BAYRAQDAR MEDİA – Azərbaycan səhiyyə naziri Teymur Musayev Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyasında Fransa və Ermənistan nümayəndələrinin Azərbaycanın ünvanına səsləndirdikləri əsassız ittihamlara cavab verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “T.Musayev bildirib ki, Azərbaycanın suverenliyinin və konstitusiya quruluşunun bərpa olunması, ərazilərin qanunsuz erməni hərbi birləşmələrindən təmizlənməsi məqsədi ilə anti-terror mahiyyətli tədbirlər həyata keçirilib. Müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin Qarabağ regionuna bir sıra səfərləri olub. Bu səfərlərin nəticəsində hazırlanan hesabatlarda qeyd olunub ki, hər hansı bir mülki infrastruktura, o cümlədən məktəb və xəstəxanalara heç bir ziyan dəyməyib. Yerli əhali, onlara qarşı hər hansı bir zorakılıq, həmçinin mülki və kənd təsərrüfatı obyektlərinin dağıntısı faktlarının olmadığını missiyalara bildirib”.
Eyni zamanda vurğulanıb ki, UNICEF və Qırmızı Xaç Komitəsinin Ermənistan ofisinin də hesabatlarında bu məsələ əksini tapıb. Həmçinin Ermənistan Baş nazirinin 21 və 23 sentyabrda səsləndirdiyi bəyanatlarında mülki əhali üçün hər hansı bir təhlükə olmadığı bildirilib. Bütün bu faktlar bir daha sübut edir ki, Fransa və Ermənistan nümayəndələrinin səsləndirdikləri ittihamlar əsassızdır.