Press "Enter" to skip to content

“Prodüserlərin yüksəlişi” təlim proqramının açılışı olub

Təlimdən görüntü

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin dəstəyi, Kino Agentliyi (ARKA) və Prodüserlər Gildiyasının təşkilatçılığı ilə “Prodüserlərin yüksəlişi” adlı təlim proqramı həyata keçirilir.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “təlimlər Avropanın ən qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimləri, tanınmış alman prodüserlər Martin Hagemann və Titus Kreyenberq tərəfindən təşkil olunur. Oktyabrın 9-da “Hyatt Regency Baku” hotelində təlim proqramın açılış mərasimi olub. Mərssimdə Prodüserlər Gildiyasının sədri Fikrin Bektaşi çıxış edərək layihə haqqında məlumat verib. Qeyd edib ki, proqramın məqsədi Azərbaycanda yeni nəsil prodüserləri hazırlamaqdır. Sonra prodüser Martin Hagemann təlimin strukturu barədə danışıb. Bildirib ki, 8 həftə davam edəcək təlimlərdə prodüser sənayesi, bu sahənin əsasları haqqında məlumat veriləcək. Prodüser Titus Kreyenberq isə təlimin əhəmiyyətindən bəhs edib. Çıxışlardan sonra təlim iştirakçıları ilə tanışlıq olub”.

Qeyd edək ki, təlim iştirakçıları üçün rəqabətədavamlı kino biznesinin yaradılması və idarə olunması, yerli və xarici maliyyə mənbələrinin film istehsalına cəlb edilməsi, filmlərin yerli və xarici satışının təşkili, eləcə də digər sahələr üzrə fundamental biliklərə yiyələnmək imkanı təqdim edir. Eyni zamanda iştirakçılar təlim müddətində müasir beynəlxalq standartlara cavab verən kino layihələrini hazırlamaq fürsəti də qazanacaqlar.

Proqramın sonunda iştirakçılara sertifikat veriləcək. Ən yaxşı kino layihələrinin müəllifləri isə fərqlənmə sertifikatı və ARKA-nın təşkil etdiyi film layihələri müsabiqələrində və digər layihələrdə güzəştli iştirak hüququ qazanacaqlar.

Təlimlər Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planının müvafiq yarımbəndinə əsasən təşkil olunur.

Mission News Theme by Compete Themes.