BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin rəhbərliyi ilə nümayəndə heyəti İspaniya Krallığına işgüzar səfər çərçivəsində beynəlxalq təşkilatlar və milli rəqabət qurumları ilə səmərəli görüşlər keçirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 24-də Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, “Beynəlxalq Rəqabət Şəbəkəsinin (ICN) 22-ci illik konfransı zamanı reallaşan görüşlərdə xarici dövlətlərin rəqabət qurumları ilə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, bu sahəni tənzimləyən qurumların fəaliyyətlərində yeniliklər və mill iqtisadiyyatlarda rəqabətin təşviqi istiqamətində müzakirələr aparılıb. Konfrans çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) Beynəlxalq Ticarət və Mallar üzrə Rəqabət və İstehlakçı Siyasətləri istiqamətinin rəhbəri TeresaMoreira ilə ikitərəfli görüş keçirilib, son illər Azərbaycanda rəqabət sahəsi üzrə aparılan institusional islahatlar, xüsusilə “Rəqabət Məcəlləsi” və “Dövlət satınalmaları haqqında” yeni Qanun barədə məlumat verilib. Görüşdə, həmçinin “Rəqabət Məcəlləsi”nin tətbiqi üzrə normativ aktların və təlimatların beynəlxalq təcrübəyə uyğun hazırlanması istiqamətində texniki dəstək, eyni zamanda Dövlət Xidmətinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlərin keçirilməsi və rəqabətin təşviqi sahəsində maarifləndirmə imkanları üzrə əməkdaşlığın qurulmasına dair razılıq əldə olunub”.
Məlumata görə, konfransın gedişatında Macarıstanın Rəqabət Qurumunun (GazdaságiVersenyhivatal) prezidenti Csaba Balazs Riqo ilə ikitərəfli görüş keçirilib. Tədbirdə həmçinin Dövlət Xidmətinin nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə ikitərəfli görüş keçirib. Görüşdə ölkədə rəqabət vəziyyətinin qiymətləndirilməsi üzrə əsas meyarlar, dövlət satınalmaları sahəsində saxtakarlıq və digər haqsız rəqabət formaları ilə mübarizə üsulları, həmçinin rəqabət təhlilləri metodologiyalarına dair əsas prinsiplər barədə məlumat verilib. Müzakirələr zamanı məhkəmə orqanları əməkdaşları üçün rəqabət hüququ sahəsində təlimlərin təşkili imkanları ilə yanaşı, tərəflər arasında digər mümkün qarşılıqlı əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Səfər çərçivəsində Özbəkistanın Rəqabətin Təşviqi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Şahruh Şərəhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüş olub. Görüşdə bir müddət öncə imzalanmış ölkələrarası Əməkdaşlıq haqqında protokoldan irəli gələn müddəalar və qarşıya qoyulan hədəflərə dair müzakirələr aparılıb: “Konfransın yekununda İngiltərənin Rəqabət Qurumunun (CMA) nümayəndəliyi ilə istehlak bazarına nəzarət sahəsində əməkdaşlıq imkanları, məsafədən satış və xidmətlər zamanı istehlakçıların üzləşdikləri problemlərin aradan qaldırılması, rəqəmsal bazarlarda rəqabətliliyin, ümumilikdə istehlakçı məmnunyyətinin təmin olunması istiqamətində təcrübə mübadiləsinə dair müzakirələr aparılıb”.