BAYRAQDAR MEDİA – Avqustun 8-də Mədəniyyət Nazirliyində Azərbaycan estrada sənətinin görkəmli nümayəndəsi, Prezidentin fərdi təqaüdçüsü Akif İslamzadə ilə görüş keçirilib.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “nazir Adil Kərimli bu günlərdə 75 yaşı tamam olan A.İslamzadəni yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb. Sonra sənətkara MN-nin Fəxri diplomu təqdim olunub. Qeyd edilib ki, A.İslamzadə ifa üslubu ilə Azərbaycan estrada sənətinin inkişafına, ifaçılıq məktəbinin zənginləşməsinə töhfələr verib. Estrada ifaçılıq sənəti ilə bərabər, xalq mahnılarının da ifasında özünəməxsus üslubunu, dəst-xəttini yaradan müğənni xalqın böyük sevgisini qazanıb. Bu gün gənc nəsil müğənnilər onun da ifaçılıq ənənələrindən bəhrələnirlər. Musiqiçi ailəsində dünyaya gələn müğənni milli musiqi ənənələrinə sadiqliyi ilə hər zaman nümunə olub. Mahnı ifaçılığında özünəməxsus yeri olan A.İslamzadənin səsində lentə alınan nəğmələr bu gün də sevə-sevə dinlənilir, müğənnilərin repertuarında yer alır”.
A.İslamzadə fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.
Görüşdə Azərbaycan musiqi sənətinin inkişafı və klassik estrada ənənələrinin yaşadılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.









