BAYRAQDAR MEDİA – 2023-2024-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 410 min nəfərədək şagird və 4 min 500-dən çox müəllimi əhatə edir. Cari tədris ilində layihəyə 110 minə yaxın məktəbli cəlb olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “layihə hazırda 53 şəhər və rayon olmaqla ümumilikdə 532 məktəbdə tətbiq edilir. Layihə çərçivəsində yeni tədris ilində 28 məktəbdə 10 və 11-ci siniflər üçün informatikayönümlü tədrisin aparılması məqsədilə “Rəqəmsal bacarıqlar” təmayül sinifləri yaradılıb. Sözügedən siniflərdə 700-dən çox şagird təhsil alır. Onlardan 580 nəfəri 10-cu sinif şagirdləridir”.
Sonra xəbərdə, “2021–2022-ci tədris ilindən layihə çərçivəsində informasiya texnologiyaları sahəsində təhsilini davam etdirmək istəyən 10-cu siniflər üçün informatika fənninin dərindən tədris olunduğu ixtisaslaşdırılmış siniflər açılıb. Bu siniflərdə informatika dərsləri həftədə 5 dəfə keçirilir. Dərs zamanı tələbələrə “Python”da alqoritmlər, verilənlərin strukturu, oyun dizaynı, veb-dizayn, 3D modelləşdirmə və şəhər dizaynı, robototexnika və kodlaşdırma kimi istiqamətlər tədris olunur” deyə bildirilir.
Qeyd edək ki, sözügedən layihə ETN-nin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə əməkdaşlığı çərçivəsində 2017–2018-ci tədris ilindən tətbiq edilir. Layihənin məqsədi şagirdlərə alqoritmik və məntiqi təfəkkür, layihə hazırlama bacarıqları, həmçinin proqramlaşdırmanın əsaslarını öyrətməkdir.