Press "Enter" to skip to content

ABŞ və Avropadan Azərbaycana izahat – DƏYƏRLƏNDİRMƏ

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – Gedən proseslər Azərbaycanın gücünü növbəti dəfə təsdiqləyir. Aprelin 5-də Brüsseldə ABŞ, Avropa Birliyi və Ermənistanın keçirəcəyi üçlü görüşlə bağlı deyirəm.

…Bir müddətdir sözügedən üçlünün görüşü müzakirə edilir. Azərbaycanı narahat edən odur ki, bu görüşün sonunda Ermənistana hərbi dəstək verilməsi ilə bağlı qərar qəbul edilə bilər. Belə olanda, təbii, Azərbaycan biganə qala bilməz və məsələyə mütləq öz mövqeyini bildirməli idi.

Bildirdi də. Azərbaycan açıq mətnlə ABŞ və Avropa Birliyinə izah etdi ki, Ermənistanla sülh müqaviləsi bağlanmadığı, hələ həllini gözləyən məsələlər qaldığı şəraitdə belə addım atmaq olmaz!

Azərbaycanın arqumentləri o qədər tutarlı oldu ki, həm ABŞ, həm də Avropa Birliyi izahat verməyə zərurət duydu. Bəli, məhz belə! Azərbaycan Prezidentinə edilən zənglər izahat xarakterli idi. Hətta deyərdim ki, Azərbaycandan icazə xarakterli idi o zənglər!

Əvvəlcə ABŞ Dövlət katibi Entoni Blinken zəng etdi. Bu haqda xəbər vermişdik. O, Prezident İlham Əliyevə zəngində ayrıntıları ilə izahat verdi ki, bu üçlü görüşmə Azərbaycana qarşı yönəlməyib, Ermənistanı silahlandırmaq kimi bir istək də yoxdur.

ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edib

Olsun. Biz nə deyirik ki? Biz deyirik ki, Ermənistanla istənilən dövlətin rəsmisi görüşə, müzakirə apara bilər. Amma bu müzakirələr ümumilikdə Güney Qafqazı əhatə edəcəksə, yaxud bu və ya digər şəkildə həm də Azərbaycana dəxli olacaqsa, təbii, Bakının da fikri öyrənilməlidir. O baxımdan Azərbaycanın narahatlığı başa düşüləndir və ABŞ Dövlət katibinin izahata zərurət duyması da bu baxımdan təqdir edilməlidir.

Entoni Blinkendən bir gün sonra Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen zəng etdi. O da eyni qaydada izahat verirmiş kimi bildirdi ki, Ermənistanla keçiriləcək bu görüş Azərbaycana qarşı yönəlməyib.

Avropa Komissiyasının Prezidenti İlham Əliyevə zəng edib

Bu da olsun. Əsas odur ki, Azərbaycanın narahatlığı diqqətə alındı. İndi prosesi izləyəcəyik, görsək ki, edilən zənglər sadəcə nəzakət xatirinədir, ona uyğun da davranacağıq. Amma belə qənaətə gəlmək olar ki, zənglər baş aldatmaq üçün deyil, doğrudan da Azərbaycanın, Prezident İlham Əliyevin qətiyyətli mövqeyini nəzərə aldıqlarını göstərmək üçündür.

Bir də qardaş Türkiyənin bu məsələdə Azərbaycanla eyni mövqedən çıxış etməsini ayrıca qeyd etmək lazımdır. Bəllidir ki, NATO üzvü olan və Qərb seqmentində böyük proseslərdə sözü keçən, mövqeyi nəzərə alınan qardaş ölkənin Azərbaycanla bərabər mövqedən çıxış etməsi hər şeydən öncə ABŞ üçün bir siqnaldır. Yəni ABŞ həm də öz müttəfiqi Türkiyənin mövqeyi ilə hesablaşmaq zorundadır.

Avropa Birliyi də Türkiyə ilə mütləq hesablaşmağa məcburdur. Çünki bir çox məsələlərdə bu ölkə Avropa Birliyinə öz mövqeyini diktə edəcək gücdədir. Nə olsun ki, qardaş ölkə AB üzvü deyil? Əsas odur ki, bu 27 Avropa dövlətini birləşdirən Birliyə sözünü demək üçün yetərincə imkanlara malikdir qardaş ölkə.

Bir də Rusiyanın Azərbaycanla eyni mövqedən çıxış edərək narahatlıq ifada etdiyi xəbəri gəlir.

…Ümumi mənzərə bundan ibarətdir ki, ilkin mərhələdə Azərbaycanı hesaba almadan Ermənistanla üçlü görüş keçirmək istəyən ABŞ və AB bir neçə günün içində izahat verməyə, məsləhətləşməyə zərurət duymalı oldu. Bu isə bir daha ondan xəbər verir ki, dövlətimiz qlobal səviyyədə hesablaşılacaq gücə sahibdir. Əks təqdirdə nə ABŞ Dövlət katibi, nə də AB Prezidenti zəng edər, izahat verərdi.

Azərbaycanın bu yerlərə gəlməsi, bu səviyyəyə yüksəlməsi heç şübhəsiz dövlətin rəhbəri, millətin lideri, mümkünsüzü mümkün edib uzun illər Ermənistanın işğalı altında qalmış torpaqları cəmi 44 günlük savaşla azad etməyi bacarmış Müzəffər Ali Baş Komandan İlham Əliyevin həm də bir diplomat kimi uğurlu fəaliyyətinin nəticəsidir. Şanslıyıq bu baxımdan, çox şanslı.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.