Vüqar İskəndərov: Ermənistana “təxribat törət”, “sabitliyin əldə olunmasına imkan vermə” və s. kimi sifarişlər verən güclərin sayı artıb
BAYRAQDAR MEDİA – “Ermənistan dövləti və erməni xalqı uzun illərdir ki, müxtəlif güclərin girovuna çevrilib. Bu güclər Qafqazda sülh, sabitlik və inkişafın olmaması üçün məhz Ermənistandan istifadə edirlər. Nəticədə də Ermənistanda bir-birini əvəz edən hakimiyyətlər mahiyyətcə eyni sifarişləri yerinə yetirirlər ki, bunun da bədəlini sadə erməni xalqı ödəyir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyb.
O, qeyd edib ki, əvvəllər Ermənistan dövləti və erməni xalqı daha çox xaricdəki erməni lobbisinin və adəti üzrə bir-iki dövlətin marağının girovuna çevrilmişdi.: “İndi isə vəziyyət daha acınacaqlıdır. Çünki Ermənistana “təxribat törət”, “sabitliyin əldə olunmasına imkan vermə” və s. kimi sifarişlər verən güclərin sayı artıb. Üstəlik bura daxili dağıdıcı ünsürlər də əlavə olunub”.
V.İskəndərovun sözlərinə görə, vəziyyət bu formada davam edərsə, bu Ermənistanın bir dövlət kimi yox olmasını qaçılmaz edəcək: “2020-ci ildə baş verən 44 günlük müharibədən sonra düşünmək olardı ki, Ermənistan nəhayət haqq yolua gələcək. Lakin təəssüflər olsun ki, bu ölkə öz dağıdıcı, işğalçı siyasətindən əl çəkə bilmir. Nəticədə də bundan ən çox zərər çəkən elə ermənilərin özləri olur. Çünki Ermənistanın regionda gedən tərəqqi prosesindən kənarda qalması son nəticədə sadə ermənilərin yoxsul şəraitdə yaşamasına, ölkənin isə tamamilə məhv olmaq təhlükəsi il baş-başa qalmasına səbəb olur. Qeyd etdiyimiz kimi, əvvəllər Ermənistan adətən xaricdəki erməni lobbisi və bir-iki ölkədən aslı idisi, indi bu qüvvələrin sayı artıb. Belə ki, İran, Rusiya, Fransa kimi xarici güclər öz maraqları naminə regionda əbədi sülhün əldə ediıməsinə mane olurlar. Məhz onların maraqlarından irəli gələrək ermənilər tez-tez atəşkəsi pozur, hərbi təxribatlara yol verirlər. Eyni zamanda, Ermənistandakı millətçi və radikal qüvvələrin təsiri də burada öz sözünü deyir”.
Deputat bildirib ki, erməni xalqı gələcəyini düşünürsə özündə güc tapmalı, bu dağıdıcı daxili və xarici güclərin təsirindən xilas olmalıdır.