “İnsanların psixoz halına düşməməsi üçün isə onlar arasında maarifləndirmə gücləndirilməlidir. İnsanlar evlərinin vəziyyətindən, keyfiyyətindən asılı olmayaraq zəlzələ baş verən anda qorxuya qapılmamalı, əksinə, özünü və ailəsini qorumaq üçün fəal olmalıdır. Yəni maarifləndirmə “zəlzələ baş verərkən sən nə etməlisən” prinsipi üzərində qurulmalıdır. Onda insanlarda zəlzələ psixozu əmələ gəlmir”.




