Türk əsilli 4 Bolqarıstan vətəndaşının həyatını itirdiyi hadisə ilə bağlı
BAYRAQDAR MEDİA – Türk əsilli 4 Bolqarıstan vətəndaşının həyatını itirdiyi hadisə ilə bağlı Xarici İşlər Nazirliyi araşdırmalar aparır.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “Xarici İşlər Nazirliyi martın 25-də Almaniyanın Solingen şəhərində baş verən böyük yanğında 4 türk əsilli Bolqarıstan vətəndaşının həyatını itirdiyi, daha 3 nəfərin isə yaralandığı hadisə ilə bağlı ilk məlumatı aldığı andan fəaliyyətə başlayıb”.
Məlumata əsasən, bununla bağlı bəyanat DPS-nin həmsədri Delyan Peevskinin “Bolqarıstan dövlətinin bu faciəyə biganə qalması” ilə bağlı tənqidindən sonra verilib.
Bolqarıstan administrasiyaları, böyük ehtimalla qəsdən yanğın törədilməsi nəticəsində baş verdiyi bildirilən hadisə ilə bağlı məsələlərin aydınlaşdırılması üçün Almaniya tərəfi ilə daim əlaqə saxlayır.
Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, hadisəni araşdıran prokuror Heribert Kalune Gebhart bildirib ki, indiki mərhələdə hadisənin ksenofobiya nəticəsində baş verdiyini göstərən heç bir məlumat yoxdur.
Bolqarıstan səfirliyi xəsarət alanların, o cümlədən uşaqlı gənc ailənin vəziyyətini izləyir. Zəruri dəstəyin göstərilməsi üçün yaralıların növbəti həftə Bolqarıstan konsulu tərəfindən ziyarət edilməsinə icazə veriləcəyi gözlənilir.