Press "Enter" to skip to content

Tanınmış yazıçı əsərinə çəkilən serial haqqında danışdı

Rövşən Abdullaoğlu

Son yeniləmə: 1 Fevral 2024 19:56

Rövşən Abdullaoğlu: “Serialda insanlara təqdim edəcəyimiz personajların çatdırmaq istədiyi mövzular günümüzdə çox önəmli olan mövzulardır”

BAYRAQDAR MEDİA – Tanınmış azərbaycanlı yazıçı, psixoloq, “PEN America” yazıçılar birliyinin üzvü, “Qədim Qala” nəşriyyatının təsisçisi Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” əsəri əsasında serial çəkilir.

Artıq 27-ci nəşri ilə təkrar çap olunan “Bu şəhərdə kimsə yoxdur” əsəri və onun əsasında çəkilən serial haqqında müəllif BAYRAQDAR MEDİA-ya ətraflı məlumat verib: “Öncə onu deyim ki, “Bu şəhərdə kimsə yoxdur” əsəri mənim ilk romanımdır və 2016-2017-2018-ci illərdə yerli və xarici ədəbiyyat arasında ən çox satılan əsər seçilib. Hazırda da ən çox satılan kitablardandır. Daha sonra yazdığım “Relslər üzərinə uzanmış adam” romanım Amerikada Beynəlxalq kitab müsabiqəsinin qalibi olub və qızıl medala layiq görülüb. “Bu şəhərdə kimsə yoxdur” əsərinə film çəkilməsi təklifi bir neçə dəfə deyilmişdi, amma nəsə alınmamışdı. Hazırkı layihə həmin kitab əsasında çəkiləcək serialdır. Serial 40 bölümdən ibarət olacaq və iki sezona bölünəcək. Birinci sezonun adı “İş nömrə 999”, ikinci sezonun adı isə “Bu şəhərdə kimsə yoxdur” olacaq. Ancaq ümumi olaraq bu iki sezon bütünlüklə “Bu şəhərdə kimsə yoxdur” əsərinin əsasında çəkiləcək. Seriala ölkənin çox tanınmış aktyorları, Xalq artistləri, Əməkdar artistləri cəlb olunub. Serialın rejissoru isə Rüfət Şahbazovdur”.

Müəllif bildirib ki, serialın əsas süjeti həmin romandan götürülsə də, bir neçə əlavələr də olunub: “Serialın əsas süjeti “Bu şəhərdə kimsə yoxdur” əsərindəndir, amma bəzi əlavələr olunub. Bir də “İş nömrə 999” adlı növbəti bir əsərim var, həmin əsərdən də istifadə edib seriala əlavələr etmişəm. “Bu şəhərdə kimsə yoxdur” əsərində təsvir edilən hadisələrin bir hissəsi Livanda, bir hissəsi isə Amerikada cərəyan edir. Serialda isə əsəri Azərbaycana adaptasiya etmişəm. Çünki bu əsər olduğu kimi çəkilsəydi büdcəsi həddindən artıq çox olacaqdı. Ona görə də bizim əlimizdə olan büdcə ilə serialı çəkmək mümkün olmadı. Yəni oradakı yerləri, məkanları, tamlığı ilə vermək alınmadı, bunun üçün də biz əsəri Azərbaycana adaptasiya etdik, serialda hadisələr Azərbaycanda cərəyan edəcək. Biz personajların adını dəyişdik, xarakterlərini, xasiyyətlərini və aktyorların ümumi tipini ölkə mədəniyyətinə uyğunlaşdırdıq. Yəni serialda azərbaycanlı personajlar yer alacaq. Ancaq ümumi olaraq süjeti, təsirli səhnələri və ötürülən hansısa əsas mesajları hamısını saxlamışıq”.

R.Abdullaoğlu serialın insanlara çatdırmaq istədiyi fikirlərdən də danışıb: “Serialda qabardılan mövzular ailə mövzularıdır. İnsanlara çatdırmaq istədiyimiz sosial, psixoloji mesajlar var. Həmçinin insanlara təqdim edəcəyimiz personajların çatdırmaq istədiyi mövzular günümüzdə çox önəmli olan mövzulardır. Habelə, serialın ailə dramı, kriminal tərəfi, psixoloji triller tərəfi var, idman səhnələri var, eləcə də serialda insanlara motivasiya var”.

Qeyd edək ki, serial təxminən fevralın sonlarında yayımlanmağa başlayacaq.

Mission News Theme by Compete Themes.