BAYRAQDAR MEDİA – Noyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinin Əbu-Dabi Milli Sərgi Mərkəzində bu il ikincisi təşkil olunan Qlobal Media Konqresinin açılışı olub.
Konqresin açılışı BƏƏ-nin milli himni ilə başlayıb. Sonra isə BƏƏ-nin Tolerantlıq və Birgəyaşayış nazirinin geniş çıxışı dinlənilib.
Tədbir “Rəqəmsal kommunikasiya”, “Süni intellekt”, “Qabaqcıl texnologiyalar və media sektorunda innovasiyalar” və s. mövzuları əhatə edir. Konqresdə jurnalistika, radio, televiziya, internet və sosial medianı əhatə edən mütəxəssislər çıxışlar ediblər.
Bildirək ki, keçən ilki tədbirdə Azərbaycandan AZƏRTAC öz stendi ilə iştirak etsə də bu il konfransda AMEA Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin əməkdaşları Xəyalə Məmmədli və Rövşən Məmmədli, Media İnkişaf Agentliyindən isə İlkin Nadirov iştirak edir.
X.Məmmədli konfrans haqda fikirlərini BAYRAQDAR MEDİA ilə bölüşüb: “Buraya gəlmişkən belə bir konqresdə iştirak etdiyimə görə çox şadam. Bu tədbir mənim üçün çox maraqlı idi. Konqres media sənayesi ilə bağlı xüsusi sessiyalarla ixtisaslaşmış tədbirdir. Burada dünyanın hər yerindən sənayedə yüksək səviyyəli mütəxəssislərin rəhbərlik etdiyi əsas mövzular əhatə edilir. Media mütəxəssisləri üçün ən son tendensiyalar və problemlər haqqında məlumatlar əldə etmək mümkündür. Biz burada Özbəkistan Xəbər Agentliyinin nümayəndəliyi ilə görüşdük, söhbət etdik. Çox xoş oldu”.
Qeyd edək ki, konqres noyabrın 16-dək davam edəcək.