Press "Enter" to skip to content

Prof. Dr. Aziz Sancar: Elmdə güclü olmalıyıq ki, dünya bizi tanısın

Prof. Dr. Aziz Sancar

Son yeniləmə: 12 İyun 2023 11:15

BAYRAQDAR MEDİA – “Uzun müddətdir bir-birindən ayrı düşmüş türklərin bir araya gəlməsi, güclərini birləşdirməsi, həm özlərinin, həm də dünyanın inkişafına töhfə vermək imkanı əldə etməsi hər zaman gənclik arzumuz olub”.

Bunu Nobel mükafatı laureatı, Prof. Dr. Aziz Sancar Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) Səmərqəndədə təşkil etdiyi Rektorlar Xüsusi Yığıncağında videokonfrans vasitəsilə seminar iştirakçılarına müraciətində deyib.

Tədbirə fəxri çıxışçı kimi dəvət alan Prof. Dr. Aziz Sancar türk irsinin qorunması və gənc nəsillərin maarifləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Türkiyəli alim “Nobel mükafatını alanda hiss etdim ki, mən təkcə özümü deyil, təkcə Türkiyə Cümhuriyyətini deyil, bütün türk dünyasını təmsil edirəm. Bunu bilirdim və bundan çox qürur duyurdum. Amma, eyni zamanda, içimdə bir əzginlik var idi. Biz böyük sivilizasiyalar yaradan böyük türk millətiyik. O zaman niyə mən ilk türk Nobel laureatı olmalıyam?” deyib.

A.Sançar bildirib ki, elmə və elmi araşdırmalara xüsusi diqqət ayrılması türk ölkələrini irəli aparacaq. Onun sözlərinə görə, “Avropadan, Amerikadan maşın alıram, texnologiya düzəldirəm, patentim var” kimi addımlarla nə Türkiyə, nə də türk dünyası yüksələcək: “Bu mənim inamımdır. Dünyada ad çıxarmaq, bir güc kimi tanınmaq istəyiriksə, yadellilər tərəfindən idarə olunmaq istəmiriksə, elmlə məşğul olmalıyıq, elmdə güclü olmalıyıq ki, dünya bizi tanısın. Unutmaq lazım deyil ki, biz çalışdıqca, istehsal etdikcə üstün olacağıq. Əks halda, üstünlük genetik deyil. Bütün insanlar bir-birinə bərabərdir”.

O, həmçinin, əlavə edib ki, türklər son 500 ildə elmə layiqincə töhfə verə bilməyib: “Bəs niyə etmədik? Bəzi insanlar “ağıllı olmadığına görə” cavabını verirlər. Amma elmlə məşğul olmaq genetika və ya zəkaya aid deyil, ənənə məsələsidir. Yəhudi qardaşlarımız dünya əhalisinin 0,2 faizini təşkil edir və 20 faizi elm üzrə Nobel mükafatı alıb. Onlar digər insanlardan daha ağıllıdırlar? Xeyir. Onların mədəniyyətində elmə, təhsilə önəm verilir. Ona görə də biz bunu ənənəyə çevirməli və uşaqlarımıza erkən yaşda aşılamalıyıq. Xüsusilə sosial elm adamları bu məsələ üzərində işləməlidirlər”.

Mission News Theme by Compete Themes.