BAYRAQDAR MEDİA – Tələbələrin ölkə daxilində yerləşən orta ixtisas və ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasını, eləcə də təhsil formasını dəyişməsi prosesi başa çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “https://transfer.edu.az portal vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 4 min 316 müraciət qeydə alınıb. Müraciətçilərdən 456 nəfəri orta ixtisas təhsili müəssisəsindən, 3 min 276 nəfəri ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat, 62 nəfəri magistratura səviyyəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib. Xaricdə yerləşən ali təhsil müəssisələrindən transfer olunmaq istəyənlərin sayı 522 nəfər olub”.
Sonra xəbərdə deyilir ki, “orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2 min 649 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən 2 min 649 nəfərin 2 min 287-si bakalavriat səviyyəsi, 16 nəfəri magistratura səviyyəsi, 346 nəfəri isə orta ixtisas təhsil pilləsinin tələbəsi olub”.
Köçürülmə ilə bağlı müraciət etmiş tələbələr şəxsi kabinetlərinə daxil olaraq nəticələr barədə məlumat əldə edə bilərlər.
Bildirək ki, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.
Qeyd edək ki, xarici ali təhsil müəssisələrindən köçürülmə nəticələri yaxın günlərdə elan olunacaq.