Press "Enter" to skip to content

Yubiley yaşımıza sözardı və Qənirə Paşayeva fərqi

Qənirə Paşayeva Almaz Həsrət və Azər Həsrətlə

BAYRAQDAR MEDİA – Özümlə bağlı ad günü, yubiley yaşı, nəsə bənzər məsələlərdə bir qədər ”xəsisəm”. Bilmirəm nədəndir, amma bu sahədə bəlkə də ən bacarıqsızlardan sayılıram. Ona görə də çox vaxt diqqətdən kənarda qalıram. Qaldığım üçün də incimirəm. Deyirəm axı, özüm “gizlənirəm” deyə başqalarının da belə şeylərdən xəbəri olmur.

Amma bəzən elə olur ki, bizi izləyən, özünə yaxın-doğma bilənlər belə “gizlinlərimizi” də izləyir, gərəkli diqqəti göstərir.

Nə gizlədim, belə olanda kefim açılır. Düşünürəm ki, həqiqətən də bizə dəyər verən, bizimlə ilgilənən, belə günlərimizi nəzərdən qaçırmayan dostlar, dəyərli insanlar var. Xoşdur belə münasibət.

İndi də bizim – Almaz xanımla mənim yubiley yaşımız tamam oldu. Onunku iyulda, mənimki avqustda. Bizim ad günlərimiz arasında düz dörd həftə olduğu üçün həftənin eyni gününə düşür (bu il hər ikimizin ad günümüz həftənin 2-ci günü oldu). Hə, onu da deyim ki, Almaz xanım mənim qədər yaşlı deyil hələ. Düz 5 yaş məndən kiçikdir!

Nə isə. Biz yubiley yaşımızı sakitcə yola verdik, düşündük ki, hər şey yaxşıdır. Üstəlik də ad günüm olan aralıqda lənətə gəlmiş bel ağrısı yenidən məni yaxalamışdı deyə heç elə əhvalım da yox idi. Əlavə olaraq Facebook hesabımı da bağlamışdım ki, yubiley yaşımla bağlı insanlara zəhmət verməyim.

Lakin sən saydığını say, gör fələk nə sayır deyiblər…

Sağ olsunlar, bəzi dostlar bu məsələdə də diqqəti əsirgəmədi, mümkün yollarla əlaqə saxlayaraq təbriklərini çatdırdılar. Sevindim buna da. Dediyim kimi, nə qədər gizlənməyə çalışsam da ən vəfalı dostlar bu cür məsələlərdə yenə də diqqətli olmağı bacardılar…

Və millətin vəkili! Dəyərlimiz, ailə dostumuz, Milli Məclisin komitə sədri, jurnalist həmkarım Qənirə Paşayeva!

…Bizim ad günümüz olan dövrdə Milli Məclis yay tətilində idi. Deputatlar da bir qayda olaraq istirahətdə, müalicədə, kimisi də sadəcə səfərdə olduğu üçün təbii ki, bizim ad günümüzdən də xəbər tutmaq imkanları yox idi.

Yəni biz elə düşünürdük. Amma deyilmiş. Yenə də özünün fövqəladə diqqəti ilə seçilən Qənirə xanım bizim ikimizi də diqqətdə saxladığını bir daha göstərdi. Sadəcə ölkədə olmadığı üçün əli bizə çatmadı.

Və aradan bir müddət keçdi, sentyabrda Milli Məclis işinə başladı, deputatlar da geri döndü. Geri dönüncə də dəyərli Qənirə xanım bizimlə görüşmək istədiyini bildirdi.

Həvəslə, sevə-sevə görüşdük. Bu, sadəcə bir ad günü – yubiley yaşı təbriki olmadı. Eyni zamanda türk dünyasından tutmuş mədəniyyət və təhsil məsələlərinə, Azərbaycanın qlobal müstəvidəki haqq davasına qədər hər şey haqqında fikir mübadiləsi apardıq. Həmişə qaçaqaçda olan, sözün həqiqi mənasında durmadan, yorulmadan millətə xidmət edən çox dəyərli deputat, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, türk dünyasının səsi, eyni zamanda jurnalist həmkarım Qənirə xanım hər zamankı kimi enerji dolu görkəmi, işləmək şövqü, insanlara fayda vermək istəyi ilə qarşımızda idi. Nə gizlədim, bəzən onun bu qədər enerjili olmasına şəxsən özüm yaxşı mənada həsəd aparıram.

Qənirə Paşayeva Almaz Həsrətə Təbrik məktubunu təqdim edərkən
Qənirə Paşayeva Almaz Həsrətə Təbrik məktubunu təqdim edərkən

Qənirə xanım bizə – xanımım, Əməkdar müəllim və məktəb direktoru Almaz Həsrətə və mənə bu diqqəti əsirgəmədi. Açığı, diqqət göstərməsəydi də bizim ona sayğımız əsla azalmayacaqdı. Yaxud da onu qınayacaq halımız da yoxdu. Amma buna baxmayaraq o, bizə bu diqqəti göstərdi.

Qənirə xanım Almaz xanıma da, mənə də təbrik məktubu təqdim etdi. Bərabərində də çox dəyərli hədiyyələrlə bizi sevindirdi. Məktubların məzmununa nəzər salanda bir daha əmin olduq ki, hörmətli millət vəkilimiz sadəcə sıradan bir təbrik üçün bizimlə görüşməyib. O, yazdığı məktublarında bizim hər ikimizin öz sahəmizdə gördüyümüz işlər, əldə etdiyimiz uğurları ən xırda ayrıntılarına qədər təsvir edib. O məktublar bizim ailə arxivimizin ən dəyərli sənədləri arasında yer alacaq bundan sonra.

Qənirə Paşayeva Azər Həsrətə Təbrik məktubunu təqdim edərkən
Qənirə Paşayeva Azər Həsrətə Təbrik məktubunu təqdim edərkən

Dəyərlimiz Qənirə xanıma ailəlikcə təşəkkür edirik. Nə yaxşı ki, onun kimi qədir bilən insanlar var. Nə yaxşı ki, biz uzun illərdir Qənirə xanımla tanışıq, dostuq, ailəcə onun fəaliyyətini izləyir, uğurlarına ürəkdən sevinirik.

Çox sağ olun, Qənirə xanım. Bu diqqət və dəyəriniz bizim üçün fövqəladə əhəmiyyət daşıyır. Bir daha bilin ki, siz də bizim üçün olduqca dəyərlisiniz. Bir millət fədaisi, yorulmaz dava insanı, təmənnasız Vətən xidmətçisi kimi! Çox yaşayın, uğurlarınız bol olsun!

Qənirə Paşayevadan iki Əməkdara yüksək diqqət

Mission News Theme by Compete Themes.